Bazar , Yanvar 16 2022
Ana səhifə / Sosial / “Özünü kimdənsə “ağıllı” sayan hər sürücü azı 500 manat cərimələnsə…”— Ekspert

“Özünü kimdənsə “ağıllı” sayan hər sürücü azı 500 manat cərimələnsə…”— Ekspert

Məlum olduğu kimi, bir müddət öncə Bakı-Sumqayıt yolu genişləndirildi. Lakin bütün bunlara baxmayaraq, yenə də yollarda tıxaclar aradan qaldırılmayıb. Görünən odur ki, bu istiqamətdə mühüm işlər aparılsa da, lakin problem müsbət həllini tapmır. Bunun üçün alternativ olaraq nələr edilməlidir?

Nəqliyyat eksperti Fərid Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, bu tip tıxacların qarşısının alınması üçün çox yaxşı təşkil olunmuş ictimai nəqliyyat sistemi olmalıdır.

Ekspert bildirib ki, ictimai nəqliyyata güvən olmadığı üçün hər kəs şəxsi avtomobil sahibi olmağa çalışır:

“Ölkəmizdə günbəgün şəxsi avtomobillərin sayı artır. Yol-nəqliyyat infrastrukturu isə bərbaddır, ona görə də tıxaclar azalmaq yerinə artır. Hesab edirəm ki, bu tıxacların qarşısının alınması üçün alternativ yol çəkilə bilər, şəhəri digər tərəfindən keçmək şərtilə. Təbii ki, bu gün bir yol olduğu üçün hamı oradan istifadə etməyə məcburdur. Tıxac yaranmasının başqa səbəbi isə sürücülərin mədəniyyətsizliyidir: sağda ya solda bir maşınlıq boş yer görən hər kəs maşını ora çevirir, beləcə süni sıxlıq yaranır. Nə etməli? Sürücülük vəsiqələri satılmamalıdır! Sürücülük vəsiqəsi almaq istəyən namizəd mütləq şəkildə psixoloji testdən keçirilməlidir. O adamın normal anlaqlı olub-olmaması, başqalarına hansı formada çətinlik ya asanlıq yaratma meyilliliyi yoxlanmalıdır. Empati qura bilirmi? Qura bilirsə, başqalarını anlayıb normal sürməlidir. Əlavə olaraq, yuxarıda dediyimi etməyən sürücülər kameralar vasitəsilə anındaca ciddi məbləğdə cərimələnməlidirlər. Məsələn, 500 manat məbləğində. Əgər mən öz zolağımdan çıxıb boş yerə girdimsə, dərhal DYP 500 azn cərimələsin məni! Mən bir ziq-zaqla zolaq dəyişmərəm, çünki 500 manatı çətin qazanıram. Əmin olun ki, bundan sonra tıxaclar rahatlıqla 40% azalacaq! Özünü kimdənsə “ağıllı” sayan hər sürücü azı 500 manat cərimələnsə, düşünürəm ki, bir ilə xeyli irəliləyiş olar”.

Fərid Hüseynov hesab edir ki, ölkəyə köhnə avtomobillərin gətirilməsi qaydaları da kəskin sərtləşdirilməlidir: “Hamı Amerikadan 15 min manata maşın gətirir, sürə bilən də, bilməyən də. O bilməyənlər də tıxaca səbəbkardır. Düşünürəm ki, müəyyən ərazilərə sürət qatarı çəkilə bilər, amma ona çox yatırım lazımdır. Əslində, hesab edirəm ki, ortaya ciddi iradə və məqsəd qoyulsa, tıxac problemi həll oluna biləcək bir məsələdir”.

Həmçinin oxuyun

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq – PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …