Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Nazirlik “tüstülü restoranlar”la mübarizəni sərtləşdirdi

Nazirlik “tüstülü restoranlar”la mübarizəni sərtləşdirdi

Ramal Bağırov: “Bakı-Abşeron ərazisində təxminən 90-a yaxın ictimai-iaşə obyektinə  müvafiq qurğu quraşdırılıb”

Məhərrəmlik ayının başa çatmasından sonra iaşə obyektlərinin, şadlıq saraylarının fəaliyyəti genişlənib. Xüsusilə də Bakı şəhərində fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Yəni hər gün onlarla adama süfrələr açılır, yeməklər bişirilir. Bəs bu yeməklərin tüstüləri yenə də ətrafa yayılır?

Məlumat verək ki, prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  bir sıra əhali, ölkə üçün vacib məsələlərə toxundu. Ölkə başçısı həmçinin havanı çirkləndirən məişət obyektlərinə də ciddi xəbərdarlıq etdi.  Prezident bildirdi ki, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq.

Lakin hələ də qaydalara əməl etməyib, “tüstüləməyə” davam edən restoranlar var.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ramal Bağırov bildirdi ki, hazırda iaşə obyektlərinin müvafiq qurğularla təmini istiqamətində işlər davam edir:

Ramal Bağırov ile ilgili görsel sonucu

“Lakin demək olmaz ki, bütün restoranlar bu qurğuları quraşdırıblar. Bu günə olan məlumat belədir ki, hazırda Bakı-Abşeron ərazisində təxminən 90-a yaxın ictimai-iaşə obyektinə qurğu quraşdırılıb. 200-ə yaxın obyektin üzərində iş gedir. Yəni onların bəzilərinin  müvafiq müqavilələri var, bəziləri isə ilkin işlərə başlayıblar. Deyim ki, bu, uzunçəkən prosesdir. Artıq 150-yə yaxın ictimai-iaşə obyekti heç bir iş görmədiyinə görə, ətraflarından analiz götürmüşük və atmosferə buraxdığı zərərli maddənin normadan artıq olduğunu müəyyənləşdirib, cəriməyə göndərmişik. Onların içərisindən 9-u ümumiyyətlə, bu qurğunu quraşdırmaqda maraqlı deyildi. Hesab edirdilər ki, proses bu formada da davam edəcək. Artıq onlarla da bağlı müvafiq sənədlər toplanılıb, məhkəməyə müraciət olunacaq. Bu restoranların sonunun necə olacağı barədə məhkəmə qərar verəcək. Məhkəməyə verildikdən sonra bu iaşə obyektlərindən 4-ünə qurğu quraşdırılıb. Digər 5 obyektin işi isə hələ də məhkəmədədir. Bundan əlavə 11 ictimai-iaşə obyektinin də sənədlərini məhkəməyə vermək üçün hazırlayırıq. Məhkəməyə verildikdən sonra  ictimai-iaşə obyekti qurğunu quraşdırırsa, yəqin ki, onun fəaliyyətinin dayandırılması barədə qərar verilmir. Çünki tələb edilən qurğunu quraşdırır”.

restoranların tüstüsü ile ilgili görsel sonucu

R.Bağırov bildirib ki, monitorinq keçirən zaman görürük ki, atmosferə tullantı atanlar daha çox restoranlardır:

“Şadlıq evləri gün ərzində 2-3 saat atmosferə tullantı atırlar. Restoranlar isə bütün gün boyu bu işlə məşğuldur. Yəni məsələ şadlıq evinin böyüklüyündən, görkəmindən asılı deyil. Kiçik restoranlar şadlıq evlərindən daha çox tüstü verirlər”.

Redaksiyamıza müraciət edən İçərişəhər sakinləri orada fəaliyyət göstərən restoranların çoxluğundan, atmosferi çirkləndirmələrindən narazılıqlarını bildirmişdilər.  R.Bağırov söylədi ki, İçərişəhər ərazisində də monitorinqlərə başlayıblar:

“Onu da deyim ki, artıq İçərişəhərdə də işlərimiz başlayıb. Nizami küçəsi və digər mərkəzi ərazilərdə yerləşən ictimai-iaşə obyektlərinin bir neçəsində bu qurğudan var. Olmayanlara isə xəbərdarlıq edirik ki, müvafiq qurğunu quraşdırsınlar. İçərişəhər ərazisində samovar düzüb qaynadanlara  əməkdaşlarımız tərəfindən tövsiyələr edilir ki, atmosferi çirkləndirməsinlər. Restoranlardan çıxan tüstü ilə müqayisədə təbii ki, bu, çox kiçikdir. Cərimələrə gəlincə isə bu, hüquqi, vəzifəli, fiziki  şəxs olmasına görə fərqlənir. Ümumilikdə isə 8500 manatdan, 12500 manata qədər cərimə olur. Bu, atmosferə atılan tullantıların miqdarından və keyfiyyətindən də asılıdır. Qurğuların qiymətinə gəlincə isə bu, bizə məlum deyil. Hazırda Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində bir şirkət həmin qurğuları nümayiş etdirir”.

R.Bağırov söyləyib ki, sakinlərin şikayətləri əsasında Neft Emalı Zavodunda da monitorinq aparılıb və atmosferə atılan tullantılar səbəbindən zavod cərimələnib:

“Zavodun problemi odur ki, qurğuları çox köhnədir. Yeni qurğular quraşdırılarsa, atmosferə tullantılar atılmaz. Hazırda zavodda yenidənqurma işləri görülür. Müasir qurğular quraşdırıldıqdan sonra, yəqin ki, problem də olmaz”.

Ekologiya və Təbii Sərvətlə Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, bəzi restoranların bacasından çıxan tüstü havanı çox çirkləndirir və ətrafda yaşayan insanlara narahatlıq verir. Bu cür reydlərin əsas məqsədi isə bu restoranları cəzalandırmaq deyil, nəhayət ki, problemi aradan qaldırmaqdır. “Əgər məsələ ancaq cərimələrdə olsaydı, biz heç bir xəbərdarlıq etməzdik”, – İradə İbrahimova deyir.

Onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, bəhs edilən qurğuların quraşdırılması 20-30 min manata başa gəlir.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …