Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Novo Oqaryovoda Qarabağ sammiti?

Novo Oqaryovoda Qarabağ sammiti?

Qarabağda 4 günlük müharibənin diplomatik-siyasi planda əsas nəticəsi heç şübhəsiz ki, Rusiyanın həm hərbi əməliyyatların dayandırılması, həm tərəflərin yenidən danışıqlar masasının arxasına keçməsinə yönələn, misli görünməmiş fəallığı oldu.

Xəbər verildiyi kimi hərbi əməliyyatların başlamasına ilk xarici reaksiya məhz Rusiyadan gəldi. Aprelin 2-də, cəbhənin üç istiqamətində qanlı döyüşlərin başlamasından bir neçə saat sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  təcili bəyanatla çıxış edərək Vladimir Putinin baş verənlərdən ciddi narahat olduğunu, tərəfləri dərhal atəşi dayandırmağa çağırdığını bəyan etdi.

Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə təcili telefon danışığı apardığı açıqlandı. Daha sonra xarici işlər naziri Sergey Lavrov vəziyyətə müdaxilə etdi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları aparıb hərbi əməliyyatların dərhal dayandırılmasına dair Moskvanın mövqeyini bir daha tərəflərin nəzərinə çatdırdı. Rusiya ilə yanaşı Minsk Qrupunun digər iki həmsədri-ABŞ və Fransa, habelə ATƏT və digər beynəlxalq oyunçular da tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırdılar. Ancaq heç bir şübhə yoxdur ki, ən güclü səylər məhz Rusiya rəhbərliyi tərəfindən göstərilirdi.

Rusiyanın Qarabağda döyüş əməliyyatlarını dayandırmağa yönəlmiş bu səyləri, tərəflərə göstərdiyi təyiqlər  elə həmin gün nəticə verdi. Azərbaycan Müdafiə Nazirliyi elan etdi ki, vasitəçilərin çağırışlarını nəzərə alaraq hərbi əməliyyatları birtərəfli qaydada dayandırır. Lakin Ermənistan bu çağırışlara müsbət cavab vermədi, hərbi əməliyyatların ancaq bir şərtlə dayandırılacağını açıqladı: Azərbaycan ordusu ələ keçirdiyi mövqelərdən çəkilsin, əvvəlki mövqelərinə qayıtsın. Təbii ki, bu şərti qəbul etməyə kimsə hazırlaşmırdı və beləliklə, döyüş əməliyyatları daha iki gün davam etdi.

İndi məlum olur ki, yalnız aprelin 4-də axşam Rusiya Ermənistan rəhbərliyini də hərbi əməliyyatların qeyd-şərtsiz dayandırılmasına razı sala bilib. Rusiya müdafiə naziri Sergey Şoyqu silahlı qüvvələrin baş qərargah rəisləri arasında təcili görüş keçirilməsini təklif edib. Bu təklifə əvvəl Bakı, sonra İrəvan müsbət cavab verib. Silahlı qüvvələrin baş qərargah rəisləri Nəcməddin Sadıxovla Yuri Xaçaturovun aprelin 5-də səhər tezdən Moskvaya uçmasına qərar verilib. Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Valeri Gerasimovun vasitəçiliyi ilə  baş tutan görüşdə tərəflər hərbi əməliyyatların dayandırılmasına dair şifahi razılaşma əldə ediblər.

Atəşkəs razılaşmasının əldə edilməsinin ardınca bu dəfə Putin özü işə qarışdı, Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb əldə edilmiş razılaşmaya əməl edilməli olduğunu bildirdi və tərəfləri danışıqlar masası arxasına dəvət etdi.

Ümumiyyətlə, Putinin səyləri bununla bitmir. Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları ilə kifayətlənməyib Qazaxıstan prezidenti Nursultan Nazarbayevə də zəng vurdu. Niyə Nazarbayevə? Görünür ona görə ki, Qazaxıstan prezidenti MDB məkanında ən təcrübəli, ağsaqqal dövlət başçısıdır və böhranlı vəziyyətlərdə təmkinli addımlar atan, barışdırıcı mövqedən çıxış edən siyasətçidir. Və Putinin zəngindən sonra Nazarbayev özü İlham Əliyevə və Serj Sərkisyanla telefon danışıqları apardı.

Qarabağda hərbi əməliyyatlar Rusiya baş naziri Dmitri Medvedyevin İrəvana, xarici işlər naziri Sergey Lavrovun Bakıya daha əvvəl planlaşdırılan səfərləri ərəfəfində baş verdiyindən bu səfərlər Rusiyanın tərəfləri danışıqlar masasına qaytarmaq səylərinin tərkib hissəsinə çevrildi. Lavrov Bakıda Rusiyanın münaqişənin nizamlanmasına dair daha əvvəl təqdim olunmuş təkliflərini bir daha müzakirə etdi.  Medvedyev isə səfər planına dəyişiklik edib İrəvandan sonra Bakıya gəldi. Onun da apardığı danışıqlarda Qarabağda yaranmış vəziyyət və Rusiyanın nizamlama təklifləri mərkəzi yer tuturdu.

Nəhayət dünən aprelin 8-də prezident Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını çağırıb Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyəti müzakirə etdi. Və maraqlıdır ki, iclasdan sonra yenidən Nazarbayevə zəng vurdu.

Bu gərgin telefon trafikinin detalları məlum deyil. Ancaq böyük ehtimalla Putin Qarabağa dair təcili sammit çağıracaq və istisna deyil ki, orada Qazaxıstan prezidenti də iştirak edəcək. Artıq xəbər verildiyi kimi həm xarici işlər naziri Lavrov, həm baş nazir Medvedyev Azərbaycan prezidentinə Putinin Moskvaya səfər dəvətini çatdırıblar. Dəvət qəbul olunub. Mümkündür ki, belə dəvət Ermənistan prezidentinə də göndərilib. Və ola bilsin yaxın həftələrdə Putinin Moskva ətrafı Novo Oqaryevo iqamətgahında Qarabağa dair prezidentlər səviyyəsində görüş baş tuta bilər.

Rusiya hərbi əməliyyatları dayandırmaq üçün bu cür misli görünməmiş diplomatiya nümayiş etdirməklə nəyə nail olmaq istəyirdi? Bəlkə Azərbaycan ordusunun daha da irəli gedib bir-iki rayonu geri almaqla status-kvonu radikal şəkildə dəyişdirməsinə imkan vermək istəmirdi? Görünür bu amili də nəzərdən qaçırmaq lazım deyil. Ancaq əsas nəticə odur ki, Putin Suriyadakı 5 illik qanlı müharibəyə müdaxilə edib Bəşər Əsədi xilas edəndən və möcüzəli şəkildə çoxsaylı silahlı qrupları əhatə edən atəşkəsə nail olandan sonra ikinci böyük diplomatik qələbəni qazandı. Rusiya nümayiş etdirdi ki, Qarabağda vəziyyəti nəzarət altına almağa ancaq onun imkanı və gücü çatır, tərəfləri hərbi əməliyyatları tezliklə dayandırmağa ancaq o inandıra bilir. Deməli Minsk Qrupunun digər həmsədrləri-o cümlədən Rusiyanın başlıca geosiyasi rəqibi ABŞ bununla hesablaşmalıdır…

Virtualaz.org

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın