Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Sosial / Ölkədə artan erkən boşanmaların səbəbləri və uzaq fəsadları

Ölkədə artan erkən boşanmaların səbəbləri və uzaq fəsadları

Otuz yaşadək olan şəxslər arasında evliliyin ilk beş ilində boşananların sayı üstünlük təşkil edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, evliliyin ilk 5 ilinədək 20-24 yaşlı kişilər arasında 401, 25-29 yaşda isə 1802 boşanma halı qeydə alınıb. Evliliyin ilk beş ili ilə müqayisədə evliliyin ilk 5-9 ilində boşanma sayı isə azdır. Belə ki, evliliyin 5-9-cu illərində 20-24 yaşlı kişilər arasında 20, 25-29 kişilər arasında isə 794 boşanma halı qeydə alınıb. Evliliyin 10-19 ilində 25-29 yaşlı kişilər arasında isə18 boşanma qeydə alınıb.

Qadınlara gəldikdə isə 18 yaşadək olan şəxslər arasında evliliyin ilk 5 ilində 5 boşanma halı qeydə alınıb. 18 yaşlılar arasında evliliyin ilk 5 ildə 30, 19 yaşlılar arasında evliliyin ilk 5 ilində 145, 20-24 yaşlılr arasında evliliyin ilk 5 ilində 1798, 5-9 ilində isə 409 boşanma qeydə alınıb. 25-29 yaşlılar arasında evliliyin ilk 5 ilində 1637, 5-9 ilində isə 2 183, 10-19 ilində isə 435 boşanma qeydə alınıb.

Beləliklə, statistikadan da məlum olur ki,30 yaşadək olan şəxslər arasında evliliyin ilk illərində boşanmaların sayı üstünlük təşkil edir. Səbəb nədir?

Mütəxəssislər qeyd edir ki, istənilən yaş kateqoriyasında evliliyin ilk 3-5 ili çətin, riskli dövrü olur. İki ayrı ailə mühitindən çıxmış şəxs birlikdə yaşamağa başladıqda fikir, düşüncə toqquşmaları, uyğunsuzluq baş verə bilir. Bu zaman məsələnin və yaxud ortaya çıxmış problemin tənzimlənməsi tərəflərin psixoloji vəziyyətindən asılı olur. Ekspertlər bu baxımdan ailə qurmağa hazırlaşan şəxslərin tibbi müayinə ilə yanaşı, psixoloji testlərdən də keçməsini təklif edir.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb.

Sosioloq erkən boşanmaların səbəbini bu cür əsaslandırıb: “Bəli, son vaxtlar daha çox müşahidə edirik ki, evlənən cütlüklər çox qısa bir zamanda boşanmaq qərarına gəlir. Məsələn, kimsə övladının toyuna dəvət edir, gedib iştirak edirsən, iki ay sonra qarşılaşanda gənclər haqqında soruşanda, məlum olur ki, boşanıblar. Bu onunla bağlıdır ki, əvvəllər gənclərin özünün ailə haqqında daha çox təsəvvürü var idi və ailə qarşısında məsuliyyətlərini, öhdəliklərini bilirdilər. Bundan başqa boşanmalara qarşı ictimai qınaq var idi. Həmçinin adətən ər-arvad işləyir, başları işə qarışırdı. Həm də həmin gənclər mənəvi cəhətdən bir qədər başqa cür, yəni dəyərlərə daha çox bağlı idilər.

İndiki gənclərimizdə isə müəyyən dəyişikliklər baş verib. Belə ki, ailə məsələləri xeyli sosiallaşıb və mənəvi dəyərlər əvvəlki tək rol oynaya bilmir. Gənclərimiz indi daha çox sosial şəbəkələrdə olur, tamamilə başqa, onlayn həyat tərzindədirlər. Beləliklə, o vaxtı gənclərlə indikiləri müqayisə etmək olmaz. Həmçinin onlarda ailə haqqında təsəvvürlər də bir qədər xəyali olub. Xüsusən də oğlanlar ailə qurana qədər xeyli macəralardan keçirlər. Bu isə insanı mənəvi cəhətdən dəyişdirir və bununla da ailə dəyərlərinə qarşı da münasibətini dəyişir.

Təəssüf ki, qızlar da real həyatda olmasa da onlayn həyatda sevgi macəraları yaşayır. Bir daha qeyd edirəm ki, bütün bunlar insanın mənəvi dünyasına təsir edir, bəzən gələcək ailə həyatında problemlərə gətirib çıxarır.

Beləliklə, indi bəzi gənclər ailə həyatı qurmağa məsuliyyətsiz yanaşır. Xəyalında başqa planlar qurur, amma unudur ki, ortaq maraqlar olmalıdır. Ortaq maraqlardan əvvəl daha çox maddi məsələlərə, şöhrətpərəstliyə fikir verirlər. Beləliklə də ailənin təməli olan sevgi bir qədər arxa plana keçir və bəzən də heç olmur. Nəticədə indi qurulan ailələr 20-30 il əvvəl qurulan ailələr deyil. Toy olur, müəyyən vaxt keçir, gənclər artıq darıxmağa başlayır və sosial şəbəkədə macəra axtarışına çıxırlar. İndi nə əvvəlki mühit, nə də ictimai qınaq o vaxtkı deyil. Baxırlar ki, boşanma qınanılmır, boşandıqdan sonra tez bir zamanda başqasını tapa biləcək, boşanma haqqında qərar verir. Təsəvvür edin ki, indi 100 nikahdan 30-u boşanma ilə nəticələnir. Bu heç də kiçik rəqəm deyil”.

Əhməd Qəşəmoğlu qeyd edib ki, boşanmaların qarşısını almaq bir sıra tədbirlər həyata keçirmək lazımdır: “Biz indi bu məsələyə müşahidəçi gözü ilə baxmamalıyıq. Dəhşət burasındadır ki, cütlüklər rahat şəkildə qərar verib boşana bilir, amma ortada uşaq qalır. Ola bilər ki, tərəflər boşanıb daha yaxşı şəxslə ailə həyatı quracaq, amma uşaq özünə yaxşı ata-ana tapa bilməyəcək. Buna görə də insanlar boşanmaların statistikasından danışanda məni ilk növbədə indi böyüyən yeni nəslin taleyi düşündürür. Boşanmalar yetişən nəslə ciddi şəkildə mənəvi zərbə vurur. Əgər 100 nikahdan 30-u boşanırsa, ondan iki dəfə çox ailədə də gərginlik var və yetişən nəsil o gərginlik içərisində böyüyür. Bu baxımdan təcili tədbirlər görməliyik”.

Həmçinin oxuyun

Azərbaycanda hər 100 ailəyə neçə avtomobil?

Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan …