Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Murovdağ tunelində 14 ehtiyat keçidin tikintisi yekunlaşıb

Murovdağ tunelində 14 ehtiyat keçidin tikintisi yekunlaşıb

Murovdağ tunelinin təməli Prezident  İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulub.

İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verib. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir.

2-4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılıb. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi  başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burada qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Ona görə də çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunellə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir. Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb. Hazırda tuneldə qazma, partlatma və qırıcı üsulları ilə tunelin qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

Murovdağ tunelində 14 ehtiyat keçid hazırdır — Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.

Səfər çərçivəsində Saleh Məmmədov ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.

Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi davam etdirilir. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.

Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri, həmçinin Laçın hava limanının tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi ilə tanış olub. Hazırda Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.

Səfər zamanı Saleh Məmmədov Laçın şəhərinin daxili yollarının bərpası layihəsi, həmçinin Xudafərin-Qubadlı-Laçın avtomobil yolu layihəsinin icra vəziyyətləri ilə tanış olub. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda torpaq yatağının və yol əsasının tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların, körpü və tunellərin inşası davam etdirilir. Ümumilikdə yol boyunca yerinə yetirilmiş işlər 40 fazidən artıqdır.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir. Layihələrin icra vəzityyəti ilə yerindəcə tanış olan sədrə məlumat verildi ki, yol boyu torpaq yatağının və yol əsasının, asfalt-beton örtüyünün döşənməsinin, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …