Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Müxalifət seçki taktikasını dəyişir – Boykot

Müxalifət seçki taktikasını dəyişir – Boykot

Azərbaycanda seçki kampaniyasının gedişində siyasi proseslərdə şok gəlişmələr yaşanmağa başlayıb. Seçkilərdə iştirak edəcəyini bəyan edən ADP sentyabrın 16-da İdarə Heyətini toplayaraq seçkilərdə iştirakdan imtina qərarı qəbul edib.

ADP-nin mətbuat xidmətinin yaydığı rəsmi press-relizdə bildirilir ki, son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq ADP 1 noyabr seçkilərində iştirakdan geri çəkilir.

“Qafqazinfo” xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, seçki kampaniyasının ilk günlərindən prosesə aktiv şəkildə qoşulub imza toplayıblar və iki gün öncəyə qədər imzatoplama prosesini həyata keçiriblər. Lakin son günlər Avropa ilə münasibətlərin gərginləşməsinin pik həddə çatmasından sonra seçkilərdən geri çəkilməli olublar: “Biz görürük ki, Avropa Birliyi ilə Azərbaycanın bütün münasibətləri korlandı. ATƏT, Avropa Parlamenti seçkilərə müşahidəçi göndərməyəcək, ölkədəki ictimai-siyasi vəziyyət də göz qabağındadır. Ona görə də qərara gəldik ki, seçkidə iştirak eləməkdən çəkinək”.

YAP-ın deputatlığa namizədlər siyahısının ADP-nin belə bir qərar verməsinə təsir göstərib-göstərmədiyinə gəlincə, S.Cəlaloğlu dedi ki, seçkilərdən imtina etmələrində hakim partiyanın siyahısının qətiyyən heç bir rolu olmayıb: “YAP-ın siyahısında cəmiyyətin tanıdığı adamlar yox dərəcəsindədir. O namizədlərin böyük əksəriyyətini cəmiyyət tanımır. Heç YAP-ın üzvləri də onları tanımır. Bu baxımdan, əksinə, YAP-ın belə siyahısı seçkilərdə iştiraka daha böyük stimul verərdi. Amma biz Demokrat Partiyasıyıq və bizim əsas hədəfimiz Azərbaycanla Avropa arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avropatlantik məkana inteqrasiyasına nail olmaqdır və sairdir. İndiki halda isə Azərbaycanla Avropa arasında elə bir gərgin konfrantasiya var ki, hətta kimsə deputat olacağı təqdirdə belə, məqsədlərinə çata bilməz. Bizim addımımız siyasi reallıqları düzgün qiymətləndirməkdir. Bunu belə qəbul etməyiniz daha düzgün olardı. Mən şəxsən özüm imzaları da toplamışdım. Ancaq son günlərdəki vəziyyəti dəyərləndirib geri çəkildik”.

Seçkidə iştirak edən yeganə seçki bloku “Azadlıq 2015″dən prosesi yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb.

Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib. M.Mirəlioğlu deyib ki, 20-dən artıq dairədə blokun namizədlərini qeydə almırlar. Hələ YAP-ın siyahısı açıqlanmazdan qabaq rayon icra başçıları çox möhkəm əl-ayağa düşüblər, dairələr üzrə təhdidlər ediblər, təhsil şöbəsinin müdirləri, direktorlar, müəllim işləyən blokun namizədlərinə təzyiq göstərirlər. Partiya sədri deyib ki, hətta 16 sentyabrda dairələrin birində namizədin sənədləri DSK-ya təqdim olunarkən səlahiyyətli nümayəndəni oğurlayıblar.

KXCP sədri bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verib:“Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik”.

Qeyd edək ki, “Azadlıq 2015″ seçki blokunu 7 partiya təsis edib. ADP-nin ardınca ”Azadlıq 2015″dən seçkidən geri çəkilmək barədə xəbərdarlığın gəlməsi ölkə siyasətində, seçki kampaniyasında indiyə qədər rast gəlinməyən hadisə olacaq. Göründüyü kimi, KXCP sədri də açıqlamasında Azərbaycanın Avropa ilə münasibətlərinin korlanmasını xüsusi vurğulayır və ardınca seçkidən geri çəkilə biləcəklərini dilə gətirir. Avropa Parlamentinin ötən həftə Azərbaycan hakimiyyətini qəzəbləndirən məlum qətnaməsindən az sonra müxalifət partiyalarının seçkidən imtina etməyə başlaması və səbəblərdən biri kimi Avropa Birliyi ilə münasibətlərin korlanmasının göstərilməsi təsadüf sayıla bilməz.

Tanınmış müxalifət partiyalarından birinin rəhbərliyinə daxil olan şəxs “Yeni Müsavat”a olduqca maraqlı informasiya verib. Onun dediyinə görə, aparıcı müxalifət partiyalarının seçkidən çəkilməsindən sonra Avropa Birliyi və ATƏT-dən daha bir sərt qətnamə gələcək və adıçəkilən beynəlxalq təşkilatlar “müxalifətin iştirak edə bilmədiyi seçkinin nəticələrini tanımırıq və belə seçki ilə keçirilmiş parlament legitim sayıla bilməz” bəyanatını verəcəklər.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın