Ana səhifə / Sosial / Ölkədə qaz problemi – şikayətlənir, “Azəriqaz” təkzib edir…

Ölkədə qaz problemi – şikayətlənir, “Azəriqaz” təkzib edir…

Hələ payızın əvvəlində qazın təzyiqi bu qədər aşağıdırsa, görəsən, qışda vəziyyət necə olacaq?

Hazırda insanları narahat edən əsas məsələlərdən biri də havaların soyuması ilə paralel olaraq mənzillərə verilən qazın təzyiqinin aşağı düşməsidir. Tələbatın artması isə problemin daha da dərinləşməsinə səbəb olur. Nəticədə bir neçə gündür ki, “Qaz niyə yoxdur?”  sualı mətbuatın gündəmindən düşmür.

“Yeni Müsavat” qəzetinə daxil olan şikayətlərin sayından  və coğrafiyasından da anlaşılır ki, ölkənin müxtəlif regionları bu problemdən öz nəsibini alıb. Elə müxtəlif ünvanlarda redaksiya əməkdaşlarının əksəriyyəti də oxşar problemi yaşayırlar. Nəticədə mənzillərin qızdırılması üçün istifadə olunan “kombi”ni işə salmaq belə mümkün deyil. İnsanlar  qazdan asılı olan gündəlik məişət ehtiyaclarını belə ödəməkdə çətinlik çəkirlər. Şikayətlər əsasən, Xətai, Binəqədi, Suraxanı rayonlarından, xüsusi ilə Bakı kəndlərindən – Novxanıdan, Maştağadan gəlir.

Image result for İbrahim Kərbalayev

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə sualımıza cavab olaraq bildirdi ki, ümumilikdə qazın olmamasından söhbət gedə bilməz. Tək-tək mənzillərdə qazın təzyiqinin aşağı olması ölkə üzrə qazın olmaması anlamına gəlmir: “Bir adamın evində hər hansı səbəbdən təbii qazın verilişində yaranan problemi aydınlaşdırmaq üçün  bizim çağrı mərkəzinə müraciət etməlidir. Çağrı mərkəzindən əməkdaşlarımız qeyd olunan əraziyə, mənzilə  baxış keçirib təbii qazın verilişin bərpa etməlidirlər”

İ.Kərbalayev vurğuladı ki, tələbat artdıqca təbii qazın verilişi də artır: “Son iki gündə ümumi sərfiyyat 1 milyon kubmetrdən artıq çoxalıb. Oktyabrın 1-də  təbii qazın sərfiyyatı 8 milyon 775 min kubmetr olubsa, oktyabrın 2-də 9 milyon 792 min kubmetr olub.  Artım 1 milyon 17 min kubmetrdir. Tələbat artdıqca təbii qazın verilişi də artır”

“Azəriqaz” sözçüsü son günlər qazın təzyiqinin zəifləməsini belə izah etdi: «Havalar soyuqlaşanda qaza  olan tələbat kütləvi şəkildə artır. Bu səbəbdən də zəiflik müşahidə olunur. Qaz təchizatı sistemində təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə  qaz həcmini artırmaq mümkün deyil. Tədricən qazın verilişi artırılır. Əməkdaşlarımız tərəfindən yerlərdə tənzimlənmə işləri aparılır. Hansı ərazidə problem  müşahidə olunursa, əməkdaşlarımız tərəfindən aradan qaldırılır. Xahiş edirik ki, abonentlərimiz də bununla bağlı müraciət etməkdən çəkinməsinlər”.

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …