Ana səhifə / Sosial / Milli Şura 17 maya mitinq təyin edib

Milli Şura 17 maya mitinq təyin edib

Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirilib. Milli Şuranın mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirələr zamanı Milli Şuranın mayın 3-də saat 15.00-da “Məhsul” stadionunda mitinq keçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verməməsi bir daha pislənilib. Həmçinin bununla əlaqədar məhkəməyə müraciət etməklə yanaşı, Milli Şura adından açıqlama da yayılıb.

Açıqlamada bildirilir ki, Milli Şuranın mayın 3-də saat 15.00-dan 17.00-dək “Talana son!” tələbi ilə keçirmək istədiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti həmin gün eyni saatda o ünvanda başqa bir önəmli tədbirin olacağını əsas gətirərək, razılıq verməyib və aksiyanın 2 mayda keçirilməsini təklif edib: “Maraqlıdır ki, hakimiyyət mitinqin keçirilməsi ilə bağlı təklif etdiyi vaxta qanunvericiliyin tələblərinə zidd olaraq, bir iş günü qalmış cavab verib. Bu isə praktiki olaraq həmin günə Milli Şuranın mitinq keçirməsini mümkünsüz etdi. Sonrakı günlərdə aparılan araşdırmalar göstərdi ki, 3 mayda ”Məhsul” stadionunda, ümumiyyətlə, hər hansı tədbir keçirilmədi. Mitinqə icazə verilməməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olmaqla, hakimiyyətin Milli Şuraya qarşı həyata keçirdiyi məkrli planın davamı və tərkib hissəsi olduğunu göstərdi.

Demokratik Qüvvələrin Milli Şurası bir daha vətəndaşların fəaliyyət imkanlarının məhdudlaşdırılması, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinin pozulmasını qətiyyətlə pisləyir, hakimiyyətdən bu kimi halların qarşısının alınması, ictimai-siyasi qurumların ifadə azadlığının təmin olunması, müxtəlif etiraz aksiyalarının keçirilməsinə şərait yaradılmasını tələb edir”.

Koordinasiya Mərkəzinin toplantısında AXCP fəalı Fuad Əhmədlinin naməlum şəkildə saxlanması və 9 gündür buraxılmaması, eyni zamanda Müsavat Partiyası başqanının müavini Fərəc Kərimliyə siyasi sifarişlə 6 il yarım həbs cəzası verilməsi pislənilib. Hər iki qanunsuz hadisə ilə bağlı etiraz bəyanatının qəbul edilməsi qərara alınıb.
Xəbərdə həmçinin bildirilir ki, Koordinasiya Mərkəzinin toplantısında siyasi məhbusların hüquqlarının müdafiəsi işinin gücləndirilməsi və Azərbaycanda siyasi məhbus probleminə dair ictimai dinləmənin keçirilməsi də qərara alınıb.

Koordinasiya Mərkəzi müzakirələrin nəticəsi olaraq, Milli Şuranın mayın 17-də “Məhsul” stadionunda “Talana son!” tələbi ilə mitinq keçirməsi və bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə qərar verib.

Müsavat Partiyasında isə mitinq keçirmək yox, yürüş keçirmək məsələsi müzakirə edilir. Bu barədə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirib. Onun dediyinə görə, Müsavatda mitinqlə bağlı müzakirə aparılmır. Çünki Müsavat yürüş keçirmək istəyir: “Biz mitinq məsələsini deyil, yürüş məsələsini müzakirə edirik. Mitinqlə bağlı müzakirəmiz olmayıb. Şəxsi fikrim ondan ibarətdir ki, indiki halda ən doğru müraciət yürüşlə bağlı müraciət olardı. Milli Şura da yürüş üçün müraciət etsəydi şəxsən hesab edirəm ki, daha yaxşı olardı”.

Milli Şuranın mitinqində Müsavatın iştirak edib-etməyəcəyinə gəlincə, başqan müavini deyib ki, bu məsələ barədə hələ partiyada müzakirə aparılmayıb.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın