Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / Nəzərdə tutulan məbləğ artırılmalı, SMS-icazə sisteminə dəyişiklik edilməlidir – RƏY

Nəzərdə tutulan məbləğ artırılmalı, SMS-icazə sisteminə dəyişiklik edilməlidir – RƏY

“Azərbaycanda ən çox sosial müdafiəyə  və qayğıya ehtiyacı olan əlillər və yaşı  65 yaşdan yuxarı  olan ahıl vətəndaşların problemləri  yenə də diqqətdən kənarda qalır. I  və II dərəcə əlillərin, ahıl vətəndaşların  xüsusi qayğıya ehtiyac olduğu üçün onlara başqaları qulluq edir. Hazırda I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə aylıq 50 manat məbləğində prezident təqaüdü verilir. Təbii ki, ayda 50 manat ödənişlə bu ağır işi başqaları  üçün heç kəs yerinə  yetirməz. Odur ki, bir çox hallarda əlillərə və ahıl vətəndaşlara qulluq edən kənar şəxslər bu xidməti əlavə ödənişlər  müqabilində həyata keçirirlər”.

Bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, hazırda SMS-icazə sisteminə keçidlə əlaqədar olaraq əllilərə və ahıl vətəndaşlara qulluq edənlərin bir yerdən başqa yerə hərəkət edib,  xidmət göstərməsi üçün 3 saat zaman kifayət etmir: “Nazirlər Kabinetinin  müvafiq qərarı ilə işçilərinin işə çıxması icazə verilən istiqamətlər arasında əlillərə və ahıl  vətəndaşlara qulluq edən şəxslər yoxdur. Belə olan halda onlar  öhdələrinə düşən işi  3 saat müddətində görə bilmirlər. Bundan da ən çox əziyyət çəkən COVİD-19 pandemiyası zamanı risk qrupuna daxil olan yaşı 65-dən yuxarı olan ahıl vətəndaşlar və I dərəcəli  əlillərdir. Həlli  vacib olan problemlərdən biri də  çoxmənzilli yaşayış binalarında yaşayan vətən müharibəsi əlilləri ilə  bağlıdır. Müharibədən yaralı qayıdan gənclərin bir çoxunun yaşadıqları mənzilə giriş-çıxış imkanları çətinləşib. Hesab edirəm ki, müharibə əlilləri hərəkətə məhdudiyyət yaratmayan uyğun mənzillərlə və nəqliyyat vasitələri ilə təmin olunmalıdır. Ümid edirəm ki,  hər iki məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətdə saxlayacaq və  onların həllinə  ən qısa zamanda nail olacaq”.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …