Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Parisdə yüksək səviyyəli Azərbaycan – Fransa danışıqları – Ermənistanı məyus edən nəticə

Parisdə yüksək səviyyəli Azərbaycan – Fransa danışıqları – Ermənistanı məyus edən nəticə

Prezident İlham Əliyev fransalı həmkarına işğalla bağlı çağırış etdi: “Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun”; ekspertlərdən Fransa səfəri barədə ilginc şərhlər
Azərbaycan prezidenti İlham Əliyev Fransaya işgüzar səfəri çərçivəsində fransız həmkarı Fransua Ollandla görüşüb. Rəsmi məlumata görə, sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuat qarşısında bəyanatla çıxış ediblər.
Fransa prezidenti Fransua Olland “mən prezident Əliyevi böyük məmnuniyyətlə qəbul edirəm. O, artıq Parisə gəlib. Biz münasibətlərimizin əsasını qoymuşuq. Eyni zamanda biz digər kontekstdə – Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq haqqında da danışdıq. Bu gün prezident Əliyev Parisdədir və biz keçdiyimiz yollara, gələcəkdə görməli olduğumuz işlərə nəzər saldıq”, – deyə çıxışına başlayıb. Fransa lideri qeyd edib ki, Azərbaycan və Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var. Azərbaycanla Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı çərçivəsində danışıqları Fransanın ilk gündən dəstəklədiyini deyən Olland ardınca Qarabağ məsələsindən bəhs edib: “Biz bu haqda danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir.

Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk Qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər – ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”.

Image result for İlham Əliyev Fransa
Azərbaycan prezidenti İlham Əliyev isə çıxışında ilk növbədə F.Ollanda dəvətə, özünə və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlıq edib: “Yenidən Fransada olmaqdan çox məmnunam. Siz Azərbaycanda iki dəfə səfərdə olmusunuz. Bu, əslində Fransa-Azərbaycan əlaqələrinin bir göstəricisidir. Aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə ki, güclü siyasi əlaqələr bütün sahələrdə inkişafda olan əlaqələrə də müsbət təsir göstərir”.
Dövlət başçısı Ollandın diqqətini Qarabağ məsələsinə, Ermənistanın işğalçılıq siyasətinə cəlb edib: “Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə mən 2014-cü ilin sonlarında sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulub. Orada bütün infrastruktur və binalar dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilib. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meylli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk Qrupuna həmsədr olan ölkələrin prezidentləri – Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.

Image result for İlham Əliyev Fransa
Dövlət başçısı Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyduğunu deməklə yanaşı, iki ölkə arasındakı hərtərəfli əlaqələrdən də bəhs edib. “Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar” – İ.Əliyev əlavə edib.
***

 
Görünən budur ki, Ermənistan prezidentinin və erməni lobbisinin Bakı-Paris münasibətlərini korlamaq və əlaqələrə xələl gətirmək istiqamətində cəhdləri növbəti dəfə iflasa uğrayıb. Azərbaycan prezidentinin Qarabağla bağlı prinsipial mövqeyinin qarşılığında F.Olland “status-kvo qəbulolunmazdır” deməklə əslində Ermənistanın işğalı davam etdirmək niyyətinə zərbə vurdu. Bununla Olland həm də bir müddət əvvəl Azərbaycanda Qarabağ ermənilərinin statusu ilə əlaqədar narazılıqla qarşılanan mövqeyinə düzəliş etmiş oldu. Ümumilikdə Ermənistanı məyus edən nəticədir. S.Sərkisyan bir az öncə Parisdən qayıdanda yəqin ki, Ollandın belə bir mövqe sərgiləyəcəyini gözləmirdi.
Politoloq Arzu Nağıyev dövlət başçısının səfərini yüksək dəyərləndirdi: “Avropanın belə bir siyasi burulğanlı vaxtında Azərbaycan prezidenti cənab İlham Əliyevin səfəri həm Azərbaycan, həm də region dövlətləri üçün əhəmiyyət kəsb edən görüş kimi dəyərləndirilə bilər. İlk öncə onu qeyd etmək lazımdır ki, Fransada gələn ay prezident seçkiləri keçiriləcək və bu ərəfədə Ollandın vəzifəsini tərk etməsi gözləniləndir. Hazırda seçkiöncəsi platformalarla bu dövlətin gələcək planlarını dəyərləndirmək və buna uyğun siyasət qurmaq mühüm məsələdir. Digər tərəfdən, Türkiyə ilə bir sıra Avropa dövlətləri arasında yaşanan gərginliklərdən də Azərbaycan mühüm nəticələr çıxara bilər və hətta deyərdim ki, mühüm rol oynaya bilər. Bu isə Azərbaycanın mühüm bir aktyor olduğunu gündəmə gətirə bilər”.
Ekspertin sözlərinə görə, Paris səfərində Qarabağ məsələsinin də önəmli yer tutduğunu unutmaq olmaz: “Cənab İlham Əliyevin keçirdiyi görüşlərdə iqtisadi məsələlərlə yanaşı, Dağlıq Qarabağ məsələsinin də daim gündəmə gətirilməsini görürük və bu da ATƏT-n Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın rolunu daha da mükəmməl edə bilər. Bundan başqa, Ermənistan prezidentinin bir müddət əvvəl assosiativ sazişin imzalanması ilə bağlı Avropada olması və Ollandla görüşdə məhz həmin sazişdə ”milli müqəddəratın təyin edilməsi” məsələsini qabartmağa çalışmasını unutmaq olmaz. Düşünürəm ki, Azərbaycan prezidentinin Ollandda görüşü zamanı bunun qarşısı alınacaq. Bir sözlə, səfər çox mühüm və Azərbaycan üçün istər siyasi, istər iqtisadi və digər bir sıra vacib məqamların həllinə təkan verə bilər”.
A.Nağıyev bu səfərin Qarabağla bağlı prosesə təsirlərindən də bəhs etdi: “Bu səfər eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlara da başqa prizmadan yanaşmaqla yadda qaldı. Azərbaycan prezidentinin Ermənistan dövləti və onun başçısının fikirləri ilə bağlı verdiyi bəyanatlar da xüsusi qeyd edilməlidir. Çünki bu bəyanat birbaşa Fransa dövlətinin ən inkişaf etmiş iqtisadi layihələr həyata keçirən şirkətlərinin rəhbərləri ilə birbaşa təmas vaxtı oldu. Yəni həm sərmayə yatırımları ilə bağlı, həm də siyasi əhəmiyyət kəsb edirdi. Məlumdur ki, Oland hakimiyyətinin son aylarını yaşayır. Lakin Fransa dövlətinin mövqeyi tək onunla bağlı deyil. Tam əminliklə demək olar ki, bu səfərdən sonra müəyyən fəallıq müşahidə olunacaq”.

Image result for İlham Əliyev Fransa
Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri iqtisadçı-alim Qubad İbadoğlu isə “Yeni Müsavat”a prezidentin Paris səfərinin iqtisadi əhəmiyyəti barədə danışdı. Bildirdi ki, Azərbaycanla Avropa arasında yaxınlaşmanı müsbət dəyərləndirir: “Hesab edirəm ki, bu səfər siyasi cəhətdən çox əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatı üçün indiki çətin şəraitdə avrointeqrasiyadan faydalanma çox əhəmiyyətlidir. Belə səfərlər və görüşlər o istiqamətə töhfə verir. Amma nəzərə alaq ki, xarici və iri investorların qərarları vədlərə əsaslanmır. Onlar ölkəyə daxil olanda onun investisiya şəraitini öyrənir və riskləri göz altına alırlar. Azərbaycan hələ də risk zonasından çıxmayıb. Bunun üçün islahatlar aparılmalı, əlverişli biznes mühiti üçün çox işlər görülməlidir. İnvestorlar çox həssasdırlar. Onlar üçün ən vacibi qarantiya və təminatlı bazardır. İndiki şərtlərlə Azərbaycan iqtisadiyyatı bunu təmin edə bilməsə də istənilən halda xarici sərmayəçilərlə görüşüb, onları ölkəyə dəvət etmək çox vacibdir”.
Q.İbadoğlu qeyd etdi ki, Azərbaycanla Fransa arasındakı ticarət əlaqələrinin dinamikası mənfidir: “Əgər 2015-ci ildə Azərbaycandan Fransaya 864,1 milyon dollarlıq məhsul ixrac olunmuşdursa, ötən il 493,6 milyon dollar olub, nəticədə bir ildə Fransaya ixracat 43 faiz azalıb. İdxalda da eyni trend müşahidə edilir. Belə ki, 2015-ci ildə Fransadan Azərbaycana 212,2 milyon dollar, 2016-cı ildə isə 150,4 milyon dollarlıq mal gətirilib və idxal əməliyyatları da 30 faiz azalıb”.
İri şirkətlərlə keçirilən görüşlərə gəldikdə, iqtisadçı alim dedi ki, bu görüşlər arasında “Total” şirkəti ənənəvi görüşlərdən sayıla bilər: “Digərlərinə gəlincə, onlar Azərbaycana yox, Azərbaycan həmin şirkətlərə sərmayə qoyur. Yəni AZAL-ın təyyarə parkının təzələnməsi üçün ”Airbus”dan yeni təyyarələr alına bilər. Azərbaycan hələ kosmik tədqiqatla töhfə vermək səviyyəsində elmi-texniki nailiyyətlərə malik deyil. “Thales International”a gəlincə, onlar da kosmik tədqiqatlarla yanaşı, müdafiə və təhlükəsizlik, nəqliyyat və elektrik sisteminin yenidən qurulması ilə məşğul olurlar. Azərbaycanın “Thales International”ın sərmayələrinə ehtiyacı var. Əgər bu şirkət Azərbaycana gələrsə, iqtisadiyyata töhfə verə bilər”.
Q.İbadoğlu Bakı-Paris yaxınlaşmasının qısa müddətdə Paris-İrəvan əlaqələrini arxa plana keçirəcəyini, Fransada mövcud olan “Ermənistan bizim bacımızdır” yanaşmasına son veriləcəyini düşünmür: “İnanmıram ki, bir səfərlər illərlə formalaşmış erməni-fransız münasibətlərini dəyişsin. Amma bu münasibətlərə gələn ay Ermənistanda və Fransada olan seçkilərin təsiri ola bilər”.

musavat.com

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın