Ana səhifə / Sosial / Oqtay Gülalıyevdən KXCP-yə sərt ittihamlar

Oqtay Gülalıyevdən KXCP-yə sərt ittihamlar

Oqtay Gülalıyev “KXCP-də mənimlə bağlı baş verənlər sıradan bir məsələdir və çox kiçik şeydir”,- desə də, partiyanı hakimiyyətlə aparılan dialoq imitasiyasında ittiham edib…

Bir neçə gün əvvəl vəzifəsindən uzaqlaşdırılan KXCP sədrinin keçmiş müavini Oqtay Gülalıyev bunun səbəblərini açıqlayıb. Keçmiş müavin sədrini və partiyasını hakimiyyətlə aparılan dialoq imitasiyasında iştirak etməkdə, Birinci Avropa Oyunlarına dəstək verməkdə günahlandırıb.

O.Gülalıyev sosial şəbəkədə yazdığı statusunda bildirib ki, KXCP pəhbərliyindən kənarlaşdırılması ilə bağlı son zamanlar mətbuatda və sosial şəbəkələrdə bəzi müzakirələr gedir: “Mənə çoxsaylı müraciətlər və telefon zəngləri olur. ”Partiyadaxili məsələlər partiyada müzakirə olunmalıdır, mətbuatda yox”,- cavabım bir çox dostları, xüsusən jurnalist həmkarlarımızı razı salmır və onların bir çoxu məndən inciyirlər.

Bəlkə də haqlıdırlar, həmişə mətbuata, cəmiyyətə açıq olduğumdan məndən ətraflı və izahlı cavab gözləyirlər. Amma hamınıza hörmətimi bildirməklə yanaşı, məni üzürlü hesab etmənizi və düzgün başa düşmənizi istəyirəm. KXCP-də şəxsimlə bağlı baş verənlər çox kiçik məsələdir. Ölkənin bu qədər çoxsaylı, ağır problemləri içində kiçik bir məsələni bu qədər şişirtməyə və buna görə inciməyə dəyməz. 26 ildir cəhbəçiyəm. Elçibəy tərəfindən dəfələrlə etimad göstərilib müxtəlif vəzifələrə irəli çəkilmişəm. Eyni zamanda nəinki vəzifədən, hətta partiya üzvlüyündən də xaric edilmişəm.

Çoxlu təzyiqlərlə üzləşmişəm. Qanunsuz həbs həyatı yaşamışam. Həbs zamanı polis zorakalığına və işgəncələrə məruz qalmışam. Bu gün ailəmlə, azyaşlı övladımla təhdid olunuram. Bütün bunlara baxmayaraq, heç zaman mübarizəmdən, yolumdan geri çəkilməmişəm. Cəhbəçi olmağımla həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm.

Heç bir qüvvə bizi bu amaldan, mübarizədən və əqidədən döndərə bilməyib. Bir daha təkrar edirəm ki, KXCP-də mənimlə bağlı baş verənlər sıradan bir məsələdir və çox kiçik şeydir. Partiyanın sədri hörmətli Mirmahmud bəylə bir sıra məsələlərə fərqli baxışlarımız var. Partiyanın hazırkı siyasi kursu, yürüdülən siyasi fəaliyyət, xüsusən təşkilatımızın Milli Şuradan kənarda qalması, hakimiyyətlə aparılan görüş dialoq imitasiyasında iştirak etməsi, xalqın boğazından kəsib hökumətin təşkil etdiyi, başdan-ayağa korrupsiya layihəsi olan 1-ci Avropa Oyunlarına dəstək verilməsi, nəticəsi öncədən bəlli olan 01 noyabr saxta parlament seçkilərinə qatılmaq və sair məsələlərdə fərqli mövqedə oldum. Mən Elçibəy yolunun davamçısı, AXC-nin varisi olan partiyamızın liderimizin bizə əmanət etdiyi pirinsip və dəyərlərə uyğun olaraq xalqımızın apardığı azadlıq və demokratiya uğrunda mübarizənin önündə olmasının tərəfdarıyam. Mən KXCP-yə vəzifə üçün gəlməmişəm. Bunu sədr də daxil olmaqla, rəhbərlikdə təmsil olunanların çoxu bilir. Vəzifələr gəldi-gedərdi. Amma hədəflər və prinsiplər qalıcıdır. Partiyada mənim, eləcə də mənim kimi düşünən digər insanların tək düşüncəsi və iddiası təşkilatımızın güclənməsi, ölkədə avtoritarizmdən demokratiyaya keçid prosesinə töhfə verməkdir. Partiyanın rəhbərliyində təmsil olunan bütün şəxslərlə başda sədr olmaqla, normal münasibətim var. Kimsəylə problemim yoxdur və olacağını da düşünmürəm. İllərin sınağından çıxmış münasibətimiz və əqidə birliyimiz var. Ağır günlərdə bir-birimizə dəstək olmuşuq. Bundan sonra da inanıram ki, belə olacaq. Problemlərə fərqli baxışlarımız bu münasibətlərə hər hansı xələl gətirmir”.

O qeyd edib ki, KXCP-nin sıravi üzvü olaraq partiyada fəaliyyətini davam etdirəcək: “Partiyanın güclənməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Ehtiyac olarsa, hər hansı yükü də daşımağa hazıram. Bilirəm ki, partiyada mənim kimi düşünən xeyli sayda fədakar və mübariz insanlar var. Bizim məqsədimiz KXCP-nin fəaliyyətini gücləndirmək, onu mübarizənin mərkəzinə gətirməkdir. İnanıram ki, əqidəli cəhbəçilərin iştirakı və xalqımızın dəstəyi ilə məqsədimizə nail ola bilərik.

Bizə diqqət və dəstək verən dostlara təşəkkür etməklə yanaşı, mövqeyimizi anlayışla qarşılamağı, hər kəsi xalqımızın apardığı azadlıq və demokratiya uğrunda mübarizəyə dəstək olmağa çağırıram. Ardıcıl və qətiyyətli mübarizə qələbəmizi yaxınlaşdırır. Hər kəsi səbrli, təmkinli olduğu qədər də ardıcıl və qətiyyətli olmağa çağırıram! Biz bu mübarizədə haqqın və xalqın yanındayıq. İnanıram ki, haqqa söykənib, xalqa arxalanaraq xeyirlə şərin, demokratiya ilə avtoritarizmin mübarizəsində böyük liderimiz və ustadımız Əbülfəz Elçibəyin dediyi kimi, biz qalib gələcəyik”.

KXCP-nin sədr müavini Xəzər Teyyublu isə O.Gülalıyevin açıqlaması ilə bağlı bildirib ki, onun vəzifədən azad edilməsi sədrin müstəsna səlahiyyətidir. X.Teyyublunun sözlərinə görə, O.Gülalıyevin dolayısı ilə partiyanı ittiham etdiyi məsələlərlə bağlı şərh vermək istəmir: “O, hər halda, partiya sədrinin müavini olub. Partiya sədrinin sərəncamı olub və o, vəzifəsindən azad edilib. Sədr lazım bildiyi vaxtda lazım bildiyi şəxsi vəzifəsindən azad etmək səlahiyyətindədir. Amma bu məsələ, həmçinin Oqtay Gülalıyevin dediyi məsələlər keçmişdə qalıb. Tarixdir bu, keçmişdə qalıb. Demokratiya naminə hamının bir yerdə olması üçün çaba göstərmək lazımdır. Oqtay bəy Ali Məclisin üzvüdür və partiyanın işində yenə də iştirak edəcək”.

O, O.Gülalıyevin yerinə nə zaman müavin təyin ediləcəyindən də xəbərsiz olduğunu açıqlayıb: “Bu da sədrin səlahiyyətindədir”.

Qeyd edək ki, O.Gülalıyev KXCP sədrinin siyasi məsələlər üzrə müavini olub və Ali Məclisin son sessiyasında vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …

Bir cavab yazın