Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / “Onlar aylıq 140 dollar sosial yardım alır”

“Onlar aylıq 140 dollar sosial yardım alır”

“Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.

 “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev  Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə deyib. 

O qeyd edib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artıb:

“Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artmışdır. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Son 15 il ərzində Azərbaycanda 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Üç yüz mindən çox məcburi köçkün pulsuz evlər və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət verilir.

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.

Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir.

Azərbaycanda enerji təhlükəsizliyi təmin edilmişdir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr – Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir”.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …