Ana səhifə / Sosial / Minimum əməkhaqqının 180 manat olduğu ölkədə 180 min manat maaş alan həkimlər…

Minimum əməkhaqqının 180 manat olduğu ölkədə 180 min manat maaş alan həkimlər…

Gömrükdən yayındırılmaqla ölkəyə uzun illər ərzində xaricdən dərman gətirməkdə ittiham edilənlərin məhkəməsində sensasion faktlar açıqlanıb. Virtualaz.org xəbər verir ki, ötən həftə martın 1-də keçirilən məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəis müavini Fərman Məmmədli ifadə verib. Bu idarənin nəzdində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalında baş verənlər, ikili muhasibatlıq və ayda 150-180 min manata qədər maaş alan həkimlər haqda danışıb.

“İstər idarədə, istərsə də hospitalda süpürgəçidən tutmuş, idarə rəisinə qədər hamı rəsmi maaşdan əlavə, paket də alırdı. Həkimlər vardı ki, aylıq aldığı pul 150-170 minə çıxırdı. Plastik cərrah 120-130 min manat alırdı…”, –Fərman Məmmədli ifadəsində deyib.

Özəl klinikalarda baş verən maxinasiyalar, vergidən yayınmalar və xəstələrin soyulması hesabına ayda on minlərlə manat qeyri-rəsmi maaş alan həkimlər barədə bundan əvvəl də dəfələrlə faktlar üzə çıxıb. Elə bu yaxınlarda “Leyla Şıxlinskaya Klinikası”ında “oğurluq və mənimsəmə” işi üzrə keçirilən məhkəmədə də klinikanın həkimlərinin ayda on minlərlə manat maaş aldıqları açıqlanmışdı. Bu fantastik maaşlar əslində həkimlərin xəstələrinin klinikanın kassasına ödədikləri pulların müəyyən faizi hesabına veilirdi. Mərkəzi Gömrük Hospitalı ilə bağlı açıqlanan rəqəmlər isə doğrudan da fantastikdir. Yaşayış minimumunun bu yaxınlarda artıb 180 manata çatdığı ölkədə 170-180 min manat maaş alan həkimlər barədə eşitmək heyrətamizdir.

Fərman Məmmədli idarənin sabiq rəisi, general Fikrət Qədiməliyev və daha altı nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onlar qanunsuz yollarla ölkəyə dərmanlar gətirib, dövlət qeydiyyatından keçirmədən onların istifadə və satışında, həmçinin 15 milyon manatlıq mənimsəmədə ittiham olunurlar.

Fərman Məmmədli ifadəsində deyib ki, Mərkəzi Gömrük Hospitalı komitənin Tibbi Xidmət İdarəsinin nəzdində idi. Hospitalda da xəstələrə verilən yeməyin çeşidinə qədər idarənin rəisi Fikrət Qədiməliyev müəyyənləşdirirdi:

“İttihamda yazılıb ki, 15 milyonluq mənimsəmə olub. Orada Fikrət müəllimin icazəsi olmadan bir stol bu otaqdan başqa otağa keçirilə bilməzdi, qalmışdı pul mənimsəmək olsun. Orada sistem elə qurulmuşdu ki, kimsə gəlib desə ki, mən pul yemişəm, inanmaram, çünki mümkün deyildi. Fikrət müəllim hər şeyə nəzarət edirdi”.

Sabiq rəis müavini danışır ki, hospital maliyyə baxımından iki hissəyə bölünürdü: büdcədən maliyyələşən hissə və təsərrüfat hesablı hissə:

“Orada ikili mühasibatlıq vardı, gündəlik daxil olan bütün vəsaitlər, xəstələr sistemdə qeydiyyata alınırdı, ertəsi gün səhər Fikrət müəllim şəxsən müqayisə aparır, nə qədər rəsmiləşdirilməlidir, nə qədər yox – buna qərar verirdi. Həkimlərin işə qəbulu da razılaşma əsasında olurdu. Eləsi var, 50/50-yə, eləsi var, 40/60 faizlə işləyirdi. Şərtlər razılaşdırılıb yazılırdı, Fikrət müəllim imza atırdı, amma o sənədlər rəsmi sənədlər olmurdu. Elə həkimlər vardı ki, həm faiz alırdılar, həm də əlavə paket. Həkimlər çox böyük pullar alırdılar, maaşda bir manatları səhv çıxan kimi, aləmi bir-birinə qatırdılar”.

Fərman Məmmədli bildirib ki, rəsmi maaş çox aşağı idi, hər kəs kimi o da əlavə paket alırdı. Paketin məbləği isə 5 min 500 manat idi. O, idarə rəisi, general Fikrət Qədiməliyevin də qazancından danışıb:

“Onun aylıq maaşı belə idi: (rəsmi) 8 min, (paket) 20 min 300, bir də nəğd hissədən 20 faiz. Hospitalın girişindəki aptek, yeməkxana, bir də satış birbaşa ona baxırdı. Özü demişdi ki, bu üçünün hospitala heç bir dəxli yoxdur. Oradan gələn bütün pullar şəxsən ona təqdim olunurdu. Özü demişdi ki, “bu üçü bizim deyil”. Kimindir, onu da bilmirəm. Pullar ona verilirdi, daha bilmirəm ki, o da kiməsə verirdi, yoxsa yox”.

Cinayət işinin materiallarında yazılıb ki, Gömrük Hospitalı üçün xaricdən gətirilən dərmanlar gömrükdən qeyri-qanuni yollarla keçirilib, bəyannamələr dəyişdirilib. Məsələn, dərman gətirildiyi halda, sənəddə uşaq bezi yazılıb. F.Məmmədli bunu təsdiqləyib.

Təqsirləndirilən şəxslər arasında Türkiyə vətəndaşı Atanur Ateş də var. O, hospitalda proqram təminatçısı işləyib. Həbs olunana qədər bir il ərzində o da ölkəyə dərman gətirib satıb.

Fərman Məmmədli ifadəsində bu barədə də danışıb:

“Atanur bizdə proqramçı işləyirdi. Bir gün mənə yaxınlaşıb dedi ki, mən də dərman gətirmək istəyirəm. Fikrət müəllimə dedim. Cavab verdi ki, əgər 20 faiz məsələsini həll eləyə bilərsə, problem yoxdur. Dərman gətirmək istəyənlər üçün əvvəl 20 faiz idi, sonra 25-ə qaldırdılar. Atanura dedim, razılaşdı. Dərmanlar ümumi hospitala gətirilirdi, sonra başqa şəxs və ya firmanındırsa, ayrılırdı, sahibi götürüb aparırdı”.

Məhkəmə martın 4-də digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələrilə ittihamlar irəli sürülüb. Bu ittihamlarda on ilə qədər həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən F.Qədiməliyev indiki mərhələdə məhkəmədə ifadə verməkdən imtina edib. Onunla bağlı səslənən fikirlərə də heç bir münasibət bildirməyib.

Həmçinin oxuyun

Xaçmazda it sığınacağı: İki bacı dünyamızı xoşbəxt etməyə çalışır

Xaçmaz rayon sakinləri Hava və Nailə Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Bu ideyanın …