Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Sosial / NATO sammitinin Azərbaycan üçün əhəmiyyəti – ŞƏRH

NATO sammitinin Azərbaycan üçün əhəmiyyəti – ŞƏRH

Ötən gün Polşanın paytaxtı Varşavada NATO-nın növbəti sammiti öz işinə başlayıb. Sammitə qatılan Azərbaycan prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib.

Ölkə başçısı iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkə başçısı sammit çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə də görüşüb. Bununla yanaşı prezidentin Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə də görüşü baş tutub. Vyanada keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident, həmçinin Polşa prezidenti Andjey Duda ilə görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentin NATO sammitində iştirakını şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, Varşava sammiti təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından yadda qalıb. Deputat vurğulayıb ki, prezident İlham Əliyevin sammitdə iştirakı mühüm siyasi əhəmiyyət kəsb edir.

“NATO ölkələri dünyanın ən güclü hərbi, siyasi gücə malik ölkələridir. NATO güc və potensial baxımından dünyada yeganə, alternativi olmayan hərbi-siyasi təşkilatdır. Hesab edirəm ki, bu sammitdə Azərbaycan prezidenti İlham Əliyevin iştirakının böyük siyasi əhəmiyyəti var. Belə olan vəziyyətdə Azərbaycan prezidentinin bu sammitə qatılması nəticə etibari ilə dünyanın faktiki olaraq təhlükəsizlik və siyasi arxitekturasını müəyyən edən dövlətlərin başçıları ilə təmas, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin müzakirəsi baxımından olduqca aktualdır.

Heç şübhəsiz ki, ölkə başçısı hər zaman qeyd edir ki, hansı tribunadan istifadə ediriksə, mütləq Ermənistanın işğalçılıq siyasətini ifşa etməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bu nöqteyi-nəzərdən NATO tribunası unikal bir imkandır. Prezident İlham Əliyev bundan maksimum faydalanıb. Prezidentin keçirdiyi görüşlər, xüsusilə də ABŞ dövlət katibi Con Kerri ilə apardığı danışıqlar nəticə etibarı ilə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi mənafeyinə xidmət edir. Eyni zamanda Azərbaycanın üzləşdiyi işğal faktının aradan qaldırılması istiqamətində aparılan iş baxımından olduqca əhəmiyyətlidir”.

Deputat daha sonra Varşavada Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünün baş tutmamasından söz açıb.

“Versiyalar var idi ki, sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Ancaq, öncədən məndə belə bir fikir hasil olmuşdu ki, görüş baş tutarsa, çox tələsik olacaq. Prinsip etibarı ilə sona qədər görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı vahid mövqe yox idi. Belə olan vəziyyətdə, xüsusilə də aprel döyüşlərindən sonra görüş naminə görüş keçirmək praktikasından imtina etməyin vaxtı çoxdan çatıb. Ona görə də indi diqqət daha çox Parisdə keçiriləcəyi gözlənilən prezidentlər səviyyəsində görüşə yönəlib. Xüsusilə də avqust ayı münaqişənin həlli baxımından yadda qalan ay ola bilər. Avqust ayında Rusiya prezidenti Vladimir Putinin və İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri gözlənilir. Əgər avqustda Parisdə danışıqlar başlasa, çox ciddi irəliləyişlər əldə oluna bilər”.

Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlikin “prezidentlər müharibə varinatını rədd etdi” bəyanatını şərh edən E.Nəsirov qeyd edib ki, bu, Azərbaycan üçün yeni hal deyil: “Heç kim münaqişənin müharibəyə çevrilməsində maraqlı deyil. Bu, ilk növbədə Azərbaycan sülhpərvər missiyasından irəli gəlir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. İndiyə qədər atdığımız addımlar bunu sübut edir. Ərazilərimiz 20 ildən artıqdır ki, işğal altındadır, amma biz müharibəyə başlayıb, torpağımızı azad etmək istəmirik. Yəni, Azərbaycan sülhə, münaqişənin dinc yolla həllinə sadiqdir. Bununla belə Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, danışıqlar nəticə verməzsə, Ermənistan müddətsiz danışıqlar taktikasına üstünlük verərsə, məcbur olaraq münaqişənin digər yollarla həlli istiqamətində düşünməliyik. Hesab edirəm ki, aprel döyüşləri Ermənistan üçün dəsr olmalıdır. Danışıqları fayda vermədiyi halda, münaqişənin həlli üçün yeganə alternativ hərbi yoldur. Hər şey Ermənistanın davranışlarından asılıdır”.

E.Nəsirov diqqətə çatdırıb ki, NATO-nun ənənəvi olaraq keçirdiyi sammitlərinin yekun sənədində hər zaman ərazi münaqişələrinin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində həlli məsələsi xüsusi bənd olaraq öz əksini tapır.

“NATO-nun Uels sammitindən geri qayıtdıqdan sonra Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının nümayəndələri ilə görüşündə qeyd etmişdi ki, NATO-nun Uels sammitinin yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyün prinsipi çərçivəsində həlli məsələsi öz əksini tapıb. Ona görə də Sarkisyan demişdi ki, Azərbaycanın NATO və AŞPA səviyyəsində nailiyyətləri artmaqdadır. Ermənistan NATO müstəvisində zəifliyini etiraf etmişdi. Bu baxımdan NATO sammitlərində hər zaman ərazi bütövlüyü prinsipi ön plana çəkilir. Hesab edirəm ki, Varşava sammiti də xüsusi əhəmiyyətə malikdir və bu səndələr Azərbaycanın beynəlxalq mövqelərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsnin həlli ilə bağlı hüquqi arqumentlərini gücləndirən sammit kimi tarixə düşəcək”, – deyə E.Nəsirov vurğulayıb.

AzVision.az

Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın