Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Mosul müharibəsində ikinci mərhələ: Əməliyyatın pərdəarxası – TƏHLİL

Mosul müharibəsində ikinci mərhələ: Əməliyyatın pərdəarxası – TƏHLİL

“Bu səhər Mosul əməliyyatların ikinci mərhələsi şəhərinin qərbindən başladı. Övladlarımız və qardaşlarımız iki illik alçaldıcı işğalın ardından torpaqlarımızın azad edilməsi vəzifəsini boyunlarına götürdü”.

Bu sözləri Haşdi Şabi sözçüsü Əhməd əl Əsədi AFPxəbər agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əməliyyatın ilkin mərhələsi Telafəri xilas etmək olacaq: “Bununla da Mosul-Raqqa arasındakı təchizat xəttini kəsməyi planlaşdırırıq”.

Qeyd edək ki, indiyə qədər Mosul əməliyyatı əsasən 3 istiqamətdə aparılırdı: Şimal və şərq tərəfindən İraq ordusu və Haşdi-Şabi qüvvələri, cənub tərəfdən isə Türkiyənin dəstəklədiyi peşmərgələr Mosuldakı İŞİD qüvvələrini atəşə tuturdular. Qoşunların irəliləməsini isə şəhərin hansı qüvvələr tərəfindən xilas olunması barədə mübahisələr əngəlləyirdi. Türkiyə və bəzi ərəb dövlətləri Haşdi-Şabinin sırf şiə silahlılarından təşəkkül tapdığını əsas gətirib könüllü batalyonların Mosula girməsinə qarşı çıxırdı. İraq tərəfi isə Haşdi-Şabinin ölkə vətəndaşları tərəfindən qurulan könüllülər ordusu olduğunu, rəsmən dövlətdən maaş aldığını, bir növ muzdlu əsgərlər kimi hərbi xidmət göstərdiyini bildirirdi.

Ankaranın ciddi iradlarını nəzərə alan İraq mərkəzi hakimiyyəti sonunda Mosula yalnız əsgərlərin və polislərin girməsi tələbiylə razılaşmışdı. Fəqət təcrübəsiz gənc əsgərlərdən ibarət ordu qüvvələrinin İŞİD-lə mübarizəsinin xeyli itkiylə nəticələnəcəyi əvvəlcədən bəlli idi. Görünür, bütün bu amilləri nəzərə alan İraq ordusu Mosul əməliyyatının qərb cəbhəsindən hücuma Haşdi-Şabi qüvvələrini də qatmağı daha məqsədəuyğun hesab edib.

Ortaya çıxan hazırkı vəziyyət Türkiyənin əməliyyatın ilk günündən sərgilədiyi ritorikaya tamamilə ziddir. Xatırladaq ki, Mosulun işğaldan azad olunmasına Haşdi Şabi qüvvələrinin cəlb olunmasını Türkiyə öz prezidenti Rəcəb Tayyib Ərdoğan səviyyəsində rədd edirdi. Cənab Ərdoğan “gələcəkləri varsa, görəcəkləri də var” deyərək, Haşdi Şabinin qatılacağı hərbi əməliyyatın Türkiyə tərəfindən əngəllənəcəyinə eyham vurmuşdu. İndisə görünən budur ki, İraq hökuməti, Türkiyənin bütün israrlarına rəğmən, öz hərbi planını yerinə yetirir.

Haşdi Şabi sözçüsünün Telafər əməliyyatının əsas məqsədinin Raqqa ilə Mosul arasında təchizat xəttini kəsməyi planlaşdırdığını deməsi də, qərb cəbhəsinin niyə indiyə qədər açıq tutulması sualını ağla gətirir. Fəqət görünür, bu zamana qədər qərb cəbhəsinin “unudulması” təsadüfi deyildi. Mümkündür ki, Mosul əməliyyatına başlayan İraq qüvvələri faktiki olaraq bu xətti açıq buraxmaqla İŞİD qüvvələrinin Raqqaya qaçmasına şərait yaradırdılar.

Əldə olunan məlumatlar da bunu təsdiqləyir. Şimali İraq kürd kəşfiyyat orqanlarının bir müddət əvvəl yaydığı məlumata görə, İŞİD xəlifəsi Əbubəkr Bağdadi əməliyyatın 2-ci günündə, yəni 19 oktyabrda Mosulu tərk edərək Raqqaya qaçıb. Onunla bərabər xeyli yüksəkrütbəli “xilafətçinin” də eyni yolu tutduğu güman olunur. Belə ki, beynəlxalq qurumların hesabatlarına görə, İŞİD-in Mosulda 20 minə qədər silahlısı var idi. Mosul əməliyyatı başlayandan sonra kürd kəşfiyyatının məlumatları isə bu sayın 4-8 min arasında olduğundan xəbər verir. Belə aydın olur ki, İŞİD-in hərbi qüvvəsinin ən azı yarısı Raqqaya qaçıb.

İŞİD qüvvələrinin Raqqaya getməsinə icazə verilməsi səbəbsiz olmaya bilər. Mümkündür ki, səbəblərdən biri Mosuldakı İŞİD qüvvələrini zəiflətməkdirsə, digəri Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatına başlayan Türkiyəni çətin vəziyyətə salmaqdır.

Zira Türkiyənin bu əməliyyat çərçivəsində hazırda İŞİD-dən xilas etməyə çalışdığı əl-Babdan sonra Raqqaya yönələcəyi məlumdur. Raqqada və həm də elə əl-Babda bundan sonra onu sayca daha artıq İŞİD-çiylə qarşılaşmaq  taleyi gözləyir. Son bir həftə ərzində Suriya və Rusiya ordusu tərəfindən “Fərat qalxanı” əməliyyatının hava dəstəyinin bağlandığı xəbərlərinin yayılması da yalnız quruda aparmağa məhkum olduğu bu əməliyyatın Türkiyəyə asan başa gəlməcəyindən xəbər verir.

Ekspertlər arasında bu bədbin proqnozlara qoşulmayanlar da az deyil. Onların fikrincə, Türkiyənin bu əməliyyatda dəstək verdiyi Azad Suriya Ordusu (ASO) ilə İŞİD qüvvələri əslində bir-birindən çox da fərqlənmirlər. Eyni ideoloji əsaslara söykənən bu iki radikal sünni qrupunun rahatlıqla bir-birinə transfer oluna biləcəyi təxmin olunur. Həqiqətən də hazırda ASO-nun tərkibindəki Əhrar üs-Şam, Nusra Cəbhəsi, Əqsa əsgərləri, Sünnə ordusu, Feylək əş-Şam və Haqq briqadası kimi nisbətən böyük qruplar bir müddət əvvəl Fəth ordusu adı altında aparılan İdlib hücumunda birləşmişdilər. Həmin qrupların əksəriyyətinin isə əl-Qaidədən ayrıldıqları məlumdur. Bəzi ekspertlər bu addımın sırf Qərb dünyasının gözündəki terrorçu imicini üstlərindən atmaq məqsədilə atıldığını bildirirlər.

İŞİD qüvvələrinin də bir zamanlar əl-Qaidədən ayrıldığını, “xilafət ordusu” mənsublarının zaman-zaman səf dəyişərək həmin dəstələrə, yaxud əksinə transferlərin yaşandığını nəzərə alsaq, bu ehtimalın mümkün olduğunu anlaya bilərik. O da mümkündür ki, beynəlxalq qüvvələr “xilafət zehniyyətlilərin” Yaxın Şərdə missiyalarını başa vurduqlarını düşündüklərindən, onların Türkiyənin əliylə “reabilitasiyasında” maraqlıdırlar. Növbəti cihad mərhələsi isə post-sovet məkanları və Rusiya ola bilər. Bu mənada son zamanlar Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında aktivləşməsi və keçirilən əməliyyatlar nəticəsində 2 radikal “xilafətçinin” öldürülməsi təsadüfə oxşamır.

Mosul əməliyyatının ilk günlərində Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun dilə gətirdiyi eyhamlı açıqlamalar Moskvanın da bu ehtimaldan ciddi narahat olduğunu göstərir. Əməliyyatın ikinci günündə Rusiya xəbər agentliklərinə açıqlamasında Mosul əməliyyatını peyk və pilotsuz təyyarələrlə 24 saat dayanmadan izlədiklərini etiraf edən Gerasimov dünya dövlətlərini İŞİD-çilərin başqa ölkələrə keçməsinin qarşısını almağa çağıraraq demişdi:

“Əməliyyata qatılan koalisiya ortaqlarının İŞİD-in bölgədə sərbəst dolaşmasının nələrə səbəb olacağınının fərqində olduqlarına ümid edirik. Terrorçular bir ölkədən başqa bir ölkəyə keçməməli, olduqları yerdə məhv edilməlidirlər”.

Maraqlıdır ki, bir müddətdən sonra Əbubəkr Bağdadinin də məhz həmin bəyanat səslənən günü Raqqaya qaçdığı məlum olmuşdu.

Bütün bu hadisələr fonunda Mosulun və Telafərin İraq qüvvələri tərəfindən ələ keçirilməsi yaxın perspektivdə olmasa da, uzaq perspektivdə Türkiyənin də milli maraqlarına cavab verir. Ən azı ona görə ki, Suriyanın şimal-qərb hissəsinin mərkəzi İraq hakimiyyətinə bağlanması İran sərhədlərindən Aralıq dənizinə uzanan kürd zolağının kəsilməsi deməkdir. Əslində Ankara da “Fərat qalxanı” çərçivəsində həm İraqı, həm İranı, həm Suriyanı, həm də özünü təhdid edən separatizmə qarşı mübarizə aparmırmı?

Məsələyə bu aspektdən nəzər salanda İraq ordusu və Haşdi Şabi hərbi birləşmələrinin Mosul və Telafərin sünni sakinlərinin təhlükəsizliyinə təminat verərsə, bütün emosinal çıxışlarına baxmayaraq, Ankaranın cənub-şərq sərhədlərindən aralıda baş verənlərə real müdaxilə etməyəcəyi güman olunur. Görünür, Haşdi Şabinin mənəvi lideri ayətullah Sistaninin bir müddət əvvəl yayınladığı fitva da elə həmin təminatlardan biri kimi nəzərdə tutulub. Saytımızda tam mətni dərc olunan həmin fitvada ayətullah əməliyyata qatılan əsgərlərə başqa din və məzhəb mənsublarına hörmətlə yanaşmağı əmr etmiş və qarşı tərəfin mülkiyyətinin mücahidlərə halal olmayacağını bildirmişdi.

(Maraqlananlar fitva ilə bu linkdən tanış ola bilərlər: http://strateq.az/din/108361/ay%C9%99tullah-sistaninin-isid-l%C9%99-doyus%C9%99nl%C9%99r%C9%99-20-%C9%99mri.html)

Heydər Oğuz

Strateq.az

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın