Ana səhifə / Sosial / Paytaxt meriyasının layihəsinə Nəsimi rayonu da qoşuldu

Paytaxt meriyasının layihəsinə Nəsimi rayonu da qoşuldu

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası Nərimanov və Nizami rayonunda uğurla həyata keçirilir.

Aprelin 1-dən Nəsimi rayonu da bu layihəyə qoşulacaqdır. Bununla əlaqədar ilk növbədə Nəsimi rayonu ərazisində 386 ədəd konteyner meydançası yaradılaraq yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub. Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.

Məlumat üçün bildiririk ki, ətraf mühitin qorunmasında vacib olan bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə dövlət büdcəsindən ayırılmış vəsait hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələrinin və mexanizmlərin alınması davam edir. Artıq 57 ədəd belə texnika alınaraq kommunal xidmətlərin istifadəsinə verilib.

Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.

Həmçinin oxuyun

Ağdam sakini minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif …