Ana səhifə / Sosial / Oqtay Əsədov spikerlikdən gedir: Yeni namizəd də bəllidir

Oqtay Əsədov spikerlikdən gedir: Yeni namizəd də bəllidir

Noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra yeni spikerin kim olacağı ətrafında müzakirələr başlayıb.
Məlumatlı mənbənin iddiasına görə, Oqtay Əsədovla spiker vəzifəsi ilə vidalaşacaq. Onun yerinə Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun gətiriləcəyi barədə söz-söhbətlər yayılıb. Xatırladaq ki, Ə.Əmiraslanov son parlament seçkilərində növbəti dəfə deputat olub. “Yeni Musavat”a verilən məlumata görə, Əhliman Əmiraslanovun spiker olması artıq ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb. Onun karyerasında bu kəskin yüksəlişdə xarici amillərin rol oynadığı haqda məlumatlar dolaşır.
Yeni spiker postuna adı hallanan deputatlardan biri də Əli Hüseynli olub. Lakin Əhliman Əmiraslanovun MM-ə sədr seçilməsi hakimiyyət daxilindəki qruplaşmaların hamısının razılığı ilə qarşılandığından Ə.Hüseynlinin namizədliyinin üzərində çox dayanılmayıb.
Deyilənə görə, Oqtay Əsədovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələrinin olması onun növbəti dəfə Milli Məclisə sədr seçilməsinin qarşısını alıb. İqtidarın E.Mahmudovla yaxın münasibətdə olan bütün məmurlarla bağlı ciddi önləm aldığı deyilir.
17 oktyabrdan sonra hakimiyyət daxilində ciddi çalxalanmaların yaşandığı göz önündədir. Mənbəmiz bildirir ki, çaxnaşmanın bir səbəbi də MTN rəhbərliyinə kimin gətirilməsi ilə bağlıdır. Hakimiyyət daxilindəki qruplaşmalar arasında nazir postu uğrunda savaşın başladığı haqda redaksiyamıza bəzi məlumatlar daxil olub. Yeni milli təhlükəsizlik nazirinin kim olması hakimiyyət daxilindəki qruplaşmaların böyük marağındadır. Qaynağımız bildirir ki, hazırda Naxçıvan klanı hərəkətə keçərək boş qalan təhlükəsizlik naziri postunun “yad əllərə” keçməsinə imkan verməməyə çalışır.
Bu istiqamətdə “Yeni Müsavat”ı bilgiləndirən mənbələrin iddiasına görə, MTN rəhbərliyinə gətirilməsi düşünülən şəxslərdən biri də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur. Mənbəmiz israrla bildirir ki, bu, iqtidardakı Naxçıvan qrupunun xilas modeli kimi görünür. Çünki MTN nüfuzuna, təsir imkanlarına görə dövlətdə ən əsas qurumlardan biridir. V.Talıbov kimi güclü adamın bu posta gətirilməsini klan öz maraqları baxımından olduqca əlverişli sayır. Köhnə klanın bu istəyini ölkə rəhbərliyinə çatdırdığı da gələn xəbərlər sırasındadır.
“Yeni Musavat”ı bilgiləndirən mənbə onu da bildirib ki, Vasif Talıbovun milli təhlükəsizlik naziri olmasını istəyənlər əsas kimi onun bütün məmurlarla, dövlət adamları ilə məsafəli münasibətini göstərir. V.Talıbovun nazir olmasını istəyənlər bu seçimin hakimiyyət daxilindəki qruplaşmalar arasında gərginliyi aradan qaldıracağına, ortamın yumşalacağına gətirib çıxaracağını deyirlər.
Deyilənə görə, hakimiyyət daxilindəki qruplaşmaların Vasif Talıbovun nazir təyin edilməsini istəməsinin arxasında duran məqamlardan biri də Mədət Quliyevlə bağlıdır. Mənbəmiz bildirir ki, “yad bölgədən” olan M.Quliyevin milli təhlükəsizlik naziri olması iqtidardakı köhnə qvardiyanı ciddi narahat edir. Ona görə də onun 1-ci müavindən artıq böyüməsini istəmirlər.

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın