Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nazir müavini taksilərin sayının azaldılmasını təklif edib

Nazir müavini taksilərin sayının azaldılmasını təklif edib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Bakıda həddən artıq çox taksinin olduğunu söyləyib.

Bildirib ki, paytaxta 20 min taksi kifayətdir, lakin 60 minədək taksi fəaliyyət göstərir.
Onun sözlərinə görə, hələ bu, sayın azalmış vəziyyətidir:

“Əslində paytaxtda 67 mindən çox taksi fəaliyyət göstərirdi. Yaydan bu yana 60 minədək azalıb”.

Rəhman Hümmətov. Foto: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Nazir müavini həmçinin, bildirib ki, taksi sayının azaldılması heç də 40 minə yaxın sürücünün işsiz qalmasına gətirməyəcək:

İctimai nəqliyyatda, yükdaşımalarda ciddi sürücü ehtiyacı var. İkili işlərdə çalışanları da qeyd etmək lazımdır…”, – nazir müavini bildirib.

İqtisadçı Natiq Cəfərli deyir ki, taksi sayının azaldılmasına səbəb Azərbaycan hökumətinin rəqabətli mühit istəməməsindən irəli gəlir. Onun sözlərinə görə hökumət rəqabəti təhlükə sayır:

Çünki taksi xidməti azsaylı sahələrdəndir ki, rəqabət yüksəkdir. Son 10-15 ildə, bəlkə də yeganə sahədir ki, qiymətlər ucuzlaşıb, vətəndaşın seçim imkanı yaranıb. Deməli, bundan narahatdılar, növbəti dəfə işıq gələn yeri qapatmağı düşünürlər”.

İqtisadçı sual edir: “Əks halda, hökuməti niyə 60 min taksi narahat etməlidir ki?!”.

Əgər məsələ tıxacdırsa, Bakıda 900 minə yaxın avtomobil var, bunun cəmi 60 mini taksidirsə, niyə bu məsələyə kökləniblər?! Əslində, hökumət özünə sual verməlidir ki, ictimai nəqliyyat normal işləsəydi, taksiyə tələb artmazdı. Düşünməlidir ki, camaat kefindən taksi sürmür, iş-güc yoxdur, iş tapa bilmirlər deyə, taksi sürməyə yönəlirlər”, -Natiq Cəfərli deyib.

Natiq Cəfərli sual edir ki, 40 min sürücünü işsiz qoyub nə qazanacaqlar:

Narazılığın yüksəlməsini?! Niyə? Özlərinə düşməndilər?”.

Onsuz da quru sərhədləri bağlı saxlamaqla millətin narazılığını yüksəldiblər, niyə daha da artmasını istəyirlər, anlamıram”, – iqtisadçı vurğulayıb.

Azərbaycanda taksilərlə bağlı dəyişikliklər artıq ötən ildən həyata keçirilir. “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, taksi sürücüsü tibbi müayinədən keçməli, avtomobilin texniki vəziyyəti yoxlanmalıdır. Eyni zamanda, taksi sürücüləri buraxılış vəsiqəsi əsasında işləməlidir.

Bakı şəhərinin inkişafına dair Baş planında da qeyd olunub ki, 2040-cı ilə qədər taksidən istifadə edənlərin sayı 2.7 faizədək azalmalıdır.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …