Ana səhifə / Sosial / “Münasib şərait yetişən kimi zərbə endirməliyik” – Ekspert

“Münasib şərait yetişən kimi zərbə endirməliyik” – Ekspert

“İşğalçıya təzyiq daim davam etməldir. Pul xərcləməli, insani itkilər verməlidir ki, Ermənistan ictimaiyyəti işğalın onlara necə baha başa gəldiyini anlasın. Münasib şərait yetişən kimi də zərbə endirməliyik. Bunun üçün əlbəttə, bölgədə şərait də bizim xeyrimizə olmalıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, atəşkəsin pozulması son vaxtlar intensiv xarakter alıb: “Üstəlik, atəşkəsin pozulması Dağlıq Qarabağ sərhədlərini aşıb, Ermənistan-Azərbaycan sərhədi boyunca lokal toqquşmalar başlayıb. Ermənistanın xarici işlər naziri təxribata əl ataraq Qarabağa gəlib, üstəlik Kəlbəcərə də baş çəkib. Bu cür hallar göstərir ki, Rusiya hələlik Ermənistana təzyiq etmək, münaqişənin ədalətli həllini sürətləndirmək istəmir və vəziyyət getdikcə gərginləşir. Lokal toqquşmalar davam edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərləri də heç bir nəticə vermir”.

Qeyd edək ki, ilin sonunadək Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcəyi söylənilir. Görüşün keçirilməsi üçün daha çox iki məkanın – Moskva və Parisin adı çəkilir. E.Şahinoğlu Moskvadan heç bir irəliləyiş gözləməyin tərəfdarı deyil: “Moskvadan irəliləyiş olsaydı ötən ilin aprel döyüşlərindən sonra Sankt-Peterburqda keçirilən görüş nəticə verməli idi. Ona görə də bəlkə Fransanı sınamağa dəyər. Fransanın yeni prezidenti Emmanuel Makron bölgəyə maraq göstərir. Bəlkə o, yeni təşəbbüslərlə çıxış edə bilər. Amma bu illər ərzində prezidentlərin Fransada iki dəfə görüşü olub. Bu vəziyyətdə mən yeganə çıxış yolu kimi uzun illər ərzində gəldiyim nəticəni bölüşmək istəyirəm. Əgər genişmiqyaslı müharibə aparmağa risklər varsa, böyük dövlətlər bizə münasibətdə təzyiq metodundan istifadə edirlərsə biz də işğalçını yormaq siyasətindən istifadə etməliyik. Mən buna ad da qoymuşam – “Yorucu müharibə”. Yəni, düşmən hər gün itkilərlə üzləşməli, potensialını xərcləməli, bu vəziyyətin onu geri saldığını, potensialını azaltdığını anlamalıdır. Təsəvvür edin, Ermənistan yeni silah-sursat almaq üçün 60 milyon dollar pul axtarır. Çünki atəşkəsin hər gün pozulması, toqquşmalar həm də maliyyə tələb edir. Bizim resurslarımız var. Biz nə üçün savaşdığımızı bilirik. Pul da xərcləyirik, insan itkiləri də veririk ki, torpaqlarımızı geri alaq. Onlar üçün isə bu çətindir. Erməni gəncini məcburən Qarabağa, hətta Ağdama göndərmək artıq onları bezdirib. Pul da xərcləyirlər, canları da gedir. Amma əgər bizim rahatlığımızı pozublarsa, torpaqlarımızı işğal altında saxlayırlarsa bizim də alternativimiz yoxdur. Onların rahatlığını pozmaq məcburiyyətindəyik. Daim onların rahatlığını pozmalı, itkilərini artırmalıyıq”.

E.Şahinoğlu buna alternativ görmədiyini vurğulayıb: “Əgər danışıqlar 24 ildən artıqdır nəticə verməyibsə, niyə indən sonra nəticə verməlidir?! Bunun işartısı da yoxdur”.

Politoloq Azərbaycanın xarici işlər və müdafiə nazirliklərinin bu gün yaydıqları birgə bəyanata da münasibət bildirib: “Əgər Azərbaycan və Rusiya preizdentlərinin Soçi görüşündə müsbət nəticə olsaydı, bu gün Qarabağda sakitlik hökm sürməli idi. Amma bu gün sakitlik də mövcud deyil, atəşkəs də pozulur. Yaralı hərbçilərimiz də var, yenə də mülki vətəndaşlarımız hədəf alınır. Bu o deməkdir ki, Ermənistan işğalçı kimi özünü çox rahat hiss edir, ona heç kim heç nə demir. Hətta, işğalçı dövlətin xarici işlər naziri Xankəndi bir yana, Kəlbəcərə gedir. Kəlbəcərin Dağlıq Qarabağa aidiyyatı yoxdur. Erməni rəsmiləri bilirlər ki, onların Kəlbəcərə, yaxud Şuşaya gəlmələri bizdə hər zaman narahatlıq doğuru. Çünki bütün planlara görə bu rayonlar boşaldılmalıdır. Azərbaycanın xarici işlər və müdafiə nazirlikləri hər zaman bu cür bəyanatlar vermək məcburiyyətində qalırlar. Bu bəyanatlar öz yerində, müdafiə qüdrətimiz öz işini görməlidir. Alınan silahlar tətbiq olunmalıdır və olunur. Düşmənin itkiləri artmalıdır. Bu o demək deyil ki, itkiləri artarsa qısa müdətdə səhvini anlayıb gəlib bizimlə sülh anlaşması imzlayacaq. Yox, bu, sadəcə təzyiqin bir üsulu, yoludur. İşğalçıya təzyiq daim davam etməldir. Pul xərcləməli, insani itkilər verməlidir ki, Ermənistan ictimaiyyəti işğalın onlara necə baha başa gəldiyini anlasın. Münasib şərait yetişən kimi də zərbə endirməliyik. Bunun üçün əlbəttə, bölgədə şərait də bizim xeyrimizə olmalıdır”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın