Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Müxalifətdən Siyavuş Novruzova dəstək

Müxalifətdən Siyavuş Novruzova dəstək

“İmkanlı şəxslər var ki, partiyaları 10-15 min manata sədrindən alıblar, fəaliyyətsiz təşkilatların qeydiyyatı ləğv edilməlidir”

Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır. Bu barədə azvision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu, bəzi siyasi partiyaların alver predmetinə çevrildiyinin göstəricisidir: “Təəssüf ki, bəzi siyasi partiyalar alver mənbəyinə çevrilib. İmkanlı adamlar həmin partiyanı alır və sandığında saxlayır ki, gələcəkdə istifadə etsinlər. Bununla bağlı nümunələr var. Hələlik həmin şəxslər və partiyaların adlarını açıqlamaq istəmirəm”.

S.Novruzov prosesin necə baş verdiyini də açıqlayıb: “Azərbaycanda qeydiyyatdan keçmiş partiyalar var və onlar fəaliyyət göstərmirlər. İmkanlı şəxs həmin partiyanın sədrinə müəyyən məbləğdə pul təklif edir və partiyanı alır. Partiya sədri partiyanı alver predmetinə çevirir. Möhürünü isə imkanlı şəxsə təhvil verir. İmkanlı şəxs isə aldığı partiyanı dondurulmuş formada saxlayır. Sabah lazım olanda həmin şəxs qurultay keçirir və partiya sədri olur. Belə olanda isə partiyanı yenidən qeydiyyata almağa ehtiyac qalmır”.

Deputat vurğulayıb ki, Azərbaycanda fəaliyyətsiz partiyaların qeydiyyatı ləğv olunacaq: “Azərbaycanda 100-ə yaxın partiya var və onlardan 54-ü qeydiyyatdan keçib. Yəni 46 partiyanın qeydiyyatı yoxdur. Qeydiyyatda olanların böyük əksəriyyəti isə kağız üzərində fəaliyyət göstərir. Partiya nizamnaməsinin qarşıya qoyduğu tələblər-seçkidə iştirak, kadrların hazırlanması, alternativ layihələrin verilməsi və digər bu formada olan məsələlər yerinə yetirilmir. Təəssüflər olsun ki, onlar heç bir işlə məşğul olmurlar. Ancaq aradabir bəyanat verməklə funksiyalarını başa çatmış hesab edirlər. Bu baxımdan dünyanın hər yerində, məsələn Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir”.

 

Siyavuş Novruzovun dedikləri ADP sədri Sərdar Cəlaloğlu tərəfindən təsdiqlənib. “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda dövlət qeydiyyatından keçmiş 54 partiyanın yarıdan çoxunun heç bir fəaliyyətinin olmadığını, bəzi partiyaları pul qarşılığında hansısa oliqarxın, məmurun aldığını bildirdi: “Həqiqətən də bəzi maddi imkanı yüksək olan şəxslər pulla həm partiya, həm QHT, həm qəzet, həm sayt alır. Azərbaycanda hər şey iqtisadi maraqlara tabe etdirilib. Biz də bilirik ki, hansı partiyalar alınıb və kimə xidmət edir. Hətta bəzi fəaliyyətdə olan partiyaların da hansı oliqarxın partiyası olduğunu da bilirik. Elə partiyalar da mövcuddur ki, adı var, heç bir fəaliyyəti yoxdur; oliqarxlar, imkanlı şəxslər həmin partiyanı 10-15 min manata sədrindən alıblar. Həmin imkanlı şəxslər bunu o məqsədlə ediblər ki, bir gün Əli İnsanov kimi dara düşərlərsə onun işi siyasiləşsin, siyasi partiya təsisçisi və ya sədri kimi peyda olsun və özünə qarşı atılan addımlara siyasi don geyindirə bilsin. Azərbaycanda demokratiyanın özündə bir formalizm xəstəliyi əmələ gəlib. Bunun bir nümunəsi də siyasi partiyalarla bağlıdır ki, kimlərsə partiya təsis edib qeydiyyatdan keçirib sənədlərini, möhürünü alıb aparıb qoyub evinə. Günün birində də ondan yuxarıda qeyd edildiyi şəkildə istifadə edilir. Bütün bunlar hamısı ölkədə normal demokratik siyasi mühitin olmaması ilə bağlıdır. Biabırçılıqdır ki, biri öz partiyasını müəyyən məbləğə başqasına satır. Azərbaycanda çox şey alınıb-satıldığı kimi partiyalar da alınıb-satılır. Bunun hüquqi mexanizminin necə həyata keçirildiyinə gəlincə, partiyanı alan şəxs öncə həmin partiyanın üzvü olmaq üçün ərizə yazır, sonra onu partiyaya üzvlüyə qəbul edirlər, sonra guya qurultay keçirilir və həmin şəxs sədr seçilir və hüquqi sənədlər onun adına keçirilir. Partiya bir əldən başqa ələ keçir”.
S.Cəlaloğlu qeyd etdi ki, Azərbaycanda partiyaların yaranması təbii proses kimi getmədiyi üçün təbii yolla sıradan çıxmaları mümkün deyil, inzibati qaydada bu iş aparılmalıdır. Ölkədə azad siyasi rəqabət şəraiti yoxdur, ölkədə siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılmayıb. Bu baxımdan artıq ən güclü partiyalar da yavaş-yavaş fəaliyyətsizləşirlər və siyasi səhnədə görünməz olmağa başlayırlar: “Təbii yolla partiyaların sıradan çıxması və təbii yolla yeni partiyaların əmələ gəlməsi hazırkı vəziyyətdə mümkün deyil. Partiyaların qeydiyyata alınmasının özü də təbii yolla olmayıb. Partiyaların bir çoxu formal olaraq yaradılıb, müəyyən siyasi konyuktura üçün də dövlət qeydiyyatına alınıb. Məhz həmin partiyaların əvvəldən adı olub reallıqda isə özləri olmayıb. Bu gün cəmi 4-5 partiyanın az-çox fəaliyyət göstərdiyini, Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı mövqeyini ortaya qoyduğunu görürük. Əgər biz bu gün 54 dövlət qeydiyyatında olan partiyadan cəmi onunun adını real fəaliyyət göstərən partiya kimi saya bilmiriksə, deməli, doğrudan da həmin 54 partiyanın təxminən 40-ının sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Onların adları belə, cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər. Əgər bir partiyanın ki, sədri hələ bu günə qədər ağzını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirməyib, deməli yox kimidir. Ona görə də belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır. Amma bu barədə qərar qəbul edilərkən qurunun oduna yaş yanmamalıdır – az-çox fəaliyyəti olan və hakimiyyətə müxalifətdə olan partiyalara problem yaradılmamalıdır. Bizim yeganə narahatlığımız bundandır. Yoxsa, biz də dəfələrlə bəyan etmişik ki, süni şəkildə partiya çoxluğu yaradılmamalıdır və varlığı görünməyən partiyaların qeydiyyatı ləğv edilməlidir. Artıq keçid dövrü arxada qalıb, pis-yaxşı 25 ildir Azərbaycanda siyasi həyat yaşayırıq və süni şəkildə partiya çoxluğu görüntüsünə ehtiyac yoxdur. Dövlət qeydiyyatında olan elə partiyalar var ki, özləri real həyatda olmadığı kimi sədləri belə həyatda deyillər, ölüblər, amma adları partiya sədri kimi hələ də qalır. Belə partiyaları Ədliyyə Nazirliyinin qeydiyyatda saxlaması mənasızdır”.
S.Cəlaloğlu onu da dedi ki, heç bir fəaliyyəti olmayan partiyalar sırasında hazırda sədri deputat mandatı daşıyan bir sıra partiyalar da yer alır və əslində onların da qeydiyyatı ləğv edilməlidir: “Məsələn, Sabir Hacıyevin, Əli Məsimlinin, Xanhüseyn Kazımlının partiyası var. Amma o partiyaların hansısa fəaliyyəti ortada yoxdur, hansısa qurultay keçirdikləri məlum deyil. Sədrləri deputatdır deyə, o cür partiyaların da qeydiyyatının saxlanması mənasızdır. Azərbaycanda siyasi partiya sistemi böhran yaşayır. Partiyalar var ki, fəaliyyəti var, lakin parlamentdə təmsilçiliyi yoxdur, partiyalar var ki, yalnız bir nəfər sədrdən ibarətdir özü yoxdur, partiyalar da var ki, nə parlamentdə sədri var, nə də özü var. Ona görə də ilk növbədə üzvləri və fəaliyyəti olan partiyalar bəlli olmalıdır və siyahıdakı 54 partiyanın çoxunu çıxdaş eləmək lazımdır. Bu yolla siyasi partiyaların mənasız süni çoxluğunu aradan qaldırmaq olar. Məqsəd o olmalıdır ki, Azərbaycan demokratiyasına xidmət etsin bu addımlar, demokratiyaya əlavə zərbə vurmasın”.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın