Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Sosial / NATO-nun iclasında Qarabağ müzakirə edildi

NATO-nun iclasında Qarabağ müzakirə edildi

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası işini davam etdirir.

Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxildir.

Müzakirələr Assambleyanın siyasət, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və təhlükəsizlik, təhlükəsizliyin mülki sahələri, elm və texnologiyalar komitələrində aparılır.

Noyabrın 20-də aparılan müzakirələrdə əvvəlcə bu komitələrin gündəliyində olan mövzularla bağlı məruzələr dinlənilib.

Müzakirələr “Terrorçuluğa qarşı mübarizədə Avroatlantik imkanların və əməkdaşlığın gücləndirilməsi”, “NATO və hərbi dəniz qüvvələrinin gələcəyi”, “İŞİD-ə qarşı beynəlxalq hərbi kampaniyalar”, “NATO-nun qətiyyətli dəstək missiyası”, “Kimyəvi, bioloji, radioloji və nüvə terrorçuluğu” və s. mövzuları əhatə edib.

Məruzələr ətrafında çıxışlarda və suallarda ölkələrin ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı, münaqişələrin dayandırılması, qaçqın və məcburi köçkünlərin zəruri ehtiyaclarının ödənilməsi, onların müvəqqəti yaşayış yerləri ilə təmin olunması, bu qəbildən olan insanların hüquqlarının qorunması, ayrı-seçkilik hallarına, həmçinin terrorçuluğun bütün növlərinə qarşı mübarizədə ikili standartlara yol verilməməsi, bütün bu proseslərə NATO-nun təsir imkanlarının genişləndirilməsi yolları müzakirə olunub.

Müzakirələrdə fəal iştirak edən deputatlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, ərazilərimizin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən hələ də işğal altında saxlanılması, BMT Təhlükəsizlik Şurasının, o cümlədən digər beynəlxalq təşkilatların münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı qərar və qətnamələrinin indiyədək yerinə yetirilməməsi, erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı terror aktlarının acı nəticələri və digər məsələlər barədə fikir və mülahizələrini NATO parlamentariləri ilə bölüşüblər. İclaslarda dəfələrlə ifadə olunub ki, müasir dövrdə beynəlxalq məsələlərlə bağlı ədalətsizliklərin əsasını dünyadakı ikili standartlar təşkil edir.

Sessiya işini noyabrın 21-də başa çatdıracaq. (Azərtac)

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM – Dəhşət…

Aktualxeber.az-ın redaksiyasına şok effekti doğuracaq bir şikayət ərizəsi daxil olmuşdur. Bizə ərizə ilə müraciət edən …

Bir cavab yazın