Bazar , Avqust 18 2019
Ana səhifə / Sosial / Parlament “Hərbi vəziyyət haqqında” qanun layihəsini qəbul etdi

Parlament “Hərbi vəziyyət haqqında” qanun layihəsini qəbul etdi

Deputatlar işğala son qoyulması üçün düşmənə 1 il vaxt verilməsini təklif etdilər; hərbi vəziyyət şəraitində seçkilərin təxirə salınması ilə bağlı müddəa müzakirələrə səbəb oldu

Fevralın 14-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin təsdiqindən sonra cari məsələlərə ayrılan vaxtda çıxış edən deputat Azay Quliyev söz alıb Fransa prezidenti Fransua Ollandın ermənipərəst mövqeyinə etirazını bildirdi.
A.Quliyev qeyd etdi ki, Fransa prezidenti son bəyanatı ilə Ermənistanın işğalçı rejiminə və işğalçılıq siyasətinə dəstək verib: “Heç kim düşünməsin ki, hakimiyyətinin sonuna iki ay qalmış Olandın bu bəyanatı sadəcə ermənilərin könlünü almaqdan ibarətdir. Bu, heç də belə deyil.

Son illər Azərbaycanın işğal olunmuş ərazilərinə ən çox qanunsuz səfərlər edən, separatçılarla ən çox əlaqələr quran məhz Fransadır. Ona görə də Fransanın bu hərəkətləri, həmçinin Fransa prezidentinin bu mövqeyi casvabsız qalmamalıdır. Hətta Fransa prezidenti belə bir situasiyada prezidentlərin görüşünün təşkil edilməsi barədə bəyanatla çıxış edir. Bizim diplomatik korpusun nümayəndələri və XİN Fransaya öz etirazını bildirməli və Fransaya etiraz notası verilməlidir”. Spiker dedi ki, Fransa prezidentinin çıxışı tam olaraq verilməyib, erməni mediası tərəfindən təhrif edilib. Dedi ki, Səməd Seyidova bu çıxışla bağlı araşdırma aparmaq tapşırığı verib. Amma bununla belə, o, A.Quliyevin mövqeyi ilə razılaşdığını bildirdi.
Deputat Fazil Mustafa da bu məsələdən bəhs etdi: “Bəlkə Fransa rəhbərliyinə müraciət edək ki, əgər ikinci bir erməni dövlətinin qurulmasını istəyirsinizsə, onda öz ərazinizdə ermənilər üçün yer ayırın. Biz də onların təhlükəsiz şəkildə Fransaya, başqa ölkələrə köçürülməsinə şərait yarada bilərik”. F.Mustafa dedi ki, erməni təbliğatını alt-üst etmək üçün ermənilərin xristianlara, o cümlədən yəhudilərə qarşı törətdikləri qırğınlarla bağlı materialları dünyada yaymağımız lazımdır.
Deputat Səməd Seyidov Azərbaycan və Ermənistanı Rusiyanın quberniyasına çevirmək istəyən Vladimir Jirinovskinin çıxışına diqqət çəkdi: “Əslində başqa vaxt olsaydı, bu sözlərə heç fikir vermək düzgün deyildi. Lakin Xocalı soyqırımının 25 illiyi ərəfəsində mən bunu edə bilmərəm. Ümummilli liderimiz ”Azərbaycanın müstəqilliyi dnməzdir, əbədidir və sarsılmazdır” deyib. Bu, şüar deyil. Bu, bizim qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımız, şəhidlərimiz, Çingiz Qurbanov, Mübarizimizdir. O ki qaldı quberniya məsələsinə, əslində İrəvan bu statusa tam uyğun gəlir. Lakin Rusiyanın yox, Azərbaycanın quberniyası olaraq. Ermənistan qondarma bir dövlətdir, 95 faiz əhalini həmişə azərbaycanlılar təşkil edib. Ona görə də İrəvanın rəhbərliyi istərsə, qoy Azərbaycanın ayrılmaz hissəsi olsun”. Bundan sonra S.Seyidov çıxşını rusca davam etdirdi və Jirinovskiyə şeirlə cavab verdi. Parlament onun çxışını alqışlarla qarşıladı.
Deputat Əli Məsimli dolların ucuzlaşması şəraitində gündəlik istehlak mallarının bahalaşmasının anlaşılmaz olduğunu vurğuladı: “Axı nəyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır? Bu işbazlar vətəndaşın pensiyasının və əmək haqqının müəyyən dərəcədə artdığını bilərək, qiymətləri qaldırmaqla o artımı onların əlindən alır. Buna yol vermək olmaz! Əgər aidiyyəti qurumlar müdrikcəsinə bu prosesə susaraq, hansısa addımlar atmırlarsa, deməli, onlarla bu məsuliyyəti bölüşürlər, həmin işbazların əməllərinin iştirakçısına çevrilmiş olurlar”.
Deputat Fərəc Quliyev də Əli Məsimlinin təklifini dəstəkləyərək bildirdi ki, aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşmalı, qiymətlərin süni artımının qarşısını almalıdır: “Süni şəkildə bazarda qiymətləri artıranlara qarşı mübarizə sərtləşməlidir. Camaatın alıcılıq qabiliyyəti çox aşağıdır. Əslində bu, narazılıq yaratmaqdır. Müvafiq strukturlar bu sahədə qətiyyətli tədbir görməlidir”.
Deputat Aydın Mirzəzadə son günlərin ən aktual mövzusundan bəhs etdi: “Aleksandr Lapşin 3 ölkənin vətəndaşı olsa da, Ermənistan dövləti öz siyasətini bu şəxs ətrafında qurmağa çalışır. Sual olunur, nəyə görə Lapşinin həbsi Ermənistanı bu dərəcədə narahat edir? Bəlkə Lapşin 3 yox, 4 ölkənin vətəndaşıdır?” O dedi ki, İrəvanın bloggeri müdafiəsi səbəbsiz deyil: “Lapşinin ərazilərimizə qeyri-qanuni səfərlərindən sonra yazdıqlarında Ermənistanın kəşfiyyat orqanlarının dəst-xətti hiss olunurdu”.

A.Mirzəzadə deyib ki, Bakı A.Lapşinlə bağlı güzəştə getməyəcək, o, Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Deputat Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına cəhd göstərənlərdən də danışdı: “Azərbaycan dövləti yarandıqdan bir gün sonra onun tarixi ərazisi olan İrəvan şəhəri 100 illiyə ermənilərə icarəyə verildi”.
YAP-ın icra katibi, deputat Siyavuş Novruzov isə Ermənistandan sığınacaq istəyən Azərbaycan vətəndaşı Şahin Mirzəyevdən bəhs edərkən ilginc iddia ilə çıxış etdi: “Onun ailə üzvləri də buna kəskin şəkildə öz münasibətini bildirib. Mən xatırlayıram, bir neçə il öncə, prezident seçkiləri zamanı həmin şəxs Milli Şuranın böyük ruporlarından və onların namizədinin təbliğatçılarından biri idi. Görün Milli Şurada kimlər təmsil olunub və onları kimlər dəstəkləyib. Kimlərin satqın olduğu aydın görünür. Baxın, satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüb. Onların ətrafında olanlar bu gün Ermənistan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı bizim mübarizəmiz qətiyyətli olmalıdır”.
Bundan sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin illik fəaliyyətinə dair məruzəni təqdim etdi. Məruzədə bildirilir ki, 2016-cı ildə vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə əlaqədardır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların aralarında olub. Müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi başlanıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib”. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məruzə ətrafında danışarkən dedi ki, komitə iclasında illik məruzə ilə bağlı təkliflər verilib, bəzi tənqidlər səslənib: “Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz!” Komitə sədri məruzə ətrafında geniş danışmaq istəmədiyini də qeyd edib: “Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman!”
Deputat Elmira Axundova dedi ki, şikayətlərin böyük hissəsi reallığı əks etdirmir və çox vaxt qanunvericiliyi bilməməsindən irəli gəlir: “Öz deputatlıq təcrübəmdə də mən bunu görürəm”.
Deputat Qənirə Paşayeva bələdiyyələrin fəaliyyətindəki problemlərdən danışdı: “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın hesabatında bələdiyyələrin fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində ikinci yerdə dövlət mülkiyyəti olan torpaqlar üzərində sərəncam verilməsi, üçüncüsü isə kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsidir dayanır. Demək ki, hələ bələdiyyələrin bir çoxu mülkiyyətlərində hansı torpaqların olub-olmamasını bilmir. Bu çox mənfi haldır. Yox, əgər bilərəkdən bu addımları atıblarsa, bu daha dəhşətlidir. Ona görə də bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda belə vəziyyətdə vətəndaşın hüquqlarının müdafiəsinə daha böyük diqqət yetirmək lazımdır”.
Deputat Siyavuş Novruzov isə bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır. Onun sözlərinə görə, kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür.
Deputat Adil Əliyev bələdiyyələrin fəaliyyətindən danışarkən dedi ki, Bakının rayonlarında bir çox təşkilatların binaları var və onlarda kommunal xidmətlər yoxdur: “İcra hakimiyyətləri deyir ki, bura xüsusi təyinatlı binalardır. Komendantlar isə camaatı soyur, ancaq pul yığırlar. Bu quldurluğa son qoyulmalıdır. Yaxşı olar ki, həmin binaların problemlərini bələdiyyələr həll etsin. Bununla həm də bələdiyyələrin işi olar”.
Deputat Fəzail İbrahimli bələdiyyədən çox ona nəzarət edən inzibati orqana etiraz edib: “Təbii ki, nəzarət məsələsi Ədliyyə Nazirliyinin səlahiyyətində qalmalıdır. Amma inzibati sözü seçkili orqana heç cür uyğun gəlmir. Seçkili orqana necə inzibati nəzarət etmək olar? Bu söz qətiyyən işlədilməməlidir. Onda gəlin Milli Məclisə də inzibati nəzarəti həyata keçirən orqan təyin edək”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə həmkarının fikrinə reaksiya verdi: “Fəzail müəllim, mən bilmirəm ki, sizin nəyə görə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də elə inzibati olmalıdır. Çünki bu, konstitusiyada yazılıb. Nazirlik isə səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirir. Məgər bələdiyyə üzvünün maariflənməsi pisdir ki? Elə bunun adı inzibati nəzarət də olmalıdır”.
Sonda məruzə qəbul olundu.
Parlament Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik etdi. Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək. Bu barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov xatırlatdı ki, hazırda bu müddət 1 ildən 10 ilə qədərdir.
Daha sonra Milli Məclis “Hərbi vəziyyət haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxardı.
Deputat Tahir Kərimli çıxışında bildirdi ki, Milli Məclis Qarabağ məsələsi ilə bağl prezidentlə məsuliyyəti bölüşməlidir və işğala son qoyulması üçün parlamentin qərarı ilə 1 il vaxt qoyulmalıdır: “Çünki ATƏT-in Minsk Qrupu yaradılanda işğala son qoyulması prinsipinə əməl olunacağı bəyan edilirdi. BMT TŞ-nin 4 qətnaməsində erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi tələb edilir. Azərbaycan öz torpağında separatçıları məhv etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədləri Ermənistanın cinayətlərinə şərik olublar”. T.Kərimli Azərbaycan ərazisində ikinci erməni dövlətini yaratmağa çalışanlara da mesaj verdi: “Onda biz tarixi Azərbaycan ərazisi olan İrəvanda ikinci Azərbaycan dövlətini quraq. Azərbaycana qarşı nə qədər təzyiqlər olsa da, nə İrəvan, nə Borçalı, nə Dərbənd sevgisini bizim ürəyimizdən çıxara bilməyəcəklər”.
Deputat Fazil Mustafa isə hərbi vəziyyət şəraitində seçkilərin təxirə salınması ilə bağlı müddəaya etiraz etdi: “Bəlkə 10 il ərzində müharibə gedəcək, hərbi rejim davam edəcək, o halda seçki keçirilməyəcək?”
Birinci vitse-spiker Ziyafət Əsgərov fikirlərini əsaslandırmaq üçün qanunvericiliyə istinad etdi və ardınca “bax da, başın qarışıb bədii ədəbiyyata, hüquqi yaddan çıxıb” deyə, bildirdi.
Z.Əsgərov T.Kərimlinin 1 il müddət qoymaqla bağlı təklifinə cavabında dedi ki, bu, artıq siyasi məsələ olduğu üçün buna reaksiya verə bilməyəcək.
Deputat Qüdrət Həsənquliyev isə Azərbaycana qarşı real hücum faktı baş verən halda atılacaq hüquqi prosedurlar üçün uzun vaxt qoyulmasını düzgün saymadı: “Azərbaycanın ən ucqar nöqtəsindən Bakıya 5-6 saata gəlmək mümkündür. Ali Baş Komandanın səlahiyyəti olmalıdır. Yəni fərman imzalandığı andan qüvvəyə minir, ancaq Milli Məclis təsdiq etmədiyi halda, qüvvədən düşür. Ancaq layihədə yazılır ki, prezidentin fövqəladə vəziyyət haqqında fərmanı 24 saatdan sonra qüvvəyə minir. Ancaq Milli Məclis təsdiqləməsə, qüvvədən düşmüş sayılır. 24 saata qədər bəlkə elə silahlı qiyam qaldırmış silahlı qüvvələr Milli Məclisi də tutacaq, Prezident Aparatını da. Türkiyə nümunəsi göstərdi ki, çevriliş cəhdində heç parlamenti toplamaq mümkün olmadı”. Spiker isə Q.Həsənquliyevin dediklərinə “ay Qdürət müəllim, sən bizi bir az qorxudursan. Göydən desant atılanda yerdən də PVO ilə vurulacaq, sən heç narahat olma”deyə reaksiya verdi.
Z.Əsgərov dedi ki, burada hər hansı problem yoxdur: “Təsdiq olundu-olunmadı, məgər prezidentin imkanı yoxdur? Lələtəpədə biz hərbi vəziyyətmi elan etmişdik? Ali Baş Komandanın qərar vermək üçün bütün imkanları var”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov hərbi vəziyyət rejimində KİV-in fəaliyyətinin məhdudlaşdırılmasını normal saydı. “Ancaq hərbi senzura anlayışını hərbi məqsədli məhdudlaşmalar sözləri ilə ifadə edək” deyən deputat senzura ifadəsinin qıcıq yarada biləcəyini vurğuladı.
Deputatlar Elman Nəsirov, Azay Quliyev, Elmira Axundova, Siyavuş Novruzov təkliflərini səsləndirəndən sonra qanun layihəsi qəbul edildi.
Z.Əsgərov Xanhüseyn Kazımlının təklifinə cavab olaraq “Xanhüseyn müəllim, dili yumşalda bilməyəcəyik, bu, hərbi qanunvericilik aktıdır”-deyə, bildirdi.

Həmçinin oxuyun

Əmək fəaliyyəti ilə bağlı inqilabi qərar 2020-ci ildə qüvvəyə minəcək

Finlandiyada artıq işçilər harada və nə zaman işləyəcəklərinə özləri qərar verəcəklər. “Yeni Sabah” xarici mediaya …

Bir cavab yazın