Ana səhifə / Sosial / Minalar planlı olaraq insanların ən çox gedə biləcəyi ərazilərdə basdırılıb – VİDEO

Minalar planlı olaraq insanların ən çox gedə biləcəyi ərazilərdə basdırılıb – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir. Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarI partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi üçün demək olar ki, hər gün həyatlarını təhlükəyə atırlar. Məqsəd 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağın tam təhlükəsiz məkana çevrilməsidir. Amma bəzən onların özləri də düşmənin basdırdığı minaların partlaması nəticəsində ağır xəsarət alırlar. ANAMA-nın əməkdaşı Asəf Xudiyev də düşmənin basdırdığı minanın partlamısından zərər çəkib.

Asəf Xudiyev can qurtarmağa gedərkən sağlamlığını itirib.

O,  illərlə bu işlə məşğul olsa da, düşmənin basdırdığı minanın partlaması nəticəsində ağır xəsarət alıb. Asəf Xudiyev 2-ci Qarabağ müharibəsi başa çatdıqdan bir neçə gün sonra işğaldan azad edilmiş torpaqlara qanunsuz səfər edib minaya düşən mülki şəxsləri ərazidən çıxaran zaman piyada əleyhinə minaya düşüb. Hadisə Füzulidə baş verib. Həmsöhbətimiz deyir ki, təmizlənməyən ərazilər oluqca təhlükəlidir.

Qeyd edək ki, partlayış nəticəsində peşəkar minatəmizləyən Asəf Xudiyev ağır yaralanıb. Həkimlər onun sol ayağının dizdən aşağı hissəsini amputasiya ediblər. Asəf Xudiyev deyir ki, görünməyən düşmənlə- mina ilə mübarizə aparmaq asan deyil. Artıq əmək qabiliyyətini itirən Asəf Xudiyevin fikrincə, düşmən planlı olaraq minaları insanların ən çox gedə biləcəyi ərazilərdə-dağıtdıqları evlərin içərisində, qəbiristanlıqlarda və yollarda basdırıblar.

ANAMA tərəfindən aparılan təhlillər göstərib ki, mina partlayışlarının 51%-i işğaldan azad edilmiş ərazilərə qanunsuz daxilolma, 26%-i isə təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Baş Prokurorluqdan verilən məlumata görə, ötən il noyabrın 10-dan bugünədək 71 mülki şəxs minaya düşüb. Nəticədə 27 nəfər həlak olub, 44 nəfər yaralanıb.  Mütəxəssislər, ata-baba yurdunu görmək üçün tələsən insanlara bir az səbrli olmalarını və qanusuz yollarla həmin ərazilərə keçməməyi tövsiyə edirlər.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …