Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Müharibə vetranı, şəhid anası Sevil Hüseynovaya mənzil verilmir

Müharibə vetranı, şəhid anası Sevil Hüseynovaya mənzil verilmir

Şəhid anası Sevil Hüseynova qəzetimizə açıqlamasında üzləşdiyi problemlərdən danışdı. Qeyd etdi ki, mənzillə bağlı onu get-gələ salırlar. Neçə ildir xidməti mənzildən də məhrum olub.

O bütün bunlarla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Mən 1993-cü ildən 2015-ci ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin nəzdində olan “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişəm. Hazırda pensiya alıram. Birinci Qarabağ müharibəsində 704 saylı hərbi hissədə tibb bacısı olaraq xidmət etmişəm. O vaxt briqada Füzuli istiqamətində döyüşürdü. Problemim evlə bağlıdır. 1997-ci ildən Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki “N” saylı hərbi hissədə yaşayıram. 2018-ci il iyun ayında oğlumla Bakı şəhərinə gəlib kirayə qalırdım. Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki “N” saylı hərbi hissə pandemiya şəraiti ilə əlaqədar müvəqqəti olaraq yaşadığım hərbi hissədəki evdə bir ailənin yaşaması üçün məndən icazə xahiş etdilər. Mən də bir ana olaraq buna razılaşdım. Tale elə gətirdi ki, Tovuz döyüşlərindən sonra oğlum Zaur İsmayılzadə könüllü olaraq cəbhə bölgəsinə yollandı. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda oğlum 704 saylı hərbi hissədə Füzulinin azad olunması əməliyyatlarına qatıldı. 2020-ci il oktyabrın 9-da oğlum Füzuli rayonunun Horadiz kəndinin azad olunması zamanı gedən ağır döyüşlərdə şəhid oldu. Oğlumu Lənkəran rayonunun İstisu qəsəbəsində dəfn etdik. Yas mərasimini evim olmadığına görə bacımın evində təşkil etdim. Yeganə cavan oğlumun vətənimizin işğalda olan torpaqlarını azad etmək üçün canından keçməsinə baxmayaraq, anasına ev verilmir, yaşadığım əvvəlki xidməti evə qayıtmağa da imkan yaratmırlar”.

Şəhid anası daha sonra bunları qeyd etdi: “Müəyyən müddətdən sonra Bakıdan çıxıb əvvəlki evimə getmək istədim. Söhbət Göytəpədəki xidməti evdən gedir. Ancaq oranın komandiri evə girməyimə icazə vermədi. Üzləşdiyim problemlə bağlı Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına müraciət etsəm də, buna hər hansı müsbət cavab ala bilməmişəm. Hələ ki, başqalarının evinə sığınaraq yaşamağa çalışıram. Bir qadın olaraq vətənin dar günündə müharibə vaxtı belə Mərkəzi Hərbi Hospitalda öz dəstəyimi əsirgəmədim. Oğlum şəhid olana kimi yaralılara köməklik göstərdim. Ancaq hazırda heç kim mənə kömək etmir. Övlad acısını bilə-bilə, hərbi hissənin komandiri heç məni qəbul etmədi. Nümayəndə göndərib 21 il yaşadığım evə girməyimə icazə verilmədiyini bildirdi. Hazırda bütün ev əşyalarım, mebelim həmin evdədir və hansı vəziyyətdə olduğunu bilmirəm”.

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, bu kimi məsələlərə mümkün qədər həssas yanaşmaq lazımdır: “Cənab Prezident çıxışında bildirdi ki, dünyanın heç bir yrində Azərbaycandakı qədər müharibə veteranlarına, şəhid ailələrinə yüksək diqqət yoxdur. Şəhid ailələri, veteranlar, qazilər dövlət dəstəyilə əhatə olunublar. Onların sosial təminatı ilə bağlı böyük işlər görülür. Eyni zamanda, pensiya təminatında artım var. Hər halda, müharibədən çıxmış ölkə üçün bu çox böyük göstəricidir. Məxsusən Prezident İlham Əliyevin bu istiqamətdə səyləri böyükdür. Müəyyən problemlər ola bilər. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Yəni bütün şəhid ailələrini qısa müddətdə mənzillə təmin etmək mümkün deyil. Bütün bunlarla yanaşı, daha həssas durumda olanları nəzərə almaq lazımdır. İnanıram ki, şəhid Zaur İsmayılzadənin ailəsi yaxın dövrdə mənzillə təmin ediləcək”.

Ümid edirik ki, müvafiq qurumlar sözügedən məsələni diqqətdə saxlayacaqlar. (Bakı-Xəbər)

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …