Cümə , İyul 19 2019
Ana səhifə / Sosial / Ordu niyə Erdoğanı dəstəklədi? – TƏHLİL

Ordu niyə Erdoğanı dəstəklədi? – TƏHLİL

Mən Türkiyədə müsibət barədə dostum mənə “Ölkəndə nə baş verir?” yazdıqdan sonra eşitdim. İlk ağlıma gələn yeni bir böyük terror hücumu oldu, bu yaxınlarda İstanbul aeroportunu silkələmiş hücum kimi.

Türkiyədə onlayn mediaya baxanda, dəhşətə gəldim.

Çevriliş cəhdinin arxasında kim dayanırdı? Türkiyə respublikası bir əsr əvvəl yaradılandan bəri Türkiyə silahlı qüvvələri dövlətin təməli olub.

Ölkənin generalları hər zaman özlərini siyasətin mütləq hakimləri və respublikanın qoruyucuları kimi təsəvvür edib.

Hökumətlərin aşırı solçu və ya aşırı islamçı olduğunu hiss etdikləri zaman onlar müdaxilə edib. Əgər iki baş tutmamış cəhdi və həyata keçirilməmiş saysız planı nəzərə almasaq, 1960-cı ildən bəri ordu dörd hökuməti devirib.

Ordunun Erdoğana xüsusilə nifrəti var, amma o son on il ərzində ordunun siyasi hakimiyyətini azaltmağa nail olub.

“Gülenin əli”

Image copyrightGETTY
Image captionPrezident Erdoğan ölkə əhalisinin əksəriyyətinin dəstəyinə malikdir.

Bəzi təhlilçilər deyir ki, iyulun 15-də cəhd olunan çevrilişin təşkilatçıları ordunun sekuylar düzəninin az qalmış bir hissəsi idi. Onlar çevrilişin baş tutmamasını ordunun zəifliyi və cəmiyyətdən təcrid olunması ilə əlaqələndirir. Əgər bu arqument doğrudursa, o zaman iyulun 16-da Erdoğanın əlinə orduda sekulyaristləri və bürokratiyanı əzmək üçün əla fürsət düşdü.

Bu səxavətli kartdan istifadə əvəzinə isə, Erdoğan və onun hökuməti üsyanın ilk saatlarından bəri israr edir ki, dövlət çevrilişini təşkil edən fiqurlar ABŞ-da yaşayan nüfuzlu dindar Fethullah Gülenin islamçı sektası ilə əlaqəlidir. Onu da qeyd etmək lazımdır ki, bu nəticəyə yalnız Erdoğan gəlməyib.

Sekulyar media və Erdoğanın qatı siyasi rəqibi olan siyasi partiyalar da onunla razılaşır. Ordunun rəhbərliyi də eyni istiqamətə işarə vurur.

Artıq məlumdur ki, zabitlərin çoxu dövlət çevrilişini müdafiə etməyib. Komandanlıq zənciri üsyana qalxmış azlığı 24 saat ərzində təcrid edib.

Çevrilişin arxasında duranlar Gülençilər idi, amma onlara bəzi sekulyaristlər də qoşulmuşdu. Başqa sözlə, ordunun sekulyar liderliyi Erdoğana qarşı çevrilişin basdırılmasına yardım etdi.

Image captionFethulla Gülen və Recep Tayyip Erdoğan əvvəllər tərədaş olsalar da, sonrala yolları ayrılıb.

Ordu niyə Erdoğanı qorudu?

Bəs niyə sekulyar ordu islamçı Erdoğanı çevrilişə qarşı qorudu? Niyə Erdoğan və ordu Gülenin sektasını çevrilişə görə tənqid etməkdə birləşiblər?

Paradoksal səslənə bilər – amma Erdoğan və ənənəvi establişment, o cümlədən ordu rəhbərliyi arasında danışılmamış bir razılaşma var ki, o 15 iyul çevriliş cəhdindən daha uzaqlara gedir.

Baş nazirliyinin ilk günlərindən Erdoğan və onun komandasının revizionçu proqramı var. Onlar respublikanın əsaslarını, təhsildən xarici siyasət prinsiplərinədək dəyişmək istəyirlər. Öz proqramlarını müəyyən dərəcədə həyata keçirməyə nail olsalar da, həm daxildə, həm də xaricdə bir çox problemlərlə üzləşdilər.

Revizionçu xarici siyasət fəlakətli nəticələrə gətirdi. 2011-ci ildən bəri ölkənin milli təhlükəsizliyinin dörd təməli – Yaxın Şərq, Rusiya, ABŞ və Avropa ilə əlaqələr pisləşdi. Türkiyənin NATO müttəfiqi olan ABŞ-la əlaqələri Suriya ilə bağlı mübahisələr üzündən korlandı. Revizionçu gündəmi davam etdirmək əvəzinə, Türkiyə xarici siyasəti indi yavaş-yavaş öz əvvəlki mövqeyinə qayıtmaqdadır.

Erdoğan Suriyada vətəndaş müharibəsi səbəbindən yaranmış münaqişəyə son qoymaqla xarici siyasətdə sürətli dəyişiklik etdi.

Hökumət İsraillə yeddi il davam edən münaqişəyə son qoyaraq bu ölkə ilə müqavilə imzaladı. Əvvəllər Yaxın Şərqlə daha güclü münasibətləri irəli çəkən hökumət indi Suriya sərhədində divar tikir və özü ilə Əsədə qarşı vuruşan qruplar arasında məsafə qoyur.

Erdoğanın revizionçu siyasəti ən mühüm daxili məsələni – artan kürd millətçiliyini və kürd separatçı təşkilatının terror hücumlarını aradan qaldıra bilməyib.

Kürd məsələsi

Image copyrightGETTY

Çoxları düşünürdü ki, kürd məsələsində rəsmi mövqeyə yenidən baxılması problemi həll edə bilər. İlk olaraq, vəd edilən atəşkəsə nail olundu. Ancaq PKK və Türkiyə qüvvələri arasında toqquşmalar 2015-ci ildən bəri sürətlə intensivləşdi.

Regionda dəyişən qüvvələr balansı toqquşmanın əsas səbəbidir. PKK Suriya və İraq misalını örnək götürərək vətəndaş müharibəsini qızışdırmağı və Türkiyədə kürdlərə muxtariyyət əldə etməyi məqsəd qoyub. Buna cavab olaraq, Erdoğan kürd separarçılarına qarşı vuruşan təhlükəsizlik qüvvələrinə tam dəstək verir.

O öz köhnə siyasi müttəfiqlərini də itirib. Əvvəla, Türkiyə liberalları 2013-cü il Gezi Parkı etirazlarından sonra onu müdafiə etməyi dayandırdılar. Bundan başqa, Erdoğan Fethullah Gülen və onun dini sektası ilə toqquşdu. Gülen və onun sektasının kökləri əsrlərlə yaşı olan Sufi düzəninə əsaslanır. Tarixən, Sufi düzəni heç zaman siyasi hakimiyyətə can atmayıb və Türkiyədə dövlətlə qarşıdurmaya getməyib.

Ancaq 1960-cı illərin əvvəllərində özünə tərəfdar toplamağa başlayan Gülen Sufi düzənini sosial təşkilata çevirdi.

O, öz tərəfdarlarını bürokratiya sıralarına yüksəltdi və öz hərəkatına loyal olan ictimai qulluqçuları yetişdirmək üçün məktəblər açdı. İllər boyunca o, Erdoğanın yaxın müttəfiqlərindən oldu və onun hakimiyyətə yüksəlməsinə yardım etdi.

Əvəzində Gülenin davamçıları illər boyu bir çox Türkiyə institutları daxilində, xüsusilə də məhkəmələrdə və polisdə vəzifələrə sahib oldular.

Gülençilər 2008-ci ildən bəri sekulyar generallar və mətbuata qarşı şou-məhkəmələrə hakimlik etdi.

Sekulyar silahlı qüvvələrin liderliyi həbsə atıldı, 40-dan artıq general vəzifəsindən azad olundu. Hökumət bu məhkəmələri müdafiə etdi, çünki onlar Erdoğana ordunun siyasi gücünü azaltmağa yardım edirdi.

Hər iki tərəf bir-birini müdafiə edirdi, siyasi müxalifət isə Gülençilərin hökumət institutlarına sürətlə yol tapması barədə xəbərdarlıqlar səsləndirirdi. 2013-cü ildə Gülen və Erdoğan arasında kəskin soyuqlaşma baş verdi – bu, hakimiyyət uğrunda mübarizənin təzahürü idi.

O zamandan bəri Erdoğan məhkəmə və polisi Gülenə sədaqətli olduğu düşünülən minlərlə kişi və qadından təmizlədi. Eyni zamanda, məhkəmə şouları bağlandı və ittiham olunan generallar həbsdən azad olundu.

Erdoğan bəlkə də belə nəticəyə gəlmişdi ki, dövlət prinsiplərinə əsaslanan köhnə quruluş, onun nəzarətində olan dini düzəndən daha etibarlıdır.

Bu nəticə, həmçinin Erdoğanı daxili çevrəsini dəyişməyə məcbur etdi. O, siyasi hərəkata başladığı zamandan bəri ətrafında olmuş köhnə komandasının böyük hissəsini işdən çıxardı və ənənəvi establişmentdən özünə işçilər təyin etdi. Qısası, köhnə sistemi parçaladığı bir halda, Erdoğan yenisini qura bilmədi. O özünü çıxmaza salmışdı. Özünün yaratdığı dağıntılar onu köhnə establişmentə yaxınlaşmağa məcbur etmişdi.

Erdoğan – ölkəni bir arada tutan yapışqan

Image copyrightGETTY
Image captionErdoğan tərəfdarları dövlət çevrilişinə cəhd gecəsi və sonrakı gün küçələrə axışmışdı.

Ordunun da Erdoğanla razılaşmaq üçün səbəbləri var. Erdoğanı Anadolu əyalətlərində kütləvi dəstəkləyirlər, xüsusilə də dindar mühafizəkarlar. O, 2002-ci ildən bəri bütün seçkilərdə qalib gəlib və əhalinin yarısının dəstəyinə malikdir.

Hərbi çevriliş Suriyadakı kimi üsyanlarla üzləşə bilər. Bundan başqa, kürd əhalisi arasında separatçı meylləri intensivləşdirə bilər. Üsyanlar asanlıqla etnik vətəndaş müharibəsinə çevrilə bilər. Yaxın Şərqdə hazırkı vəziyyəti nəzərə alsaq, qorxunc ssenarilər indi hər zamandan daha mümkün görünür. Erdoğan hələ də mühafizəkar kürdlərin arasında populyardır. O indi ölkəni bir arada tuta bilən yapışqan kimidir.

Ordu Erdoğanı Türkiyəni birləşmiş saxlayan mühüm fiqur kimi görür. Ordu rəhbərliyi şou-məhkəmələri təşkil etmiş Gülençilərin cəzalandırılmasını istəyir. Onlar həmçinin silahlı qüvvələri Gülençilərdən təmizləmək istəyir. Erdoğan və ordu arasında bu məsələdə güclü müttəfiqlik var. Müxtəlif şərhçilərə görə, ordu heyəti artıq Gülençi zabitləri təqib dalğasını planlaşdırıb.

Əgər iyulun 15-də çevrilişə cəhd olunmasaydı, onlar avqustda, Türkiyə ordusunun illik ənənəvi təyinatlar prosesində işdən çıxarılacaqdılar. Baş tutmamış çevrilişin rəhbərlərinin adı artıq təmizləmə siyahısında idi və bu da, çevrilişə niyə indi cəhd edildiyini izah edə bilər.

İndi ədliyyə, hərbi, polis və Türkiyə kəşfiyyat xidmətində təcili həbslər gedir. Siyahılar hazır idi, çünki Gülençilər son bir ildə ədliyyə və polis sistemindən daim təmizlənirdi.

Adların siyahısı hazır olsa da, bu, bəzi təhlilçilərin dediyi kimi çevriliş cəhdinin Erdoğan tərəfindən hazırlandığını sübut etmir. Bundan başqa, Gülençi prokurorları və hakimləri həbs etmək üçün Erdoğanın çevriliş hazırlamağa ehtiyacı yoxdur. Burada problem ondan ibarətdir ki, həbslər Gülençilərləmi kifayətlənəcək, yoxsa Erdoğan bundan özünə loyal ordu qurmaq üçünmü istifadə edəcək.

Erdoğan və tərəfdarları çevriliş cəhdi günündə uğur qazandı və tezliklə nəzarəti ələ aldı. O, çevrilişdən yayınaraq demokratiya çempionu oldu. Türkiyə vətəndaşlarının böyük hissəsi hərbi idarəetməyə qarşı çıxdı və toqquşmalarda iki yüzdən çox adam öldü.

Bütün siyasi partiyalar putçaya qarşı vahid cəbhədən çıxış elədi. Erdoğan bunu dərindən bölünmüş cəmiyyəti sağaltmaq üçün imkan olaraq gördü. Ancaq keçmiş təcrübə göstərir ki, o bunun əvəzində qəddar basqı ilə cavab verə bilər.

Avtoritar nəzarət

Son illərdə əsas qəzet və televiziyalar hökumətin xəttini tutmağa məcbur edilib. Prokurorlar 2014-cü ildən bəri prezidenti təhqirdə şübhəli bilinən 2000 insana iş açıb.

Çevriliş cəhdindən sonra, belə repressiyalar çox güman ki, güclənəcək. O, baş tutmamış çevrilişi rəqiblərini əzmək, mətbuat və digər azadlıqları məhdudlaşdırmaq və daha çox hakimiyyət əldə etmək üçün istifadə edə bilər.

İronik də olsa, demokratiyanın qələbəsi Erdoğanın Türkiyədə avtoritar nəzarət axtarışlarına yardım edə bilər. Son aylarda o, prezidentlik sisteminə əsaslanan yeni konstitusiya üçün gərgin kampaniya aparıb.

Onun əlində indi, yalnız bu sistemin düşmənləri uzaq tuta biləcəyini iddia etmək üçün səbəbi var. Konstitusiyanın referendum yolu ilə tələsik dəyişdirilməsi baş verə bilər. Baş tutmamış çevriliş avtoritar rejim üçün bəhanə ola bilər. Türkiyə demokratiyası hərbi çevrilişdən salamat çıxsa da, indi hər şey Erdoğanın onunla bundan sonra necə rəftar edəcəyinə bağlıdır. Son hadisələr həmçinin Türkiyənin xarici siyasətini dəyişə və ölkəni Qərbdən uzaqlaşdıra bilər.

15 və 16 iyunun həlledici saatlarında Qərbin Erdoğana dəstəyi qıcanmış dişlərin arasından gəldi. Erdoğan bunu gözdən qaçırmış deyil.

Cənab Gülenin ABŞ-da olması cənab Erdoğana Qərbi, çevriliş cəhdinə göz yummaqda ittham etməyə əsas verir. Türkiyə hakimiyyəti, o cümlədən Erdoğanın özü çevriliş cəhdindən az sonra Gülenin ektradisiyasını istəyib. Amerika ilə bu məsələ üzündən yeni böhran yaxınlaşdıqca, Türkiyə Rusiya ilə münasibətlərin bərpasını sürətləndirir. BBC

Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın