Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Parlament işinə başladı, deputatlardan ilginc çıxışlar

Parlament işinə başladı, deputatlardan ilginc çıxışlar

Elmira Axundova: “Çox xahiş edirəm ki, Heydər Əliyevin imzalarını maşının kapot, qapı və şüşəsindən yığışdıraq!” Çingiz Qənizadə: “Dedim bu, kolxoz arabasıdır, yoxsa təyyarədir, necə yəni arxada yük yığılır?”

 
Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Birinci vitse-spiker Ziyafət Əsgərov gündəlikdəki ilk məsələ –  “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər barədə məlumat verdi. 
Vitsü-spiker dedi ki, dəyişikliklər korrupsiya haqqında müvafiq dövlət orqanlarına məlumat verilməsi və bu barədə məlumat verən şəxslərin təhlükəsizliyinin qorunması ilə əlaqədardır. “Bu məlumatın konfidensiallığı saxlanılır və yayıla bilməz. Ancaq əgər həmin şəxs istərsə, bu barədə məlumat yayıla bilər”-Z.Əsgərov əlavə etdi. Qanuna edilən dəyişikliklərə əsasən, korrupsiya faktı barədə məlumat verən şəxsin təhlükəsizliyi qorunacaq.  Ancaq müdafilə olunsa ki, hansısa qurumda korrupsiya faktları ilə bağlı məlumat verən şəxsin bu məlumatları özünün şəxsi məqsədləri ilə əlaqədar verdiyi müəyyən olunsa, onda o şəxsin təhlükəsizliyi dövlət tərəfindən müdafiə olunmayacaq.
Deputat Elmira Axundova dedi ki, hazırda insanlar korrupsiya faktı ilə rastlaşdıqda birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumat vermək hüququna malikdir: “Ancaq dəyişikliklərdən belə aydın olur ki, həmin şəxslər əvvəl struktur bölməyə, qane etməsə, idarəyə müraciət edəcək. Bu da faktlarla bağlı operativ şəkildə tədbir görməyi mümkünsüz edir. Bilmək istəyirəm, bununla biz bürokratik əngəllər yaranmayacaqmı? Yaxud həmin qurumların rəhbərləri korrupsiya faktlarını ört-basdır etməyəcəkmi?”
E.Axundova digər bir məsələyə də toxunaraq əlavə etdi ki, son zamanlar xoşagəlməz tendensiya əmələ gəlib: “Dövlət himninin, Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərinin zəng əvəzinə telefonlara qoyulmasına şahid oluruq. Həmçinin Heydər Əliyevin şəkli avtomobillərin arxa şüşələrinə vurulur. Çox xahiş edirəm ki, Heydər Əliyevin imzalarını maşının kapot, qapı və şüşəsindən yığışdıraq! Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Onun xatirəsini əziz tuturam. Amma mən nə onun səsini telefonuma yazdıracağam, nə də maşınımın kapotuna imzasını yazacağam. Xahiş edirəm müvafiq orqanlar bu məsələ ilə bağlı ciddi tədbir görsünlər”.
Deputat Qüdrət Həsənquliyev dedi ki, qanun layihəsinə “müdafiə etməyəcəyik” ifadəsinə ehtiyac yoxdur: “Bir çox orqanlar bu faktların kənara çıxmasına maraqlı olmayacaq. Mən inanmıram ki, müəssisədə aşkar olunan korrupsiya faktları barədə məlumat verən şəxsin kimliyi məxfi qalsın. Ona görə də bununla bağlı maddəyə ehtiyac yoxdur”. Q.Həsənquliyev dedi ki, idarə və müəssisələrdə yeni strukturun yaradılması xərclərin artırılması baxımından mövcud vəziyyətə uyğun deyil.
Deputat Fərəc Quliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prezidentə tabe etdirilməsini zəruri saydı.
Deputat Siyavuş Novruzov dedi ki, dünyanın bir sıra ölkələrində korrupsiya halları ilə bağlı xəbər verməyənlərlə bağlı məsuliyyət nəzərdə tutulur. “Olur ki, bəziləri yalan məlumat verir. Biri icra başçısı, ya idarə, müəssisə rəhbəri ilə yola getmir, yalan məlumat ötürür. Məsuliyyət nəzərdə tutulmalıdır ki, keçmişdəki kimi BMT-dən üzü bəri yazmasınlar. O zaman anonim məktublar yazırdılar ki, kimdənsə nəsə qopartsın. Həm anonimlik məsələsi ortadan qalxmalıdır, həm də məlumat verən şəxsin təhlükəsizliyi tam təmin olunsun. Hətta məsuliyyət məsələsi ağırlaşdırılmalıdır ki, məlumat verən şəxsin təhlükəsizliyi qorunsun”.
Deputat Çingiz Qənizadə ölkə prezidentinin 2012-ci ildə korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atıldığını təqdirəlayiq hal adlandırdı. “Mən bu qanunun qəbulunun əleyhinə deyiləm, işləyib-işləməyəcəyini gələcək göstərəcək”-deyən Ç.Qənizadə bəzi məsələlərə aydınlıq gətirilməsini istədi. Dedi ki, verilən məlumat əsasında araşdırma aparan şəxsin hansı ixtisasın sahibi olması önəmlidir: “Həmin şəxs araşdırıb dəqiqləşdirə biləcəkmi ki, bu, rüşvətdir, yoxsa korrupsiyadır”.
Ç.Qənizadə AZAL vasitəsilə İstanbula uçarkən ondan əlavə 30 dollar pul istənildiyini dedi: “Gah yeməyə, gah ərzağa, gah qabaqda oturmağa görə əlavə pul istənilir. Prezident vətəndaşların rahatlığı üçün qərarlar verir, amma AZAL-da belə bir durum yaradılır. Təsəvvür edin, stüardessa sərnişinə deyir ki, sən qabaqda otur, arxaya yük yığılacaq. Çağırdım onu, dedim bu, kolxoz arabasıdır, yoxsa təyyarədir, necə yəni arxada yük yığılır? Bu, dilənçilikdir. 15 biznes-klass boş gedib-gəlir. Amma digər yerlər üçün əlavə pul tələb edirlər.  Biz əcnəbiləri, turistləri dəvət edirik, amam AZAL-da bu cür insanları incidirlər”. Ç.Qənizadə spikeri məsələyə müdaxilə etməyə çağırdı.
Oqtay Əsədov isə “sən bunları gəlib mənə deyə bilərdin. Amma burda danışdın, mən də sözünü kəsmədim. Hər birimiz başımıza gələnləri danışsaq, gərək burda qalaq”-deyə, reaksiya verdi.
Qanun layihəsi barədə sualları cavablandıran Z.Əsgərov dedi qanuna əsasən anonim şikayətlərə baxılmır. Bundan sonra dəyişikliklər təsdiqləndi.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın