Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Novruzqabağı bahalaşma başladı, müştərilər qoz-fındığı kiloyla yox, qramla alır

Novruzqabağı bahalaşma başladı, müştərilər qoz-fındığı kiloyla yox, qramla alır

Belə görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin, habelə “Əzaq Tədarükü və Təchizatı” ASC-nin təşkil etdiyi bayram yarmarkalarına baxmayaraq bu Novruz bayramını da bahalaşmasız keçirmək mümkün olmayacaq. Çünki  bayrama iki həftədən artıq vaxt qalsa da, bazarlarda qiymətlərin artımı artıq başlayıb.

Bakının “8-ci kilometr” bazarında satıcılar deyirlər ki, bayram çərəzlərinin qiymətləri onsuz da son illərdə xeyli artıb və bir çoxları üçün əlçatmaz olub. Nəticədə indi bazarda qoz-fındığı kiloyla deyil, qramla çəkdirib alanlar artıb

Satıcılar qiymətlərin yaxın günlər ərzində bir az da bahalaşacağını istisna etmirlər: “Bayrama aid hər şeydə artım var. Ən çox satılan qoz-fındığın qiyməti qalxıb. Ordubad qozununun ləpəsinini 25 manatdan aşağı tapmazsınız. Saf Qəbələ fındığı 13-15 manatdır. Amma Gürcüstandan, İrandan, Türkiyədən gətirilən məhsulların qiymətləri nisbətən ucuzdur. Gərək keyfiyyətli məhsulu ayıra biləsən. Bəziləri elə xaricdən gətirilənləri yerli adıyla baha qiymətə satırlar”, – deyə bazarda mövsümi məhsullar, çərəz alveri ilə məşğul olan Nemət İsmayılov bildirir.

Şimal, şimal-qərb rayonlarından gətirilən qoz ləpəsini isə 12-18, fındığı isə 9-13 manata tapmaq olar. Bazarda ən bahalı məhsul isə kiloqramı 30 manata təklif olunan yer fındığıdır. Püstə 22-25 manat, kişmiş 12-18 manat, xurma qurusu 14 manat, meyvə qurusu 8-15 manat arasında dəyişir. Satıcılar Göyçaydan gətirilən innabı  4-6 manata, Şabran badamını 15 manata, balqabaq ləpəsini 15 manata, Xaçmaz iydəsini 6-8 manata satdıqlarını deyirlər.

Amma satıcılar bahalı məhsulların alıcılarının çox az  olduğunu deyirlər: “Əvvəllər hamı aldığının mənşəyini, hansı ölkədən gətirildiyini soruşurdu. İndi müştərilərin çoxu birinci qiymətə baxır. Heç əksəriyyəti haradan gətirildiyini də soruşmur. Əsas odur ucuz olsun. Çoxu isə qiyməti soruşub gedir. Gəlib günü axşam edib qayıdırıq evimizə. Qazandığımız qəpik-quruşu da yer puluna veririk. ”, – deyə həmsöhbətimiz deyir.

Bazarda meyvələrin də qiymətində  20-30 qəpik artım var. Satıcılar deyirlər ki, kartof, kök və kələmin qiymətində dəyişiklik yoxdur, ancaq soğanın kiloqramında cüzi bahalaşma var: “Kartofun qiymətində dəyişiklik yoxdur, elə əvvəl də seçmə Gədəbəy kartofunu 1 manata satırdım, indi də elə satıram. Amma soğan 10 qəpik bahalaşıb, indi 60 qəpikdir.  Kökün, kələmin 3 kiloqramı 1 manatdır”, – deyə tərəvəz satışı ilə məşğul olan satıcı Əziz bildirir.

Bayramı ərəfəsində fəaliyyətə başlayan yarmarkalara çıxarılan məhsulların qiymətlərində elə böyük fərq hiss olunmur. Məsələn, “28 May” metro stansiyasının yaxınlığında açılan yarmarkada qoz ləpəsinin qiyməti 17-22 manatdır. Badam 22 manat, qaysı qurusu 8 manat, ləbləbi 16 manat, kişmiş 12-15 manatdır.

Satıcılar qiymətlərin cüzi bahalaşdığını desələr də, alıcılar qiymətlərin od-tutub yandığını bildirirlər: “Kimin imkanı var indidən Novruz bazarlığını eləyir. Çünki bir azdan lap bahalaşacaq, heç bazara girmək mümkün olmayacaq. Mən indi bayram bazarlığına gəlməmişəm, gözləyirəm pensiyam karta yüklənsin, sonra gəlim yarım kilo xurma, kişmiş alım. Başqa nəyəsə gücüm çatmır…”, – deyə alıcı Yeganə Əhmədova deyir.

Bakı sakinlərinin əsl bayram alış-verişi hələ qabaqdadır. Deməli tələbatın kəskin artması nəticəsində qarşıdakı günlərdə qiymətlərdə bir az da artım olacaq…

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …