Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Milyarder Məmişov deputat Əliyevə qarşı: “Hamını boğaza yığıb…”

Milyarder Məmişov deputat Əliyevə qarşı: “Hamını boğaza yığıb…”

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının keçirildiyi və prezident İlham Əliyevin diasporu birliyə çağırdığı bir vaxtda Rusiyanın Sankt-Peterburq şəhərindəki azərbaycanlı diasporu daxilində ciddi çəkişmə mətbuat səhifələrinə çıxıb. Virtualaz.org xəbər verir ki, buna səbəb Peterbuqun nüfuzlu azərbaycanlı milyarderi Vaqif Məmişovla yerli Dumanın deputatı Sayad Əliyev arasında qarşıdurmadır.

Yerli 47news.ru saytının yazdığına görə, Vaqif Məmişovun rəhbərlik etdiyi diaspor təşkilatı-“Sankt-Peterburq azərbaycanlı milli muxtariyyəti” Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilovaya və hakim “Vahid Rusiya” partiyasının regional təşkilatının rəhbəri Sergey Bebeninə məktub göndərərək “deputat adına yaraşmayan” işlərlə məşğul olan Sayad Əliyevin mandatının geri alınmasını, onun partiya sıralarından xaric edilməsini istəyib. Məktubu təşkilatın icraçı direktoru Ağarəşid Təhməzov imzalayıb. “Biz bu fikirləri təkcə bir millətin nümayəndələri kimi yox, Putinə səs vermiş əsl patriotlar kimi yazırıq”-məktubda deyilir. Məktubda bildirilir ki, deputat Əliyev “əvvəl problem yarat, sonra onu həll et” prinsipi ilə biznes qurub, bu işdə ona hüquq-mühafizə orqanlarındakı dostu Azər Əliyev kömək edir.

Bildirilir ki, məktubda Əliyevin ünvanına başqa ağır ittihamlar da var. Sayad Əliyev isə öz növbəsində Peterburq polis idarəsinin rəisinə şikayət yazaraq ona böhtan atan Təhməzovun cəzalandırılmasını tələb edib. Əliyev bildirir ki, ona qarşı aparılan kampaniya siyasi sifarişdir. Sayad Əliyev saytın müxbiri ilə söhbətində məktubu Təhməzov imzalasa da onun arxasında Məmişovun dayandığını deyib.

“O, özünü baron hesab edir, hesab edir ki, ancaq odur, başqa heç kim yox. Ancaq bu bizim aramızda olan fikir ayrılıqlarıdır, mən bizneslə məşğul deyiləm və olmaq fikrim yoxdur. Ola bilsin kiməsə mane olmuşam, bu ayrı məsələdir. Ola bilsin onlar seçkilərə görə belə edirlər. Mən Rusiyada 32 ildir yaşayıram, səlahiyyətli orqanlar bu məsələni araşdıracaq”-Sayad Əliyev deyib.

Vaqif Məmişov isə deyib ki, məktubda yazılanlar diasporun fikridir. “Biz bu yazılanların arxasındayıq. Əliyev kimilərini cəzalandırmaq lazımdır. Deputat xalqın maraqlarını qorumalıdır, o isə özünə saraylar tikir. İnsanların qayğısına qalmaq lazımdır, pulun yox. Onun hərəkətləri diasporu bezdirib. Söhbət konkret nədən gedir, demək istəmirəm, Rusiyada demək istəmirəm. Lakin mənim nümayəndələrim sizə hər şeyi danışar”-Məmişov bildirib.

Məlumatlara görə, Məmişovla Əliyev arasında münaqişənin kökü dərindir və biznes maraqlarının kəsişməsinə görədir. 2013-c ildə Məmişovun ofisində vergidən yayınma şübhəsi ilə axtarış aparılıb və deyilənlərə görə bunun arxasında Əliyev dayanırdı. Sayad Əliyev islam dininə inandığını desə də Peterburqda kilsə tikdirib. 2010-cu ildə o, Nevski Dubrovski qəsəbəsinin rəhbəri olanda həmin qəsəbədə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə provoslav məbədi inşa etdirib. Və məbədin açılışında Putin də iştirak edib. Çünki Putinin atası müharibə dövründə həmin ərazilərdə döyüşüb və ağır yaralanıb. Həmin mərasimə Məmişov buraxılmayıb və milyarder bunu deputata bağışlaya bilmir.

Peterburq internet mediasında Əliyev “zəngin kriminal keçmişə malik” şəxs kimi xarakterizə edilir və hətta azərbaycanlı diasporunun tanınmış nümayəndələrinin qətlində onun adı keçir.

Virtualaz.org

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın