Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Nə qanun? Nə ekologiya? Dağın başında ekologiya olur?…”

“Nə qanun? Nə ekologiya? Dağın başında ekologiya olur?…”

…Uzaqdan hər tərəfini his basmış böyük tikili görünür. Yaxınlaşdıqda ətrafı nəfəs almanı belə çətinləşdirən kəskin iy bürüyür. Taksi sürücüsü tikilinin yolunu tapmaq üçün xeyli sağa-sola dönməli olur. Nəhayət tikiliyə yaxınlaşırıq. Tikilinin borusundan havaya qara tüstü bülənd olmaqdadır, tüstü artdıqca boğucu iy də kəskinləşir.

Oxucular yəqin söhbətin nədən getdiyini anladılar. Bəli, bəhs etdiyimiz tikili Bakının mərkəzindən tutmuş ucqarlarına qədər hər yerə səpələnmiş kustar metaləritmə sexlərindən, yaxud sahiblərinin təvazökarlıqdan kilometrlərlə uzaqlaşıb dedikləri kimi, “armatur zavodlarından” biridir. 

Xocasəndə, “Qaşıq zavodu”nun yerində…

Bu “zavod” Xocasəndə, “Meyvəli” ticarət mərkəzinə gedin yolun üzərində, ümumşəhər qəbiristanlığının düz yanında yerləşir. Sovet dövründə burada “Qaşıq zavodu” kimi tanınan sənaye müəssisəsi olub.

Həmin metaləritmə sexinin fəaliyyəti barədə hər gün həmin yoldan istifadə edib “Sədərək” yarmarkasına işə gedən,  virtualaz.org saytının mövzu ilə bağlı reportajlarını oxuyan oxuculardan biri məlumat vermişdi. Və reportyor qrupumuz sexi axtarıb tapır. 

Bura xeyli iri müəssisədir, həm də ərazisi baxımından. Sexin çölündə təmizləyici qurğuya oxşayan nəsə quraşdırılıb, amma deyəsən bu qurğu heç işləmir. Çünki borudan havaya dayanmadan qara tüstü buraxılır, əridilmiş metalın iyi ilə metal əridilməsi üçün yandırılan mazutun iyi bir-birinə qarışıb. Avtomobilin pəncərələri bağlı olsa da kəskin iy salona daxil olur, nəfəs almaq çətinləşir.

Müəssisənin qapısını döyürük, çıxan olmur. Təcrübədən məlumdur ki, belə yerlərdə qapını açan olsa da hansısa suala cavab almaq müşkül məsələdir.

“Kimdir axı bizim şikayətimizə baxan?…”

Sexin lap yaxınlığında Laçından olan bir qrup məcburi köçkün məskunlaşıb. Haradasa 20-22 ailə olar. Sakinlər bu yaşayış məskənini öz aralarında “Laçınkənd” adlandırırlar. Onların məskunlaşdıqları daxmaların qapılarını döyürük, amma deyəsən hamı işdə-gücdədir, qapıları açan yoxdur.

Nəhayət sakinlərdən biri ilə söhbətləşə bilirik. “İşləyirlər, özü də 24 saat, dayanmadan”-sakin sexin fəaliyyəti barədə marağımıza cavab olaraq deyir.

“Görürsünüz də vəziyyəti, tüstünü. Nə danışım ki…Hər şey ortadadır. Zəhərin içində yaşayırıq. Kənardan gələnlər üçün bu tüstü ilə nəfəs almaq doğrudan çətindir, adamı boğur. Bizim ciyərlərimiz çoxdan öyrəşib. Zavodu türklər işlədir, işçiləri hardasa 40-50 nəfər olar”-o sözlərinə əlavə edir.

Bəs yaxınlıqda yaşayanlar bu sexin fəaliyyəti barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, digər aidiyyatı strukturlara şikayət etməyiblərmi?

“Kimdir axı bizim şikayətimizə baxan?”-sakin yarıkinayəli təbəssümlə cavab verir.

Bu vaxt müəssisənin həyətindən çıxan “Mercedes” markalı maşın yanımızdan ötür, bir neçə metr gedib dayanır. Sürücü fotoçəkiliş aparan əməkdaşımızı görüb. “Kimsiniz, burda nə gəzirsiniz? Niyə şəkil çəkirsiniz?”-o, özündənrazı şəkildə soruşur. “Evləri çəkirik”-əməkdaşımız cavab verir.

“Evləri çəkmirsiniz axı, zavodu çəkirsiniz”-sürücü maşından düşmək istəyir. Amma nə fikirləşirsə bir anlıq tərəddüd edib yoluna davam edir. Deyəsən o, sexi işlədənlərdən biridir…

Prezidentin göstərişləri, üstəlik yeni qanun…

Belə görünür ki, nə prezident İlham Əliyevin ətraf mühiti çirkləndirənlərə və ekologiyaya zərbə vuranlara qarşı sərt tədbirlərin görülməsinə dair dəfələrlə aidiyyatı strukturların qarşısında qoyduğu tələblər, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının reydləri bu kimi kustar metaləritmə sexlərinin sahiblərinin işlərinə ciddi təsir göstərmir. Hələ “İstehsalat və məişət tullantıları haqqında” qanuna ötən il dekabrın sonunda edilmiş və prezidentin bir neçə gün əvvəl imzaladığı fərmanla qüvvəyə minən əlavələr bir yana qalsın.

Həmin əlavələr nəhayət qara və əlvan metal tullantılarının yığılması, qəbulu və əridilməsi sahəsində uzun illərdir hökm sürən xaosu aradan qaldıra bilər. Xatırladırıq ki, qanuna əlavələr məhz haqqin.az və virtualaz.org saytlarının araşdırmalarının nəticəsi olaraq qəbul edilmişdi.

Bu qanunvericilik aktı “Qaşıq zavod” ərazisində və ya digər bu kimi yerlərdə fəaliyyət göstərən kustar sexlərin fəaliyyətinə faktiki olaraq qeyri-qanuni status qazandırır. Çünki onların heç biri qara və əlvan metal tullantılarını qəbul edib əritmək ixtiyarına malik olan xüsusi təhlükəli obyektlər statusunda dövlət reyestrində qeydiyyatda deyillər.

Puta yolunun kənarında: kamuflyajlı qarovulçu “kənar şəxsləri” qarşılayır

…Yolüstü dəqiqləşdiririk ki, Qaradağ ərazisində belə sexlərdən biri də Puta qəsəbəsinə gedən yolun üstündədir. Və üz tuturuq həmin sexə tərəf. 

Onu axtarıb tapmaq elə də çətin olmur. Bu sex çöl-biyabanlıqda yerləşir, yəni yaxınlığında yaşayış evləri yoxdur. “Kənar şəxslərin” sexə yaxınlaşdığını görən kimi qarovulçu budkasından 55-60 yaşlı, kamuflyaj geyimli kişi çıxır. “Kimsiniz? Nə axtarırsınız burda? Hardan gəlmisiz?”-kişi hirslə soruşur.

Özümüzü təqdim edirik, gəlişimizin məqsədini deyirik. Amma qarovulçu deyir ki, sex çoxdandır işləmir, iş dayanıb. Hansı səbəbdən dayanıb, sahibi kimdir, dayanmazdan qabaq nə istehsal edirdi, bu kimi suallara isə cavab verə bilməz.

“Zavod üç aya yaxındır dayanıb. Görürsünüz ki işləmir. Mənə də tapşırıblar ki, kənar şəxsləri icazəsiz içəri buraxma. Kim olursa olsun. Ona görə də mən sizi içəri buraxa bilmərəm”-o deyir.

Bəs icazəni kimdən alaq? Sahibkarı necə tapaq? Qarovulçu deyir ki, sexin sahibi də yerində yoxdur. Ümumiyyətlə, onun dediyinə inansaq, içəridə “bir-iki nəfərdən başqa” heç kim yoxdur. Amma darvazanın arasından görünür ki, həyətdə bir neçə avtomobil, o cümlədən “AA” seriyalı “Nissan Patrol”  və son model “Lexus” dayanıb.

Aqressiv sahibkarın hücumu: “Ekologiya bir yandan, vergi o yandan…”    

Geri qayıtmağa hazırlaşırıq ki, qapıdan orta yaşlı kişi çıxır, sürətlə bizə tərəf gəlir. O, əməkdaşımızın telefonla nəsə foto çəkdiyini görüb.

“Kimsiniz, nə işiniz var burda? Niyə şəkil çəkirsiniz? Bura sizə bulvar-zaddı? Nə ixtiyarınız var axı. Jurnalistin nə ixtiyarı var gəlib buranı çəksin?”-bu şəxs qəzəblə, naxçıvan ləhcəsində suallar yağdırır. Deməli qarovulçu ona gələnlər haqda artıq məlumat çatdırıb.

Bu şəxsdən kim olduğunu soruşuruq. İzah etməyə çalışırıq ki, əgər xüsusi rəsmi qadağa yoxsa jurnalistlər reportaj mövzusuna uyğun fotolar çəkə bilər. “Mən bu sexin sahibi Pərviz Kərimovam”-adam eyni qəzəblə deyir. Heç hansı KİV-i təmsil etdiyimizi də soruşmur, aqressiv tərzdə davam edir.

“Ekologiya bir yandan, vergi o yandan, prokurorluq bu yandan, jurnalistləri də o tərəfdən. Boğaza yığıblar. Ekologiya gəlib deyir tüstü çıxır. Fəhlə işləyən yerdən tüstü çıxar da? Nə ekologiya? Bura dağın başıdır, dağın başında nə ekologiya?! Mən zibildən pul qazanıram, başqaları kimi nefti talayıb satmıram. Bunların hamısı Rasimin işləridir (“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu nəzərdə tutur), niyə gedib Rasimdən yazmırsınız? İmkan vermir camaata işləməyə…”-adam monoloquna ara vermir.

“Axı Rasim Məmmədov sizə necə mane olur?…”

Ekstremal situasiyalarda işləmək təcrübəsi olan əməkdaşımız sexin sahibini sakitləşdirməyə çalışır, deyir ki,  onun problemlərini, dərdini eşitməyə, Rasim Məmmədov barədə nə faktı, hansı konkret şikayəti varsa dinləyib yazmağa hazırdır.

“Axı Rasim Məmmədov sizə necə mane olur? Fəaliyyətiniz qanunlara, ekoloji normalara və s. uyğundursa, vergiləri düzgün ödəyirsinizə o sizi işləməyə necə qoymaya bilər ki? Buyurun danışın, yazaq”-əməkdaşımız deyir.

Amma sexin sahibi sakitləşmək bilmir: “Özünüz yaxşı bilirsiniz neyniyir. Rasim haqda mənim indi dediklərimi yazan jurnalist olsa mən onun qabağında bax orda dana kəsərəm, lap inək kəsərəm. Amma bilirəm, yazmayacaqsız. Hamısı ona işləyir, ekologiyası da, vergisi də, jurnalisti də…”

“Mən bax bu zibildən pul qazanıram…”

Daha sonra yaxınlıqdakı zibil topasına tərəf cumub təpikləyir: “Bax mən bu zibildən pul qazanıram, hər gün bu zibillə əlləşirəm. Rasim bu gün minlərlə oğlanı çörəksiz qoyub”.

Sex sahibindən bu dəfə “İstehsalat və məişət tullantıları haqqında” qanuna edilmiş əlavələr və prezidentin həmin əlavələrə dair son fərmanı barədə soruşmağa cəhd edirik. Və o, eyni aqressiya ilə davam edir: “Nə qanun? Hansı qanun? Çıxarın göstərin görək nə qanundur elə?”.

Əməkdaşımız adama səbrlə izah etməyə çalışır ki, həmin qanunu elə telefonundaca axtarıb internetdən asanlıqla tapa və oxuya bilər. Lakin sex sahibi hirsli monoloqunu davam etdirir, arada ETSN əməkdaşları barədə də nalayiq ifadə işlədir.

“ETSN əməkdaşları sizə neynir ki? Pul tələb edirlər?”-sex sahibindən soruşuruq. O, hirslə əlini yelləyir və içəri qayıdır.

 Qəliz məsələ haqda bədbin düşüncələr

…Və biz də üz tuturuq şəhərə tərəf. Bu bədbin düşüncələrlə ki, metal tullantılarının toplanması, əridilməsi sahəsində uzun illərdir hökm sürən xaosu ortadan qaldırmaq, bu sahədə qayda-qanun yaratmaq doğrudan da qəliz məsələdir. 

Çünki Bakının mərkəzindən Qaradağın ucqarlarına qədər hər yerə səpələnmiş kustar metaləritmə sexlərinin fəaliyyəti,  metal tullantılarının “zibillikdən” yığılmasından tutmuş dövlət müəssisələrindən “silinib” belə sexlərə satılması milyonlarla manat nəğd gəlir vəd edən mütəşəkkil, çoxşaxəli fəaliyyət sahəsidir. “İsehsalat və məişət tullantıları haqqında” qanuna edilmiş son əlavələr də bu qəliz məsələnin həlli üçün kifayət etməyə bilər, əgər həmin qanunun tətbiqinə ciddi əməl edilməsə…

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …