Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Sosial / Nazarbayevin Bakı səfərindən əsas gözlənti…

Nazarbayevin Bakı səfərindən əsas gözlənti…

Qabil Hüseynli: “Azərbaycan daim Qazaxıstanın dəstəyini öz üzərində hiss edib…”
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. İki gün çəkəcək səfər zamanı iki ölkə arasında dövlətlərarası əməkdaşlığa dair dörd sənədin imzalanması nəzərdə tutulur.
Qazaxıstan liderinin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda təhlükəsizlik, iqtisadiyyat, tranzit və regional siyasət sferalarında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilirdi. Ekspertlər həmçinin istisna etmirlər ki, rəsmi Bakı Qazaxıstandan, BMT TŞ-nin qeyri-daimi üzvü kimi Dağlıq Qarabağ məsələsində dəstək gözləyir.
Əslində Nazarbayevin Bakı səfəri ötən il oktyabrın 12-də reallaşmalı idi. Lakin o zaman Qazaxıstan prezidentinin səhhətində problem yarandığından onun Azərbaycana ziyarəti mümkün olmamışdı. Ekspertlər Azərbaycan-Qazaxıstan əlaqələrinin yaxın olmasını qeyd edərək, Nazarbayevin Bakı səfərinin əhəmiyyətinin yüksək olacağından söz açırlar. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu səfərin mühüm rol oynayacağı dilə gətirilir.
Image result for Qabil Hüseynli
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Nazarbayevin Azərbaycanı sevən bir şəxs olduğunu söylədi: “Qazaxıstan türkdilli ölkələr sırasında bəlkə də yeganə respublikadır ki, müstəqillik qazandıqdan sonra Azərbaycanla sıx münasibətlər yaradıb. Demək olar ki, bütün məsələlərdə ölkəmizlə eyni platformadan çıxış edirlər. Bu yaxın münasibətlərin bünövrəsi mərhum prezident Heydər Əliyevlə Nazarbayev tərəfindən qoyulub. Şahidi olduğum bir məqamı qeyd edim. Bir dəfə Heydər Əliyev Çindən səfərdən qayıdanda Nazarbayev ona zəng edərək, bir neçə saatlıq olsa da, Almatada onun qonağı olmasını xahiş etdi. Görüş zamanı Nazarbayevin Heydər Əliyevə necə böyük ehtiramla, ağsaqqal kimi yanaşmasının şahidi oldum. Həmin vaxt Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktından danışması məni xeyli dərəcədə təəccübləndirdi. Çünki o zaman yeni müstəqillik qazanmış dövlətlərin hər birinin öz qayğıları var idi. Amma bütün bunlara baxmayaraq, bu şəxsdə türkçülük şüurunun necə olduğunu, Azərbaycana qardaş və müttəfiq bir ölkə kimi baxdığının şahidi oldum. O, çox böyük siyasətçidir. Rusiyanın müəyyən dairələrinin Qazaxıstana ərazi iddialarının olmasına baxmayaraq, o ölkəsinin ərazilərini qorumağı bacardı və Rusiya ilə yüksək münasibətləri qoruya bildi. Bu gün də Putinin ən yaxın münasibəti olduğu birincilər sırasında dayanır. Azərbaycan daim Qazaxıstanın dəstəyini üzərində hiss edib. Bütün beynəlxalq görüşlərdə Nazarbayev rəsmi Bakı ilə eyni mövqedən çıxış edib. Müxtəlif məsələlərdə ortaq mövqe tutub. Ümumtürk bazarının yaranması ideyasını da müdafiə edib. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli mövqe tutanlardan biri də Nazarbayevdir. Qırğızıstan prezidentindən fərqli olaraq, o hər zaman cəsarətlə bizi müdafiə edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyinə erməninin seçilməsinin əleyhinə çıxış edənlərdən biri Belarus rəhbəri, biri isə Nazarbayev oldu. Nazarbayev baş katibin erməni generalı olacağı təqdirdə Azərbaycan-Ermənistan münasibətlərinin daha da kəskinləşəcəyini nəzərə alaraq, bu addımı atdı. O, bir çox iqtisadi məsələlərdə ölkəmizlə əməkdaşlığa önəm verir. İstədiyimiz qədər Qazaxıstandan taxıl ala bilirik. Bu da bizim iqtisadiyyatımıza ciddi töhfələr verir”.
Politoloq səfər zamanı ediləcək müzakirələrə də toxundu: “Bu səfər zamanı mühüm görüşlər olacaq. Görüşlərdə qarışıqlı münasibətlərin daha da intensiv şəkildə davam etdirilməsi ilə bağlı müzakirələr gedəcək. Gələcəkdə müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi xüsusi müzakirə olunacaq, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı fikir mübadiləsinin aparılacağı şübhəsizdir. İstənilən halda Nazarbayev etibarlı şəxsdir. Azərbaycan hər zaman Qazaxıstan kimi dövlətin dəstəyini arxasında hiss edə bilər”.(musavat.com)

Həmçinin oxuyun

Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin …

Bir cavab yazın