Ana səhifə / Sosial / Milli Məclisin komissiya sədrindən heyrətamiz açıqlamalar

Milli Məclisin komissiya sədrindən heyrətamiz açıqlamalar

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev modern.az-a müsahibəsində cəmiyyətdə birmənalı qarşılanmayan, xüsusən də dindar kəsimin narazılığına səbəb olan açıqlamalar verib. Ağacan Abiyev bildirib ki, xaricə tələbələr yalnız yeni texnologiyaları öyrənmək üçün göndərilməlidir, dini təhsil almaq üçün yox. 
“Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, İslamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu, o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm. Bu günə qədər İslamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi İslam elmi-texniki tərəqqidə nəyə nail oldu? Ümumiyyətlə, İslam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə. İslam yaranandan ancaq tarixi öyrənə bilmişik. Mən din, İslam üçün Amerikaya, Avropaya, hətta İrana da getməyin qəti əleyhinəyəm. Məsciddə olan din xadimlərimiz bu işlərin öhdəsindən gələ bilər. Çünki xaricdə dini təhsil alanlar sonradan başımıza ”Nardaran oyunları”nı açır”.
Deputat bir qədər də dərinə gedərək Bakı İslam Universitetində ildə 2 min manat təhsil haqqı verib oxumağı “ağılsızlıq” adlandırıb: “Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültədə oxumaq olar. 4 il ərzində 8 min manat ödəyib İslam təhsili alan adamı mən qəbul etmirəm”.
Qeyd edək ki, Ağacan Abiyevin kifayət qədər sərt və ciddi fikirlərinə reaksiya verməli olan Bakı İslam Universiteti, Qafqaz Müsəlmanları İdarəsi nədənsə susmağa üstünlük verir. Dünən universitetin rektoru Hacı Sabir Həsənliyə və QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya gün ərzində dəfələrlə zəng etsək də cavab olmadı. 
Deputat həmkarı Fazil Mustafa isə bildirdi ki, həmkarının insanları daha çox müasir elmə yiyələnməyə çağırması normaldır, sadəcə, ifadələri bir az fərqli üslubda olsaydı, daha yaxşı olardı: “Dinlə məşğul olmaq fərdi məsələdir, kimsə ruhani həyat tərzini seçirsə, bu, şəxsin özünün seçiminə aid olan məsələdir. Ağacan müəllimin yanaşması mahiyyətcə normaldır. Mən doğru dini dəyərlərin insanlara aşılanmasına çalışan insanlardan biri kimi hesab edirəm ki, daha çox dünyəvi biliklərin əldə olunması, daha çox müasir texnologiyalarla bağlı bilgilərin mənimsənilməsi ölkəmizin, cəmiyyətimizin tərəqqisi üçün faydalıdır. Təbii ki, insanların dini də öyrənmələri yaxşıdır.
Amma dini öyrənirsə, müasir texnologiyaları öyrənməkdən özünü məhrum etməməlidir. Ağacan müəllim fikrini, sadəcə, bir qədər sərt formada ifadə edib. İnsanın seçiminə ”bu ağılsızlıqdır” deyərək qarışmaq olmaz, tövsiyə olaraq demək olar ki, bunu etsən daha yaxşı olar, bunu etməsən daha yaxşı. Həqiqi İslam özü bir elmdir. Amma bugünkü anlayışla İslam Azərbaycan masştabında bir cəhalət dini kimidir, İslam cəmiyyətə faydalı bir din kimi, olduğu kimi cəmiyyətə təqdim olunmayıb və olunmur. Ağlamaq, zırıldamaq, başqasının haqqına girmək, başqasının üzərində güc tətbiq edərək dinə gətirmək həqiqi İslam deyil. Həqiqi İslam xurafatı dəstəkləmir. Təəssüf ki, əsrlər boyu yaşadığımız İslam əsrlər boyu “Şeyx Nəsrullah”ın, “Molla Sadıq”ın islamı olub.
Belə bir islamın qarşısında da alternativimiz “Dərviş Məstəli Şah”, falçılıq olub. Ona görə də bu gün də Azərbaycan yarı-saxta İslam, yarı da falçılıq sistemi içində yaşayır. Həqiqi İslama meyllənmə olsa, bu, daha faydalı olar. Həqiqi İslamı öyrənən adam çalışqan olur, yaşadığı dünyada fayda vermək istəyir, kimsənin haqqına girmir, gedib insanların başını kəsmir. Həqiqi İslamın mahiyyəti peyğəmbərimizin həyatıdır.
Peyğəmbər kiminsə haqqına girməyib, kiminsə başını kəsməyib, kimisə aldatmayıb, qadınları döyməyib. İslam ağlı yerində olan insanı müdrikləşdirir, ağlı natamam olan insanı axmaqlaşdırır. Bizdə də axmaqlaşma istiqamətində daha çox meyllənmək hiss olunur. Ona görə də Ağacan Abiyev axmaqlaşma meyllərindən uzaqlaşmağın vacibliyini demək istəyir. Amma ifadələri bir az fərqli seçilsə, tövsiyə xarakterli olsa daha yaxşı olardı”.
  
“Yeni Müsavat” qəzetinin köşə yazarı, ilahiyyatçı ekspert Kənan Rövşənoğluna görə, Ağacan Abiyevin dini təhsil məsələsi ilə bağlı açıqlaması bu sahə ilə bağlı elementar bilgisinin olmadığını göstərir: “Əvvəlcə izah etməlidir ki, konkret Bakı İslam Universitetini nəzərdə tutur, yoxsa ümumiyyətlə, dini təhsilə qarşıdır? Doğrudur, sonrakı cümlələrindən belə aydın olur ki, ümumiyyətlə, dini təhsilə qarşıdır. İnsanların 2 min manat verib din elmlərini öyrənməsinə yaxşı baxmır. Əlbəttə, daha dərinə gedib din elmlərinin sərhədləri, insanın və ümumiyyətlə, həyatın maddi nəsnələrdən ibarət olmadığını, insanın həm də bir mənəviyyat, ruhdan ibarət olduğunu qeyd etmək, hətta maddi və bioloji, fiziki olaraq istənilən dərəcədə yüksək inkişafın belə mənəviyyat, ruh olmadan bəşəriyyət üçün faydasız olduğu haqda misallar söyləmək olar.
Amma buna gərək yoxdur. Bir-iki detalı qeyd etmək lazımdır. Əvvəla, hörmətli deputat Azərbaycanın qanunverici orqanını təmsil edir. Yəni həm də ictimai-siyasi proseslərin içərisindədir. Ona da bəllidir ki, son illərdə Azərbaycanda xarici ölkələr məhz din sahəsinə müdaxilə etməklə təsir göstərməyə çalışırlar. Yəni əgər nanotexnologiya üzrə 100 deyil, 50 mütəxəssisimiz olsa və yaxud indi olduğu kimi, heç olmasa, bundan Azərbaycan dəhşətli zərbə almaz. Uzaqbaşı 10 ildən sonra yeni mütəxəssislər yetişə bilər. Amma din sahəsində yerli – milli kadrlar olmadıqda Azərbaycanda dini sahə xarici ölkələrin işğalına məruz qalır. Nəticədə gənclərin beyinləri zəhərlənir, atasını öldürür, biriləri xarici ölkələrdə özlərinə aid olmayan savaşlara qatılır. Məhz Ağacan Abiyev kimi şəxslərin bu cür yanaşması nəticəsində Azərbaycanın dini mühiti işğal təhlükəsi ilə üzləşib, neçə ildir buna qarşı tədbirlər görülür, amma xeyri yoxdur. Məncə, ümumiyyətlə, şəxsi fikir bir başqa, amma məlumatsız şəxslərin dini mövzulardan danışması çox təhlükəlidir”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın