Şənbə , May 25 2019
Ana səhifə / Sosial / NEFTÇİLƏR MİKAYIL İSMAYILOVDAN PREZİDENTƏ ŞİKAYƏT ETDİLƏR

NEFTÇİLƏR MİKAYIL İSMAYILOVDAN PREZİDENTƏ ŞİKAYƏT ETDİLƏR

Məlumat üçün bildirək ki, SOCAR-da vitse-prezidentlərin sayı 10-dan çox olsa da onların arasında adı birmənalı olaraq korrupsiya olayları ilə asosasiya olunan şəxs SOCAR-ın ümumi məsələlər üzrə vitse-prezidenti Mikayil İsmayılovdur.

Elə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) bir qrup işçisinin prezidentə ünvanladığı və bir nüsxəsini də 365İNFO-nun redaksiyasına göndərdiyi şikayət məktubu da Mikayil İsmayılovla bağlı yuxarıda dediklərimizi bir daha təsdiq edir.

SOCAR-ın Nəqliyyat İdarəsinin bir qrup işçisi tərəfindən göndərilən şikayət məktubunda bildirilir ki, SOCAR-da aparılan maxinasiyalara rəhbərliyin birbaşa Mikayil İsmayılov tərəfindən edilməsi barədə demək olar ki, bütün səlahiyyətli şəxslər məlumatlıdır: “Bu haqda kütləvi informasiya vasitələrində, ələlxüsus internet resurslarında kifayət qədər məlumatlar var və həmin məlumatlar getdikcə daha da artmaqdadır.

Qeyd edək ki, M.İsmayılov həm də SOCAR-da Satınalmalar Komitəsinin rəhbəridir. SOCAR-da aparılan bütün əməliyyatlarda onun bəlli bir faizi vardır. Satınalmalarda qiymətlərin ikiqat, hətta beşqat şişirdilməsi SOCAR-da hər bir şəxsə məlumdur. Tender qalibləri əsasən M.İsmayılova məxsus və ya ona yaxınlığı ilə seçilən şirkətlərdir. Bu haqda mətbuatda kifayət qədər yazılar getdiyindən bu mövzunun üstündə dayanmaq istəmirik.

Bu şikayətimizdə Mikayıl İsmayılovun yeni cinayətləri barəsində söz açmaq istəyirik. Bildirək ki, 2014-cü ildə M.İsmayılovun təşəbbüsü ilə SOCAR-ın strukturunda Nəqliyyat İdarəsi yaradıldı. Lakin idarənin yaradılması SOCAR-ın digər idarə rəhbərləri arasında ciddi narazılıqlara səbəb oldu. İdarə rəisləri “yağlı tikə” hesab olunan nəqliyyat sektorunu əldən vermək istəmirdi. İdarə rəisləri tonlarla yanacaq və ehtiyat hissələrinin alınmasından əldə edilən milyonlarla pulları-yeyinti imkanını asanlıqla əldən vermək istəmirdi. İdarələrdə nəqliyyat sahəsinin xərcləri neftin maya dəyərinə daxil edildiyindən mənimsənilən milyonlar asanlıqla gizlədilirdi. Aydın məsələdir ki, bu gəlirli sahə Mikayıl İsmayılovun diqqətindən kənarda qala bilməzdi və 2014-cü ildə SOCAR-ın bütün nəqliyyatı bir əldə cəmləşdirilərək, dediyimiz kimi Nəqliyyat İdarəsi yaradıldı. Nəqliyyat İdarəsi yaradılarkən peşəkar kadrlar rəhbərlikdən uzaqlaşdırılaraq onların əvəzinə Ağsu və Şamaxıdan olan Mikayıl İsmayılovun qohum-əqrəbası və yaxınları yerləşdirildi. Nəqliyyat İdarəsinin rəisi vəzifəsinə isə M.İsmayılovun cinayət ortaqlarından biri olan Elçin Zülfüqarov təyin edildi. 15 idarənin birləşməsindən əmələ gələn Nəqliyyat İdarəsində 9000 işçi və 5000 nəqliyyat vasitəsi var. Nəqliyyat vasitələrinin əksəriyyəti M.İsmayılova məxsus olan şirkətlərdən alınmış və sahibinə milyonlarla dollar qazanc gətirmişdir.

Nəqliyyat vasitələri əsasən Amerikanın General Motors şirkətinin istehsalı olan və Chevrolet, GMC, Buick La crosse markalı avtomobillərdən ibarətdir. Avtomobillərin satışını artırmaq məqsədilə M.İsmayılovun göstərişinə əsasən vitse-prezidentlər və idarə rəislərinin hər birinə 2-3 avtomobil təhkim olunmuşdur. Lakin bu qədər böyük dövlət vəsaitinə alınmış avtomobillərin 50%-i istifadəsiz olaraq saxlanılır.

Bundan əlavə 5000 ədəd avtomobilin təmiri üçün ehtiyat hissələrinin, avtoşinlərin alınmasında mənimsənilən vəsaitin miqdarı da fantastik məbləğdədir. Korrupsiya yolu ilə Nəqliyyat İdarəsində fərqinə varmadan işləyən və işləməyən avtomobillərə sənəddə ehtiyat hissələri yazılır və yanacaq silinir.

Məlumata görə avtomobillərin əsas təmiri Nobel prospektində yerləşən təmir emalatxanasında aparılır. Təmir işlərinə Elçin Zülfüqarovun bacısı oğlu Ziyad adlı şəxs nəzarət edir. Ehtiyat hissələrinin alışı isə Elçin Zülfüqarovun digər bacısı oğlu -Ülvi adlı şəxs tərəfindən həyata keçirilir. Bu şəxslərin hamısı M.İsmayılovun cinayətkar şəbəkəsinin üzvləridir və idarədə toxunulmaz sayılırlar.

Mikayıl İsmayılovun birbaşa rəhbərliyi ilə SOCAR-da olan nəqliyyat vasitələri satışa çıxarılır. Bildirilir ki, bu nəqliyyat vasitələri BP şirkətindən SOCAR-a verilən nəqliyyat vasitələridir. Bu nəqliyyat vasitələrinin sayı 350 ədəd olmuşdur. Onların 100 ədədə yaxını tam təmir olunaraq Ağsu rayonuna göndərilərək M.İsmayılovun qohumlarının adına keçirilmişdir, digərləri isə SOCAR-ın vəzifəli şəxslərinə satılmışdır. Nəqliyyat vasitələri 1500-2000 manata satılsa da alıcılardan 10.000-15.000 manat alınmış, fərq isə təbii ki, M.İsmayılov tərəfindən mənimsənilmişdir.

Qeyd edilir ki,avtomobillərin satışına nəqliyyat idarəsində baş mühəndis Elton Əhədov rəhbərlik edir. Satışdan mənimsənilən vəsait isə nə az-nə çox-2. 000 000 manat civarındadır.

Tərəfimizdən dəfələrlə Elçin Zülfüqarov və Elton Əhədova müraciət edilsə də onlar bu işin M.İsmayılov tərəfindən rəhbərlik edildiyini bildirmiş və narahatçılığa heç bir əsas olmadığını bildirmişlər. Əfsuslar olsun ki, indiyədək M.İsmayılovun qanunsuz əməlləri haqqında mətbuatda kifayət qədər araşdırma yazılar yazılsa da onunla bağlı heç bir tədbir görülməyib.

Amma M.İsmayılov unutmasın ki, MTN-də baş verən məlum əməliyyatın nə vaxtsa SOCAR-da da aparılması mümkündür. Buna görə də ümid edirik ki, bir gün onlardan da hesab soruşulacaq”.

Hörmətlə, SOCAR-ın Nəqliyyat İdarəsinin bir qrup işçisi

365İNFO.ORG

Həmçinin oxuyun

İndiyədək 12685 vərəsəyə birdəfəlik ödəmə verilib

İndiyədək 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək …