Cümə , Dekabr 9 2022
Ana səhifə / Sosial / Narkoman taksi sürücüləri – məsuliyyəti hansı qurum daşıyır?

Narkoman taksi sürücüləri – məsuliyyəti hansı qurum daşıyır?

Bakının Səbayel rayonu ərazisində narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə edən Fərid Məmmədov Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb. Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün Səbayel Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, belə faktlar son zamanlar tez-tez qeydə alınır. Hələ gör qeydə alınmayanları nə qədərdir. Bu o deməkdir ki, hər gün onlarla sərnişinin həyatı özləri də bilmədən bu qeyri-adekvat sürücülər hesabına böyük təhlükə altına düşür. 

Bəs bu bəladan niyə qurtula bilmirik?

Həkim-psixiatr Abdulla Sıxlinski rəsmi saytı

 Abdulla Şıxlinski

Həkim-psixiatr, müstəqil tibbi ekspert Abdulla Şıxlinski “Yeni Müsavat”a bildirdi ki, son zamanlar metamfetamin istifadəçilərinin sayı kəskin artıb: “Azərbaycanda “patı” adı ilə tanınan metamfetamin istifadə olunur. İkinci sırada kannabis (anaşa) dayanır. Taksi sürücüləri işə onlayn qaydada qəbul edilir. Heç biri tibbi müayinədən keçirilmir. Şəxsən qarşılaşdığım hal olub ki, sürücü narkotik maddə istifadə etdiyini etiraf edib. Mütəxəssis olduğum üçün rahat şəkildə danışdırmışam. Sürücü deyib ki, gecələr yorğun olanda narkotik maddə istifadə edib. Metamfetamin istifadəçiləri aqressiv olurlar. Narkomanları tanımağın ilkin əlaməti budur ki, onlar ətrafda olan hər kəsi özündən aşağı görürlər. Əgər onların fikri təsdiqlənmirsə, hücuma keçirlər, buna mental hücum deyirlər. Narkomanlar insanları diqqətlə süzüb sonra gözünü qırpmadan baxırlar. Paradoksal haldır ki, narkomanlar insanları tanıya bilirlər. İstənilən narkotik maddə  beyində biokimyəvi prosesləri sürətləndirir. Aqressivlik narkotik qəbul etmə istəyi baş qaldıranda yaranır. Əgər istifadəçi istədiyi maddəni tapmırsa,  gözlər bərəlir, qızarır, hipoksiya (oksigen çatışmazlığı) səbəbindən bədənin açıq nahiyələrində ya dərinin rəngi solğun olur, ya da çox qızarır. Beyin qansız qaldığı üçün də aqressiya yaranır. Bəzən narkomanlar dərindən ah çəkirlər, sanki hava çatışmazlığından əziyyət çəkirlər. Başqa zahiri əlamətlər də var: geyimin çirkli olması, gigiyenik mənada təmiz olmamaq, bəzən günlərlə duş qəbul etmirlər. mövsümə uyğun geyinməmək və s. Narkotik sərxoşluq vəziyyətində olan şəxs  eşitdiyi sözü anlamır. Bundan başqa, gəzərkən əllərin, ayaqların həddən artıq hərəkətliliyi nəzərə çarpır. Metamfetamin istifadəçilərini məcburi qaydada xəstəxanaya yerləşdirmək lazımdır. Metamfetamin qəbul edən şəxsləri müalicə etmək mümkün deyil. Bircə dəfə qəbul edilsə, orqanizmdə elə dəyişikliklər baş verir ki, həmin şəxsi xilas etmək olmur. Onlar ömürlük psixiatrik müalicəyə məhkumdurlar. Hər hansı şəraitdə narkomanla qarşılaşdıqda müvafiq qaynar xəttə məlumat verilməlidir. Suallara imkan daxilində təsdiqedici cavablar vermək lazımdır. Qarşı çıxmaq həyati təhlükə yarada bilər. Narkoman fiziki güc tətbiq edilərsə, onun boyun nahiyəsinə yüngül zərbə endirmək olar, onların fiziki göstəriciləri aşağı olur. Koordinasiyanın itirildiyi müddətdə kömək çağırmaq olar”.

Mütəxəssis həmçinin qeyd etdi ki, apteklərdə satılan “Alisa”, “Lirika”, “Pregabalin” kimi preparatların xəstəxana şəraitində həkim nəzarəti altında epilepsiyalı xəstələrə təyin olunması nəzərdə tutulub. Bu preparatların reseptlə satılması doğru deyil.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda taksi fəaliyyətini tənzimləyən Nazirlər Kabinetinin xüsusi reqlamenti və tələbləri mövcuddur: “Bu tələblər 2019-cu ildən var. Bu tələblərə əsasən taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların ən azı 21 yaşı, 2 illik sürücülük təcrübəsi olmalıdır, taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmək üçün avtomobilin üstündə taksi nişanı olmalıdır. Özünün parkı olan, ştatlı sürücülər olan taksi şirkətləri bu qaydalara əməl edirlər. Təəssüf ki, operator şirkətləri ilə çalışan və fərdi qaydada çalışan vətəndaşlar bu qaydalara bir çox hallarda əməl etmirlər. Problemlər bundan qaynaqlanır. Taksi operator şirkətləri təəssüf ki, müqavilə imzaladıqları vətəndaşların, həmçinin avtomobillərin kriteriyalara uyğun olub-olmadığını yoxlamırlar. İşə qəbul etdikdən sonra hər hansı nəzarət, təftiş həyata keçirilmir. Bu gün Azərbaycanda spirtli içki qəbul edərək sükan arxasına əyləşən sürücülərlə bağlı Dövlət Yol Polisi tərəfindən tədbirlər görülür: reydlər keçirilir və s. Yaxşı olardı ki, alkotesterlə yanaşı, narkotik maddələrin qəbul edilməsini isbat edə bilən xüsusi qurğular vasitəsilə araşdırma aparılsın. Bununla bağlı qanunvericilikdə müəyyən boşluqlar ola bilər, narkotik qəbul edən sürücülərin aşkarlanması çətin ola bilər. Lakin biz cəmiyyət olaraq bu bəladan qurtulmaq üçün əlimizdən gələn dəstəyi göstərməliyik. Hər bir vətəndaş qeyri-adekvat sürücünü gördükdə mütləq qaydada yol polisi əməkdaşına, yaxud da qaynar xəttə (902 ya 102) məlumat verməlidir. Taksi şirkətinə şikayət etməlidir. Problemin həllində hər kəs əlindən gələni etməlidir”. 

Narkomaniyaya qurşananlar harada müalicə ala bilərlər?

“Respublika Narkoloji Mərkəzi”ndən  “Yeni Müsavat”a bildirilib ki, Respublikada PAM istifadəçilərinin müalicəsi ilə məşğul olan tibb müəssisələri bunlardır: 

– “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi;

– “Bakı şəhər Narkoji Mərkəzi” publik  hüquqi şəxsi;

– Sumqayıt şəhər Narkoloji Dispanseri;

– Lənkəran şəhər Narkoloji Xəstəxanası;

– Gəncə şəhər Narkoloji Dispanseri;

– Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri.

Bundan əlavə, mərkəzi rayon xəstəxanalarında narkoloji kabinetlər mövcuddur.

Vətəndaşlar fərdi şəkildə narkoloji tibb müəssisələrinə müraciət edir və həmin müəssisədə lazımi tibbi yardımla təmin olunurlar.

Həmçinin oxuyun

“Toppuş bacı”ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – AÇIQLAMA

Hazırda onkoloji xəstələrin qəbul etdiyi “ağıllı dərman” və immunoterapiya ən bahalı müalicələrdəndir.Bəzən xəstələr bu terapiyaları …