Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Paytaxtda əhalinin sağlamlığı təhlükədə… – ŞƏRH

Paytaxtda əhalinin sağlamlığı təhlükədə… – ŞƏRH

Bakıda ekoloji çirklənmənin yüksək həddə olması artıq heç kimə sirr deyil. Atmosferə  atılan tullantıların böyük hissəsi avtonəqliyyatın payına düşürsə, bir qismi də sənaye müəssisələrinin, xüsusən də neft-kimya, kimya, əlvan və qara metallurgiya müəssisələrindən çıxan tuallantıların payına düşür.

Havanı əsas çirkləndirən zəhərli maddələr kükürd dioksidi, azot və karbon oksidləri, sənaye tozudur. Bütün bunlar isə paytaxt  əhalisinin sağlamlığına mənfi təsir göstərir. Bakının ən böyük problemi hələ də milyonlarla insanın yaşadığı şəhərdə neft emalı müəssisəsinin qalmasıdır. Vaxtaşırı havaya yayılan kəskin qaz qoxusu da insanları narahat edir, bu qoxular bəzən günlərlə havada qalır. Ən acınacaqlısı isə odur ki, neft emal edilən ərazilərin yaxınlığındakı sahələr insanlara satılıb və orada fərdi yaşayış evləri tikərək yaşayanlar var.

Ən çox problem yaradan isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tullantılarıdır. Hər gün bu zavoddan səmaya buraxılan qara tüstünü müşahidə etmək mümkündür. Zavodun fəaliyyəti köhnə texnologiyalara əsaslanır. Bu səbəbdən havanın çirklənmə əmsalı müasir texnologiyalar əsasında qurulan neftayırma zavodlarına nisbətən dəfələrlə yüksəkdir. Tullantılar əsasən gecə saatlarında havaya buraxılır və vəziyyət o həddə çatır ki, ətrafda yaşayan insanlar nəfəs ala bilmir. Xatırladaq ki, Bakı Neft Emalı Zavodunda texnoloji proseslərin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu və tüstünün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə cərimələnib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı özünün zavodun yerləşdiyi ərazinin yaxınlığında yaşadığını və  bu problemdən ciddi əziyyət çəkdiyini vurğuladı: “Mən bu barədə dəfələrlə danışmışam. Neft emalı zavodu ətraf mühitə çox ciddi ziyan vurur. Bizim evimiz də UPD adlanan ərazidədir. Bura neft emalı zavodunun aşağı hissəsində yerləşir. Həmin  zavodla əlaqədar noyabr ayında biz məsələ qaldırdıq. Bu ərazidə bir çox MMC-lər var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bildirdi ki, zavodun  3 saylı istehsalat sahəsində olan katalitik riforminq  qurğusunda texnoloji proses pozulub. Bu isə ətrafa çox böyük ziyan verir. Ətraf mühitə atılan tullantılar əsasən gecə saat 4:00 ilə 7:00 arasında baş verir. Bu zaman ətrafa həddindən artıq kəskin qoxu yayılır. Biz Ekologiya Nazirliyinə təklif etdik ki, təkcə zavodu deyil, konkret şəxsləri də cərimələsinlər. Zavodun özünə 2500 manat cərimə tətbiq olunub, bir dəfə 3500 manat, sonra yenə 3000 manat cərimə olunub. Ümumilikdə 16 min manata yaxın cərimə edilib. Zavoda qarşı məhkəmə iddiası da qaldırılıb, İnzibati Xətalar Məcəlləsinin 233.1-ci, 233.2, 264.0.1 maddələri ilə cinayət işi qaldırılıb. Bütün bunlar ötən ilin noyabr ayında baş verib. Hamısı da bizim müraciətimizdən sonra olub”.

M.Qəhrəmanlının sözlərinə görə, o ətrafda yaşayan insanların əksəriyyəti ürək çatışmazlığı və xərçəng xəstəliklərindən vəfat edir: “Qəsəbəmizdə keçirdiyimiz sorğulardan və apardığımız araşdırmadan məlum oldu ki, orada ən çox xərçəng xəstəliyindən ölüm halları baş verir, bir də ürək xəstəlikləri kəskin yayılıb. Çox təəccüblü bir hal da odur ki, 3 yaşına kimi uşaqlarda birdən-birə qusma, qızdırma halları müşahidə olunur. Həkimə apardıqda isə onlar bunun virus olduğunu deyirlər, lakin nə virus olduğunu tapa bilmirlər”.

Təşkilat sədri məlum ərazilərdən əhalinin köçürülməsini vacib hesab edir: “Bu köçürülmə məsələsi mənim də ağrılı yerimdir. Həm Balaxanı neft ərazisində, həm Bibiheybət neft ərazisində, həm də UPD və NZS tərəflərdə əhalinin köçürülməsinin vacibliyini qeyd etmişdim. Bu ərazilərdən əhalinin köçürülməsi çox vacib problemdir. Ona görə ki, orada uşaq bağçası da, məktəb də var. Lakin bu zavodlar tikiləndə həmin ərazi yaşayış məskəni olmayıb. Zavod tikilərkən ora boş sahə idi. O zaman yeni neft emalı zavodu idi, müasir avadanlıqlar var idi. Daha sonra yaşayış evləri tikildi, əhali sıx məskunlaşdı, zavod bu evlərin arasında qaldı. Hətta 10-15 il əvvəl o ərazidə böyük yanğın olmuşdu. Çünki evlərin bəziləri benzin kəmərlərinin üstündə tikilmişdi, insanlar kəmərləri deşib benzin çıxarıb satırdılar. Sonra yanğın oldu və əhalinin bir qismini köçürdülər. Bu məsələni həm Səhiyyə Nazirliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi qaldırmalıdır”. 

Bütövlükdə Bakının ekoloji vəziyyətinin sağlamlaşdırılmasına gəlincə, Mirvari Qəhrəmanlı nə qədər ağır proses olsa da, zavodun köçürülməsinin daha məqsədəuyğun olduğunu qeyd etdi: “İki yolu var, ya zavod köçürülməlidir, ya da əhali. Zavodun köçürülməsi bir qədər çətin proses olduğundan, əhalinin köçürülməsi daha tez ola bilər. Nobel prospekti tərəfdə yeni neftayırma zavodu var. Əhali iki təhlükəli zavodun arasında qalıb. Bizim paltarlarımızdan da bu  qoxu gəlir. Nə qədər cərimələr olsa da texnoloji prosesin pozulması, emal edilən neftin keyfiyyəti və sair hamısı ekologiyaya təsir edir. Zavodla üzbəüz insanlar yaşayır, sağı və solu məskunlaşıb. Ümumilikdə Bakı şəhərinin ekoloji vəziyyətinin düzəlməsi üçün zavodun da köçürülməsinə ehtiyac var. Bu zavodun tullantıları çox zəhərlidir. Nizami və Xətai rayonları çox böyük ekoloji çirklənmədən əziyyət çəkir. Hökumət üçün hansı variant daha əlverişlidirsə, onu etməlidir, ya əhali, ya da zavod köçürülməlidir. Ancaq Nizami rayonu  çox böyük rayondur, çoxmərtəbəli binalar var. Zavodun köçürülməsi çətin olsa da, daha məqsədəuyğundur. Bir vaxtlar zavodun Lökbatana köçürülməsi məsələsi var idi. Yenə də hökumət bu barədə düşünməlidir, Energetik Nazirliyi bu məsələnin üzərində çalışmalıdır”.

Qeyd edək ki, 2009-cu ildə prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə yeni Neft, Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası ilə bağlı komissiya yaradıldı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hazırlanmış təkliflər paketini hökumət təsdiqlədi. Yeni kompleksin 2018-2020-ci illərdə istifadəyə verilməsi nəzərdə tutulurdu. Kompleksin tərkibinə qaz emalı zavodu (ildə 10 mlrd. kubmetr istehsal gücü), neft emalı zavodu (ildə 10 mln. ton istehsal gücü), neft kimya zavodu (ildə 1,8 mln. ton hazır məhsul), enerji bloku və s. yardımçı infrastruktur daxil olacaqdı. Kompleksin istismara verilməsi ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə köhnə istehsal güclərinin istismardan çıxarılması nəzərdə tutulurdu. Lakin müəyyən səbəblərdən layihə baş tutmadı. Neftin dünya bazar qiymətinin ucuzlaşması bu layihənin qrafikinə ciddi təsir göstərdi. İndi bu kompleksin 2032-ci ildə istismara verilməsi gözlənilir. Lakin sözügedən zavodlara da milyardlarla manat vəsait qoyularaq  modernizasiya işlərinin aparılması nəzərdə tutulur ki, bu prosesdən sonra onun köçürülməsi sual altına düşür. (Musavat.com)

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …