Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Obama nə ilə yadda qaldı? –ŞƏRH

Obama nə ilə yadda qaldı? –ŞƏRH

ABŞ-da ötən gün keçirilən andiçmə mərasimi ilə ölkə tarixinin ilk qaradərili prezidenti olan Barak Obama dövrü başa çatdı və onu bu postda respublikaçı Donald Tramp əvəzlədi. Bir çox siyasi ekspertlər hesab edirlər ki, 2009-cu ildən Ağ evə rəhbərlik edən Obama ABŞ tarixində ən zəif prezidentlərdən biri kimi yadda qalacaq. Bunun əksini düşünənlər də var.

Ümumilikdə Obama 8 illik fəaliyyəti dövründə necə yadda qaldı? O, hansı addımları ilə hələ illər boyu xatırlanacaq?

Politoloq Qabil Hüseyinlinin fikrincə, Barak Obama ABŞ tarixində skandal yaşamayan tək-tük prezidentlərdəndir: “Düşünürəm ki, Obama xarizması və əxlaqi tərbiyəsi ilə çoxlarına nümunə ola bilib. O, ABŞ tarixində daha çox tibbi sığorta islahatları ilə yadda qaldı. Eyni zamanda ölkənin iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi üçün xeyli işlər gördü. Varlılarla kasıblar arasındakı fərqi minumuma endirməyə cəhdlər etdi və buna qismən nail oldu”.

Politoloq hesab edir ki, Obamanın daxili siyasətdə uğurları kifayət qədər olsa da, xarici siyasətində kəsrlər var: “Obama xüsusilə imkan verdi ki, Rusiya əzələ nümayiş etdirməklə həm post-sovet məkanında, həm Yaxın Şərqdə, həm də Avropada fövqəlgüc olduğunu təsdiq edə bilsin. Doğrudur, Rusiya iddia edir ki, fövqəlgücə çevrilib. Ancaq, hesab edirəm ki, Rusiya regional gücdən o tərəfə keçə bilməyib. Əsas məsələ ondan ibarətdir ki, Rusiyanın bir sıra neqativ hərəkətlərinin qarşısını almaq üçün ABŞ sipər çəkə bilərdi, amma Obama buna cəsarət etmədi. Ümumiyyətlə Barak Obama prezidentlik dövrünü konfiliktsiz başa vurmaq istəyirdi və bunu da bacardı. Yalnız son dövrlərdə Rusiya və Çinə qarşı sərt münasibəti ilə seçildi. Obama yeni dünya düzənini pozmağa çalışan və özlərinin başa düşdükləri formada düzən tətbiq etməyə çalışan Rusiya və Çini müəyyən həlqəyə salmağa çalışdı”.

Q.Hüseynli qeyd edib ki, Obamanın yeni dünya düzəninin qurulmasına qarşı apardığı siyasəti Trampın necə davam etdirəcəyi hələlik bəlli deyil: “Tramp bu siyasəti davam etdirəcəki? Yaxud o, prezidentlik kürsüsündə sona qədər otura biləcəkmi? Bu suallar hələlik cavabsızdır. Çünki, siyasətdən gələn Obama və ondan öncəki prezidentlərdən fərqli olaraq Tramp prezidentliyə birbaşa biznes həyatında gəlib. Ümumiyyətlə, onun prezident kimi səlahiyyətlərinin öhdəsindən necə gələ biləcəyini gələcək göstərəcək”.

Politoloq Fikrət Sadıqov hesab edir ki, Obama ziddiyətli prezident kimi yadda qalıb: “Doğrudur, ABŞ-ın müəyyən hissəsi ondan razı idi. O, seçki kampaniyası dövründə səhiyyə, sosial təminat sahələrində yeniliklərlə bağlı verdiyi bir sıra vədlərə əməl etmədi. Bu, onun səhvlərindən qaynaqlanır”.
Politoloqun fikrincə, Obamanın xarici siyasət kursu da o qədər uğurlu alınmayıb: “Xarici siyasətində səhvlər olub. Bura Yaxın Şərqdə baş verən hadisələri göstərə bilərik. Obama Əfqanıstandan ABŞ qoşunlarını çıxaracağını bəyan etmişdi, ancaq əməl etmədi. Yəni, indiyə qədər ABŞ ordusu Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak edir. Eyni zamanda Obama Quantanamo həbsxanasının bağlanacağı haqda vədini yerin yetirə bilmədi”.
F.Sadıqov vurğulayıb ki, Obama bir sıra dövlətlərin daxili işlərinə müdaxilə edən prezident kimi də yadda qalıb: “Obama administrasiyası dövlətlərin daxili işlərinə müdaxilə etməklə məşğul olub. ABŞ başqa ölkələrə öz dəyərlərini təlqin etməyə çalışırdı. Bu isə bir çox dövlətləri qıcıqlandırır, onları ABŞ-a düşmən kimi baxmağa sövq edirdi. Reallıq həmin ölkələrin ABŞ-a münasibətində açıq sezilirdi.
Ümumiyyətlə, Obama tarixdə zəif ABŞ prezidenti kimi yadda qaldı. Bu zəiflik isə həm daxili, həm də xarici siyasətin həyata keçirilməsində öz əksini tapıb”. (AzVision.az)

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …

Bir cavab yazın