Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Moskvanın Bakıdan istəkləri nədir – ŞƏRHLƏR

Moskvanın Bakıdan istəkləri nədir – ŞƏRHLƏR

“Rusiyanın Azərbaycana qarşı son vaxtlar müşahidə olunan qəzəbinin əsas səbəbinin Qarabağ münaqişəsi ilə bağlı olduğunu düşünürəm. Azərbaycanın mövqeyi Rusiyanın regional planlarına əngəl törətməyə başlayıb”.

Politoloq Şahin Cəfərli bu fikirləri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvini “Yeni Müsavat”a şərh edərkən bildirdi.
Qeyd edək ki, Britaniyada mənzillənən Qafqaz üzrə ekspert Dennis Sammut da ÜAK-ın ləğvindən bəhs edərkən Azərbaycanın Sankt-Peterburq görüşündən sonra Qarabağ probleminin həlli ilə bağlı Moskvadan narazı olduğunu vurğulayıb və Kremlin təzyiqlərinin arxasında Qarabağla bağlı planın dayandığına işarə edib. Ş.Cəfərli də hesab edir ki, bir çoxları hələ də Rusiyanın münaqişənin həllində maraqlı olmadığını güman edir, hətta Moskvanın yeni müharibənin baş verməsində maraqlı olduğu barədə fikirlər var: “Lakin məncə, vəziyyət dəyişib. Moskva artıq bu problemi həll etmək istəyir və indiki ”nə hərb, nə sülh” durumu ona sərf etmir. Niyə? Səbəblərini izah etməyə çalışaq. Sirr deyil ki, hazırda sülh danışıqları Moskvanın patronajlığı altında gedir, ABŞ və Fransanın razılığı ilə şimal qonşumuz bu məsələni öz öhdəsinə götürüb. Rusiya problemi həll edərək həm bölgədəki nüfuzunu və gücünü, həm də uzun illərdən bəri davam edən ciddi regional münaqişəni həll etmək bacarığını Qərbə nümayiş etdirmək istəyir. Lakin təzadlı durum yaranıb: bu gün Suriya kimi çox mürəkkəb və regional müstəvidən kənara çıxaraq qlobal miqyasda neqativ təsirləri olan problemi, eləcə də Əfqanıstan və digər beynəlxalq məsələləri həll etmək iddiasında olan Moskva bilavasitə öz sərhədlərindəki kiçik miqyaslı ixtilafı həll edə bilmir. Bu təzad Rusiyanın nüfuzuna və etibarına kölgə salan amilə çevrilməyə başlayıb”.

Image result for şahin cəfərli
Politoloq hesab edir ki, Qarabağ münaqişəsinin və müharibə ehtimalının davam etməsi Rusiyanın maraqlarına təhlükə törədir: “Çünki hazırda onun liderlik etdiyi sülh prosesi iflasa uğrayarsa, digər vasitəçilər – müttəfiq ölkələr olan ABŞ və Fransa təşəbbüsü öz üzərinə götürə və problemi çözə bilər, bu isə Rusiyanın postsovet məkanındakı mövqelərinə növbəti ağır zərbə olar. Moskvanın Qarabağ düyününü çözmək istəməsinin digər səbəbinin Gürcüstan amili ilə əlaqəli olduğunu düşünürəm. Gürcüstanın NATO-ya inteqrasiyası prosesinin sürətlənməsi göz qabağındadır və bu prosesi dayandırmaq artıq çox çətindir. Ona görə də Rusiya bu potensial gəlişməyə qarşı indidən preventiv tədbirlər görmək məcburiyyəti hiss edir. Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınması, orada hərbi bazalar yerləşdirilməsi bununla bağlı idi. Hazırda Ermənistandakı hərbi bazanın gücləndirilməsinin səbəblərindən biri də budur. Qalır Azərbaycan. Ölkəmizin də bu prosesə cəlb edilməsi ilə həlqə tamamlanmış və ciddi bir regional bufer zonası formalaşmış olardı. Bu məqama bağlı olaraq Moskvanın Qarabağ ixtilafının həllində marağını şərtləndirən növbəti məsələyə keçid edək. Bu, Ermənistandakı Rusiya hərbi bazasının mühasirə vəziyyətindən çıxarılması zərurəti ilə bağlıdır. Qeyd etdiyimiz kimi, baza gücləndirilir, silah arsenalı genişləndirilir, yəqin ki, şəxsi heyəti də artırılacaq. Lakin baza ana təchizat mərkəzinin, yəni Rusiyanın çox yaxınlığında olmasına baxmayaraq, bu mərkəzlə quru əlaqəsindən məhrumdur”.

Ş.Cəfərli təchizat-rotasiya işlərinin Gürcüstan hava məkanı ilə həyata keçirildiyini xatırlatsa da, zəruri bir əlavəsini etdi: “Sabah Gürcüstan bu hava dəhlizini qapatsa nə olacaq? Gürcüstan NATO-ya üzv olduqdan sonra yəqin ki, dəhlizi bağlayacaq. Təbii ki, alternativ yol var – Azərbaycan və İran hava məkanları ilə yükləri Ermənistana çatdırmaq. Lakin bu marşrut iki dövlətlə razılaşma tələb edir və çox da etibarlı deyil. İran çox çətin tərəfdaşdır. Sabah bölgədə durum Rusiyanın əleyhinə dəyişərsə, Azərbaycan da mövqeyini dəyişə bilər, bu ehtimal var. Bazanın təchizatı üçün ən əlverişli və ən qısa yol Azərbaycandan keçir. Azərbaycan və Ermənistan barışmalıdır ki, yüklər şose və ya bərpa ediləcək dəmir yolu ilə Azərbaycan vasitəsilə Ermənistana daşına bilsin və əks istiqamətdə hərəkət təmin edilsin. Şübhəsiz ki, Rusiyanın Qarabağ münaqişəsinin həllində maraqlı olması onun məsələni ədalətli şəkildə həll edəcəyi mənasına da gəlmir”.
Ekspertə görə, Rusiya elə bir həll variantına nail olmağa çalışır ki, bölgədə onun mövqeləri daha da güclənsin, Ermənistanla bərabər, Azərbaycan da onun nüfuz dairəsində qalsın: “Azərbaycan məhz ədalətsiz sülh təklifləri səbəbindən Rusiyanın bütün həmsədrlər adından irəli sürdüyü həll planlarına razılıq vermir. Eyni zamanda, Azərbaycan Rusiyanın gözləntilərininin əksinə olaraq, Avrasiya İttifaqına qoşulmağa da hazırlaşmır. Bütün bunlar isə Rusiyanın regional planlarına əngəl törədir və Moskvada qəzəb yaradır”.
Şimaldan gələn təzyiqlərdə Qarabağla bağlı niyyətlərin olduğunu deyənlərlə yanaşı, 2018-ci ildə Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini xatırladıb bu məsələnin Rusiyanı az maraqlandırmadığını vurğulayanlar da az deyil. İddialar var ki, Rusiya “öz adamı”nı hakimiyyətə gətirmək niyyətinə düşə bilər.

Image result for Politoloq Elçin Mirzəbəylinin
Politoloq Elçin Mirzəbəylinin də məsələyə orijinal baxışı var: “Britaniyalı ekspert Dennis Sammutin dediklərində qaranlıq və qeyri-adi heç nə yoxdur. Regiondakı prosesləri uzaqdan-yaxından izləyən istənilən şəxs bu qənaətə gələ bilər. Yəni aysberqin bütün tərəfləri görünür. Belə ehtimallar həqiqətə çox yaxındır. Çünki ötən prezident seçkiləri öncəsi də təzyiqlər ÜAK-dan və azərbaycanlıların yer aldığı digər təşkilatlardan başlamışdı. ÜAK-ın qeydiyyatının ləğvi bu nüfuzlu təşkilatın artıq Moskvanın təzyiq kampaniyasına alət edilə bilməyəcəyi reallığından da qaynaqlana bilər. Ola bilsin ki, ehtimal olunan kampaniyanın texnoloqları ÜAK-dan Azərbaycana qarşı istifadə edə bilməyəcəklərinə tam əmin olduqları üçün bu təşkilatı sıradan çıxarmaqla, öz nüfuz müvəkkillərinin – təsir agentlərinin yer aldığı başqa diaspor qurumlarının fəaliyyətini stimullaşdırmaq istəyirlər. Məsələn, Söyün Sadıqovun rəhbərlik etdiyi ”Azərros” Federal Milli Mədəni Muxtariyyətini…”
E.Mirzəbəyli bir məqama da xüsusi diqqət çəkdi: “Məsələ burasındadır ki, Rusiya Ədliyyə Nazirliyinin ÜAK-a qarşı iddiasında yer alan əsas müddəalardan biri də qurumun adı ilə bağlıdır. Rusiyada diaspor qurumları əsasən milli mədəni muxtariyyətlər şəklində fəaliyyət göstərirlər. Daha əvvəllər ”Milli Mədəni Muxtariyyət” anlayışı yalnız Rusiya Federasiyasının subyektlərində yaşayan xalqların ölkənin mərkəzi şəhərlərindəki diaspor qurumlarına tətbiq olunurdu. Təxminən 10 ilə yaxındır ki, Rusiyanın sərhədlərindən kənarda öz dövlətləri olan xalqların diaspor qurumlarına da bu yanaşma tətbiq olunmağa başlayıb. Çox güman ki, ruslar diaspor qurumlarının fəaliyyətini yalnız mədəni muxtariyyətlə məhdudlaşdırmaq istəyirlər. “Qeyri-kommersiya təşkilatları” statusu isə diaspor qurumlarına daha geniş fəaliyyətlə məşğul olmaq imkanı verir ki, görünür Azərbaycana sadiq olan azərbaycanlıların timsalında bu, Kremli qane etmir”.
Politoloq bildirdi ki, əslində Moskvanın istəkləri göz qabağındadır: “Rusiya Azərbaycanın heç bir ön şərt irəli sürmədən Avrasiya İttifaqına və KTMT-yə üzv olmasını, enerji siyasətini Moskvanın geosiyasi iddialarına uyğun şəkildə həyata keçirməsini istəyir. Bir müddət öncə TAP-la bağlı İtaliyada stimullaşdırılan etirazlarda da Rusiyanın əli vardı. Yəni Rusiyanın təzyiqləri sadəcə, işğalçı Ermənistana dəstək verməklə, ÜAK-ın qeydiyyatını ləğv etməklə məhdudlaşmır. ÜAK məsələsinin beynəlxalq müstəvidə müzakirəyə çıxarılmasının səbəblərindən biri də odur ki, Qərb Kremlin nə istədiyinin fərqindədir. Bu baxımdan, müəyyən zaman kəsiyindən sonra baş verənlərə Rusiyanın enerji təzyiqindən xilas olmağı strateji hədəfi seçən Qərbin adekvat reaksiyalarının şahidi olacağıq”.

Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …

Bir cavab yazın