Ana səhifə / Sosial / Mitinqi hansı səfirlik idarə edib? – İqtidar qəzetindən şok iddia

Mitinqi hansı səfirlik idarə edib? – İqtidar qəzetindən şok iddia

“Yeni Azərbaycan” qəzeti Milli Şuranın 11 sentyabr mitinqi ilə bağlı yazı yayımlayıb.

Qafqazinfo” xəbər verir ki, yazıda bildirilir ki, Milli Şura bu aksiyanı bir sıra xarici ölkə səfirliklərinin tapşırığı və maddi dəstəyi ilə keçirib. Qəzet yazır ki, mitinq təbliğatının aparılmasına baxmayaraq, on minlərlə adamın mitinq meydanına gələcəyini gözləyənlər, Qərb ölkələrinin səfirlərinə “Məhsul” stadionunu “etirazçı kütlə” ilə doldurmağı vəd edənlər sözlərinə əməl edə bilmədilər.

“Bu da təbiidir. Çünki 11 sentyabr mitinqi Azərbaycan cəmiyyətinin tələbindən, günümüzün sosial-iqtisadi və siyasi şərtlərindən deyil, xarici maraq qruplarının, Qərb ölkələrinin səfirliklərinin tapşırığından irəli gələrək təşkil olunmuş zəif şou idi” yazan qəzet qeyd edir ki, sosial şəbəkələrdə də 11 sentyabr mitinqinin uğursuzluğu ilə bağlı çoxlu maraqlı fikirlər yer alır.

“Sosial şəbəkə istifadəçilərinin yazdıqları rəylərdə ən çox diqqət çəkən mövzulardan biri mitinqə toplaşan insanların sayının azlığı ilə bağlıdır. Doğrudur, “Milli şura” təmsilçiləri rəqəmləri fantastik həddə şişirdərək guya ətraflarında on minlərlə adamın olması görüntüsünü yaratmağa cəhd edirlər. Amma real faktlar başqa mənzərəni ortaya qoyur. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, mitinqdə 2500 nəfər adam iştirak edib. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “facebook” səhifəsindən canlı yayımlanan mitinqin isə 2802 nəfər izləyicisi olub. İkisinin birgə cəmi 5300 nəfər deməkdir ki, bu da Azərbaycan seçicilərinin ümumi sayının heç mində biri də deyil. Belə olan halda, “Milli Şura” və AXCP hansı siyasi çəkidən danışır?”.

Qəzet yazır ki, 11 sentyabr dünyada beynəlxalq terrorizmə qarşı mübarizənin başlanması tarixi kimi xarakterizə olunur. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin binasının “Əl-Qaidə” terror təşkilatının hücumuna məruz qalmasından sonra ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya terrorizmə qarşı daha effektiv mübarizəyə start verdi. Ötən illər ərzində ölkəmiz də koalisiyanın üzvü kimi İraq, Əfqanıstan və Kosovoda terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verib: “Amma təəssüf ki, Azərbaycanın siyasi palitrasındakı bəzi radikal müxalifət partiyaları bütün mütərrəqqi dünyanın bir nömrəli düşmən elan etdiyi terrorizmin yanında yer almağa davam edir. Əli Kərimli və onun təmsil olunduğu təşkilatların terrora və terrorçuya münasibətdə ortaya qoyduğu mövqe bu fikri daha da qüvvətləndirir”.

Sosial şəbəkə şərhləri əsasında hazırlanan yazıda qeyd olunur ki, Natiq Əzim adlı sosial şəbəkə istifadəçisi yazır ki, bəzi Qərb ölkələrinin səfirlikləri müxalifətin mitinqinə açıq dəstək veriblər, onlara belə bir mitinqi keçirmək üçün böyük məbləğdə yardım sözü veriblər: “Milli şura” üzvlərinin avqustun 15-dən 30-na qədər ABŞ, Almaniya, Fransa və digər Qərb ölkələrinin səfirliklərinin qapısında yatması da deyilənləri təsdiq edir. Hətta mətbuat yazıb ki, bəzi səfirliklər bu mitinqin təşkilati və təbliğati işlərini öz üzərlərinə götürüblər. Belə ki, səfirlik əməkdaşları bəzi siyasətçilərə və QHT rəhbərlərinə gizli-emaillər yazaraq onları mitinqə dəstək verməyə çağırıblar. Ona görə də, müxalifətin həmişə 300-400 nəfər olan mitinq iştirakçılarının sayı bu dəfə 2000 nəfərə çatdı. “Müsavat”ın əvvəlcə mitinqdə iştirak etməyəcəyini açıqlamasından sonra qərarını dəyişərək öz üzvlərini bu mitinqə göndərməsi də bu ianə ilə bağlıdır”.

““Azadlıq” radiosu “Milli Şura”nın ruporudur?” yarımbaşlığıda isə bu proseslərdə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının tutduğu mövqeyə toxunulur: “Azərbaycan cəmiyyətinin “Azadlıq” radiosunun fəaliyyətinə mənfi münasibət göstərməsi, bununla əlaqədar irad və narazılıqları bir çox səbəblərlə şərtlənir. Bu, ilk növbədə redaksiyanın əksər məsələlərdə Azərbaycan dövlətinə qarşı mövqe ortaya qoyması ilə bağlıdır. Eyni zamanda, bu KİV özünün başlıca fəaliyyət prinsipləri kimi elan etdiyi dəqiqlik, obyektivlik, qərəzsizlik, ictimaiyyətə dolğun informasiyanın ötürülməsi kimi prioritetləri heçə sayır, xüsusilə siyasi proseslərdə tərəf kimi çıxış edir. Bu günə qədər “Azadlıq” radiosunun ölkədaxili proseslərə müdaxilə etmək cəhdini dəfələrlə müşahidə etmişik. Belə bir haqlı ictimai rəy formalaşıb ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosu Birləşmiş Ştatların vergiverənlərinin ödədiyi vergilər hesabına Azərbaycanda radikal müxalifət dairələrinin fikirlərini, daha dəqiq desək, onların hakimiyyət əleyhinə çağırışlarını yaymaqla məşğuldur. Qondarma “Milli şura”nın 11 sentyabr mitinqində yaşananlar da bu qənaəti yaradır. Radionun Azərbaycan redaksiyası konkret olaraq mitinq təşkilatçılarının ruporu rolunu öz üzərinə götürdü və bu vəzifəni sevə-sevə yerinə yetirməyə çalışdı. Əlbəttə, bu davranış heç bir KİV təmsilçisinə başucalığı gətirmədiyi kimi, onun təmsil etdiyi ölkə ilə bağlı da cəmiyyətimizdə heç də pozitiv fikirlərin yaranmasına səbəb olmur.

Beləliklə, sadalananlar bir daha göstərir ki, “Milli şura”nın mitinqi fiasko ilə nəticələndi. Sadəcə ona görə yox ki, insanlar bu radikal ünsürlərin heç bir tədbirinə maraq göstərmir və bu kimi aksiyalarda iştirak etmirlər. Həm də ona görə ki, artıq informasiya və kommunikasiya texnologiyalarını kifayət qədər mənimsəmiş, internetin yaratdığı imkanlardan geniş bəhrələnən Azərbaycan ictimaiyyəti “Milli şura”nın başbilənlərinin sosial şəbəkə fırıldaqlarına da layiqli cavab verir. Bu səbəbdən də 11 sentyabrda “Milli şura” “Məhsul” stadionunda, onların virtual “trolları” isə sosial şəbəkələrdə məğlub oldu”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın