Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Milli Məclisdə sensasion çıxışlar : “AXC hökumətinin kadrı Elman Rüstəmov…”

Milli Məclisdə sensasion çıxışlar : “AXC hökumətinin kadrı Elman Rüstəmov…”

Deputatlar hökumətə, Mərkəzi Bank rəhbərliyinə konkret təkliflərlə müraciət etdilər; ABŞ əleyhinə hazırlanan qərar layihəsi ilə bağlı mövqe qəfil dəyişdi

Milli Məclisin iclasında ölkə vətəndaşlarını narahat edən manatın və neftin qiyməti ilə bağlı müzakirələr gedir.
 
Deputat Vahid Əhmədov ilk olaraq vəziyyətlə bağlı narahatlığını bölüşdü: “Təklif edirəm ki, əhalinin 10 min dollar olan kreditləri köhnə məzənnə ilə ödənilsin. Mən Azərbaycan hökumətindən xahiş edirəm ki, əhaliyə kömək etsin. Bundan əlavə, əhalinin sığortalanan əmənətlərinin həcminin 30 min AZN-dən 500 min manata qaldırılmasını təklif edirəm. Azərbaycanda 43 bankın olması çoxdur. Bu bankların bəziləri məmurlara, ayrı-ayrı adamlara xidmət etdiyi üçün onların sayının azaldılmasına, iri bankların yaradılmasına ehtiyac var. Azərbaycan hökuməti gecə-gündüz, çox çevik işləməlidir ki, daha ağır problemlərlə üzləşməyək. Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb, uğurla çıxmışıq. İnanıram ki, müvafiq tədbirlər görülsə, bu vəziyyətdən də çıxacağıq. Mən Azərbaycan əhalisini də təmkinli olmağa çağırıram”.
“Cənab prezident tərəfindən hökumətə ciddi tapşırıqlar verilib. Qarşıdakı aylarda əhali bu tədbirlərin təsirini hiss edəcək”- deyə spiker Oqtay Əsədov bildirdi.
Deputat Fazil Mustafa dedi ki, dünyada gedən proseslər təbii olaraq Azərbaycana da təsir göstərir. Ancaq on il ərzində gələn gəlirlərin xərclənməsində israfçılıq olduğu üçün belə vəziyyətlə üzləşmişik: “Hökumətin iqtisadçı komandasının nə qədər zəif və hazırlıqsız olmasını devalvasiya bir daha üzə çıxartdı. 21 fevral devalvasiyasında da əhaliyə heç bir normal izahat verilmədi. Xatırlayıram, Milli Məclisdə Zahid Oruc sinəsini qabağa verib, bunun haqlı qərar olduğunu sübut etməyə çalışdı. Bu gün yoxsul-varlı təbəqənin olmasından asılı olmayaraq, hamı 50 faiz yoxsullaşdı. Bu gün konkret demir ki, inhisarçılıq ləğv olunacaqmı? “Naxçıvanbankı”nda 1 milyon dollar kredit köhnə kursla hesablanır. Ancaq Mərkəzi Bank ölkə üzrə bunu tətbiq etməyi mümkün saymır. Bu gün sahibkarları günahkar çıxartmaq olmaz. “Sədərək”də, “Binə”də çarəsiz qalan vətəndaşların taleyini düşünərək addımlar atılmalıdır. Müəyyən isalahatlar həyata keçirilməlidir, qənaət birinci dövlətdən, yuxarı eşalondan başlanmalıdır ki, aşağılar da bu rejimə öyrəşə bilsin”.
Spiker bir daha dedi ki, bu istiqamətdə bütün tədbirlər görülməyə başlanılıb: “Yaxın günlərdə bunun təsirini görəcəksiniz”.
Deputat Fərəc Quliyev təklif etdi ki, Milli Məclisin iclasları həftədə bir dəfə keçirilsin: “Ayrı-ayrı nazirliklərin təmsilçilərinin də iştirak etdiyi müzakirələrlə bağlı ictimaiyyətə operativ məlumatlar çatdırılsın”.
Deputat Zahid Oruc da manat və neft mövzusundan danışdı: “Biz başa düşməliyik, bahalı neft dövrü arxada qaldı. Bəli, biz neft pullarından maksimum istifadə etməyə çalışdıq. Ancaq Azərbaycan neftsiz yaşaya bilər. Neftsiz eraya hazırlıqlar həyata keçirilməlidir. Çoxları deyirdi ki, bu millət musiqi həvəskarıdır, şeiri sevir və rüşvətə meyillidir. Ancaq ASAN xidmət bunun belə olmadığını sübut etdi. Lazımsız nazirlik və komitələrədən xilas olmaq lazımdır”.
“Üzən məzənnə” barədə danışan deputat “İmkan verməliyik ki, manat Xəzər dənizində buruqlar arasından üzüb, quruya çıxsın” söylədi.
Deputat Əli Məsimli hökuməti təcili tədbirlər görməyə, xüsusən bayram günləri ehtiyatlı olmağa çağırdı, dedi ki, əks halda “qara bazar” formalaşacaq: “50 fazi devalvasiya olubsa, bu ağırlığı tam olaraq əhalinin üzərinə atmaq düzgün deyil. Ya əhaliyə möhlət verilməsi, ya faizlərin aşağı salınması, ya köhnə qiymətlərin tətbiqi həyata keçirilməlidir. Xüsusən aşağı və orta təbəqənin əmək haqları və təqaüdləri müvafiq olaraq qaldırılmalıdır. Neftin 25-30 dollar olmasına da hazır olmalıyıq, hökumət qabaqlayıcı tədbirlər görməlidir. İnhisarçılıq, məmur özbaşınalığı və korrupsiyanı aradan qaldırmaq şərtilə sahibkarlığın inkişafına geniş meydan versək, bir müddət sonra ölkə yenə sabit yolu ilə həyatına davam edəcək”.
Deputat Tahir Rzayev isə prezidentin 210 nəfəri əfv etməsi ilə əlaqədar təşəkkür etdi. O, ödənişli təhsil alan gənclərin problemlərindən danışdı. Dedi ki, təhsil haqqı ildən-ilə artır, xüsusilə 1-ci kursda oxuyanlar təhsil haqqını birdəfəlik ödəyə bilmirlər. Onlar istəyirlər ki, heç olmasa təhsil haqqını hissə-hissə ödəsinlər, bəzi rektorlar bununla razılaşmır. Deputat spikeri bu məsələyə müdaxilə etməyə çağırdı.
Deputat Qüdrət Həsənquliyev dedi ki, T.Rzayevi narahat edən məsələ onun özünü də narahat edir: “2015-ci il Ermənistanın işğalçı ordusunun Azərbaycanda ən çox itki verdiyi ildir. Ona görə də erməni lobbisi narahatdır və Azərbaycana qarşı ABŞ-ın təzyiq göstərməsi üçün hərəkətə keçib. Amma sözün doğrusu, mən parlamentin bununla bağlı qanun qəbul etməsini düzgün hesab etmirəm”.
Q.Həsənquliyev iqtisadi vəziyyətlə bağlı da fikirlərini bölüşdü: “Dünyanın heç yerində Azərbaycandakı qədər yüksək bank faizləri yoxdur. 42 bankın hərəsi “Naxçıvanbank” kimi 370 vətəndaşa güzəşt etsə, vəziyyət dəyişər”.
Q.Həsənquliyev ardınca sensasion fikir söylədi: “AXC-nin uğursuz bir kadrı kimi, çox təəssüf ki, indiki iqtidar Elman Rüstəmovu uzun illər bu postda saxladı”.
Spiker isə etiraz etdi və şəxsiyyət haqqında danışarkən ehtiyatlı olmağa çağırdı: “Xalq Cəbhəsindən gələnlər çoxdur, nə olsun, deputat da olmaq olmaz?”
Eyni zamanda o, bankların vətəndaşlara güzəşt etməsinə də etiraz etdi.
 
Siyavuş Novruzov isə Azərbaycanın neft pullarından ən gözəl formada istifadə etdiyini dedi və israfçılığın olmadığını bildirdi: “Biz də Liviya kimi Neft Fonduna yığsaydıq, başqa-başqa ölkələr yığıb aparardılar”.
O da dedi ki, Mərkəzi Bank vətəndaşların kreditləri ilə bağlı sıfırdan başlamalıdır: “Kifayət qədər gəlirlər götürüblər, gətiriib ortaya qoysunlar, birdəfəlik bu məsələ qurtarsın. Hər ay 2 milyard manat xərclənib. Qoy, Mərkəzi Bank 2 milyardı xərcləsin, bu problem birdəfəlik həll olunsun”.
S.Novruzov gözlənilmədən R.Rzayevin qanun layihəsinə də etiraz etdi. Dedi ki, Milli Məclis adından belə qərar qəbul edərkən düşünməliyik: “Bu, Amerika dövlətinin yox, bir ermənipərəst konqresmenin mövqeyidir. Mətbuatda bir çoxları Amerika dövlətinə, Konqresinə qarşı mübarizəyə keçib. Biz dostluq qrupunu işə salmalıyıq”.
O.Əsədov dedi ki, R.Rzayev nə Azərbaycan hökumətidir, nə də parlamenti, bir parlament üzvüdür, qərar layihəsi hazırlayıb: “Komitədə baxsınlar, götür-qoy etsinlər. Bu, çox böyük təxribatdır, biz də bilirik ki, bu, Amerika dövlətinin mövqeyi deyil. Ancaq lazım olsa, məsələyə baxacağıq. İstəmirəm ki, bu məsələni gərginləşdirsinlər”.
musavat.com

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın