Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Namizədlər siyahısını açıqlamış partiyaların bir böyük qüsuru da açılıb

Namizədlər siyahısını açıqlamış partiyaların bir böyük qüsuru da açılıb

Ramiz Tağıyev: “Bilirlər ki, həmin rayonlarda heç bunları tanıyan belə yoxdur”
“Çıxış yolu onda idi ki, 3-4 nüfuzlu partiya birləşərək blok şəklində seçkilərə qatılaydı”

Azərbaycanda parlament seçkiləri, Konstitusiyaya uyğun olaraq, noyabrın ilk həftəsinin ilk bazar günü keçirilməlidir. Həmin tarixə az müddət qalmasına baxmayaraq, hələ də bütün partiyalar namizədlərinin adını açıqlamayıb.
Bəzi siyasi partiyalardan isə artıq bir sıra dairələr üzrə namizədlər siyahısını açıqlayanlar var.
AMİP Siyasi Şurası 2015-ci il Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək namizədlərin bir qismini təsdiq edib və ictimaiyyətə açıqlayıb. Bildirilir ki, dünən partiyanın rayon təşkilatı sədrlərinin toplantısında partiyanın deputatlığa namizədlərinin bir qismi müəyyənləşdirilib, digər namizədlərin məsələsinin isə Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınması nəzərdə tutulub.
Qərara əsasən, aşağıda adları qeyd olunan şəxslərin namizədliyi AMİP tərəfindən irəli sürülüb:
9 saylı Binəqədi ikinci seçki dairəsindən Əli Orucov- AMİP Siyasi Şurasının üzvü, “Millət” qəzetinin baş redaktoru, 15 saylı Yasamal birinci seçki dairəsindən Elşən Mustafayev-AMİP beynəlxalq əlaqələr katibi, 19 saylı Nərimanov birinci seçki dairəsindən Eldar Hüseynov-AMİP Siyasi Şurasının üzvü, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Suğra Nəcəfova-AMİP Mərkəzi Şurasının üzvü, 25 saylı Nizami ikinci seçki dairəsindən Məmmədəli Səfərov-AMİP Nizami RT sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Ayaz Rüstəmov-AMİP Mərkəzi Şurasının üzvü, 34 saylı Xətai ikinci seçki dairəsindən Məhərrəm Həsənov- AMİP Siyasi Şurasının üzvü, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yusif Bağırzadə-AMİP sədri, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Dünyamin Əhmədli-AMİP Sumqayıt RT sədri, 79 saylı İmişli seçki dairəsindən Tapdıq Həsənov-AMİP İmişli RT sədri, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Elçin Əzizov-AMİP üzvü, 90 saylı Ağdaş seçki dairəsindən Loğman Əliyev- AMİP Mərkəzi İntizam Komissiyasının üzvü, 102 saylı Samux-Şəmkir seçki dairəsindən İradə Həsənova-Samux RT sədri, 113 saylı Şəki şəhər seçki dairəsindən Əbulfəz Bağırov-AMİP Şəki RT sədri, 119 saylı Ağdam kənd seçki dairəsindən Yaşar Həsənov-AMİP Ağdam RT sədri.
AMİP lideri Etibar Məmmədovun adı partiyanın açıqladığı siyahıda yoxdur. AMİP rəhbərliyi bəyan edib ki, deputatlığa namizəd olub-olmaması Etibar Məmmədovun özünün verəcəyi qərardan asılıdır.
ADP də namizədlərinin ilkin siyahısını açıqlayıb. Partiyadan verilən məlumata görə, ADP-nin Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib. Toplantıda Milli Məclisə bu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkilərdə partiyadan olan namizədlərin ilkin siyahısı, seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib. Qərara alınıb ki, 5 sentyabr 2015-ci ildə partiyanın Ali Məclisinin iclası keçirilsin və seçkilərlə bağlı məsələlər Məclisin müzakirəsinə çıxarılsın.
Hər iki siyasi partiyanın açıqladığı siyahıdan görünür ki, namizədlərin çoxu Bakıdakı dairələrdən irəli sürülüb. Əsasən də partiyanın funksionerləri arasında Bakıdan deputat olmaq arzusuna düşənlər daha çoxdur. Bunun səbəbi nə ilə bağlı ola bilər?
Siyasətçi Ramiz Tağıyev bunun səbəbini bir sıra amillərlə izah etdi:

“Əvvəla, burada partiyaların zəifləməsi amilini önə çəkə bilərik. Məsələn, 10 il bundan əvvəl böyük partiyalarda namizədlər arasında ciddi rəqabət yaranırdı. Siz təsəvvür edin ki, bir rayondan partiyanın üzvü olan çoxlu sayda hörmətli adam olurdu. Biz bilmirdik onlardan hansını seçək. Əminəm ki, hazırda müxalifətin ən böyük siyasi partiyası belə, bütün rayonlar üzrə layiqli namizədlər çıxarmağa qadirdir. Çünki sosial baza tamamilə məhv olub. Fəaliyyət ancaq paytaxtda cəmləşib. O da sosial şəbəkələrdə görünür. Partiyaların elektoratı o qədər zəifləyib ki, onlar meydana 1000 nəfəri belə çətinliklə çıxarırlar. Seçki siyalırındakı azalma və paytaxta meyllilik yalnız bununla bağlıdır. Digər bir məqam isə funksionerlərin nüfuzunun çox aşağı olması ilə əlaqəlidir. Maraqlıdır ki, adları açıqlanan funksionerlərdən əksəriyyətinin əsli rayonlardandır.
Sual olunur: “Elədirsə, niyə doğulduqları yerdən namizədliklərini irəli sürmürlər?” Bilirlər ki, həmin rayonlarda heç bunları tanıyan belə yoxdur. Bu seçkidə bunları ümumiyyətlə biabırçı mənzərə gözləyir. Çıxış yolu onda idi ki, 3-4 nüfuzlu partiya birləşərək blok şəklində seçkilərə qatılaydı. Onda bütün dairələri əhatə edən namizədləri cəmiyyətə təqdim etmək olardı”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın