Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Mütəllibov Azərbaycan xalqının əleyhinə o qədər işlər görüb ki…”

“Mütəllibov Azərbaycan xalqının əleyhinə o qədər işlər görüb ki…”

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov ölkə mediasına verdiyi son müsahibəsində xələfi – ikinci prezident Əbülfəz Elçibəyin ünvanına bir sıra ifadələr işlədib.

O, Əbülfəz Elçibəyi primitiv millətçi adlandırıb və qeyd edib ki, eks-prezident bilərəkdən Kəlbəcəri ermənilərə verib. Məqsəd isə Ermənistanın demokratikləşməsinə yardım etmək olub. Mütəllibovun sözlərinə görə, onun arxivində Elçibəyin qeyd olunan məsələ ilə bağlı müraciəti də var.

Ayaz Mütəllibovun ölkə mediasında xalq hərəkatı liderinin ünvanına səsləndirdiyi bu kəskin ittihamlar ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Moderator.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev hafta.az-a açıqlama verərək, Ayaz Mütəllibovun fikirlərinə münasibət bildirib:

“Ayaz Mütəllibov həyatın bütün sahələrində, kiçik məişət problemindən tutmuş qlobal dəyişmələrə qədər elə bir primitiv səviyyədədir ki, onun dediklərinə reaksiya vermək, fikir söyləmək mümkün deyildir. Sözsüz, Əbülfəz bəy elə bir fikri heç vaxt səsləndirməyib və ümumiyyətlə, heç ağlına belə gəlməzdi. Ancaq Əbülfəz bəyin kifayət qədər şübhəli, müzakirə ediləsi çıxışları, sözləri olub. Həqiqət olan o çıxışlardan misal gətirmək əvəzinə belə yalan söyləməklə, diqqəti cəlb etmək primitivlik etalonudur. Bu insan Azərbaycan xalqının əleyhinə o qədər işlər görüb ki, əbədi susmalı və danışmamalıdır. Əbülfəz bəy kimi müqəddəsliyə yaxın (bəlkə də sadəliyindən) bir adam haqqında onun fikir söyləməsi insanlığa təhqirdir”.

Rəsul Quliyevin sözlərinə görə, Kəlbəcərin işğalı Elçibəyin hakimiyyətinin itirməsinə əsas səbəblərdən biri oldu:

“Kəlbəcərin işğalı faktiki Elçibəy hakimiyyətinin iflasına start verən hadisədir. Azərbaycanın 1-ci prezidentinin məhdud ağılı belə bir bəsit məsələni anlamağa imkan vermədiyindən, ağzına gələni danışır. Savadsız və bu günə qədər dünyadan xəbərsiz adamın Ermənistanda demokratiyanın keçmiş sovet respublikaları arasında Baltik və Gürcüstanla eyni vaxtda başladığını unudub. Özünü ekonomist adlandırır, ancaq bu günə qədər makro və mikro ekonomikanın fərqini bilmir. Bu adam 1990-cı ildə Azərbaycanda demokratiyanı qanına qəltan edəndə Ermənistanda demokratik seçkilərin keçirilməsi və hakimiyyətə artıq Kommunist Partiyasının düşməni Ter Petrosyanın gəldiyini unudub. O, 1991-ci ilin aprelində – sovetlərin tərkibində qalmaq istəyirsənmi? – referendumu keçirib. 85 faiz azərbaycanlının guya hə dediyini saxtalaşdıranda demokratik Ermənistanın – bunun bizə dəxli yoxdur, biz müstəqilik – deməsindən xəbəri yoxdurmu? Bu adam 1991-ci ilin avqustunda QKPÇ-ni, yəni Sovet İttifaqında qanlı diktaturanı dəstəkləyəndə, demokratik Ermənistanın bunun əleyhinə çıxdığını xatırlamırmı? Bir sözlə, Elçibəy harada demokratiyanın qələbə çalması üçün Kəlbəcəri verirdi, hər halda Ermənistandan söhbət getməməlidir. Əlbəttə, o, heç vaxt belə bir fikir irəli sürməyib. Bu ağsaqqal yaşında olan adamın Elçibəy kimi bir şəxsiyyətə belə ucuz, məntiqsiz böhtan atması bir daha onun mahiyyətini aşdı. Ömür boyu millətinə qarşı işlər görmüş bu insanın, ölənə qədər də dəyişməyəcəyindən xəbər verdi. Bu təsadüflər nəticəsində hərtərəfli məhdud ağıllı bir şəxsin Azərbaycanda ən yüksək post tutmasıdır, xalqın faciəsi. Rus imperiyasının qulu olub, onun istənilən tapşırığını yerinə yetirən birisinin Əbülfəz Elçibəy kimi bir adam barədə sayaqlamasına şərh yazmaq çox ağırdır. Bu insan keçdiyi həyat yolunu nəzərdən keçirib, əgər qalıbsa, abrına qısılmalı və susmalıdır. Ancaq bu hərəkəti ilə xalqa xidmət etmiş olar”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın