Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Milli Məclisdə sensasion çıxışlar

Milli Məclisdə sensasion çıxışlar

Deputatlar manat siyasətindən və Amerikaya qarşı sənəddən narazılıq etdilər; dövlət komitələrinin ləğvi məsələsi gündəmə gətirildi

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirildi. Spiker Oqtay Əsədov ilin son iclası olduğu üçün cari məsələlər ətrafında çıxış etməyə şərait yaratdı. İlk söz alan deputat Rövşən Rzayev gözlənildiyi kimi, ABŞ-a qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini təqdim etdi. “Mən Milli Məclisin deputatı kimi öz konstitusion hüquqlarımdan istifadə edərək qərar layihəsi hazırlamışam” – deyən deputat əlavə etdi ki, bu, ABŞ Konqresinə Azərbaycanla bağlı təqdim olunan qərəzli qətnamə layihəsinə cavabdır.
Deputat bildirdi ki, sənədi Dağlıq Qarabağın Azərbaycan icmasının İdarə Heyətinin üzvü kimi hazırlayıb: “Nəyə görə ABŞ Azərbaycana qarşı törədilən faciələrə, Xocalı soyqırımına bir dəfə də olsun münasibət bildirməyib? ABŞ-ın özündə insan hüquqları kifayət qədər pozulur, bu barədə mənim hazırladığım qərar layihəsində də əksini tapıb”. R.Rzayev spikerdən xahiş etdi ki, o, qərar layihəsinin daha təkmil formada hazırlanması və Milli Məclisin komitəsində müzakirə olunmasına göstəriş versin.
Spiker O.Əsədov qərar layihəsini Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə etdi. Eyni zamanda Bahar Muradova, Səməd Seyidov və Əli Hüseynlinin rəhbərlik etdiyi birgə komitələrin müzakirəsinə çıxarılması barədə tapşırıq verdi.
Daha sonra deputatlar ölkə vətəndaşlarını narahat edən məsələlər – manatın və neftin qiyməti ilə bağlı çıxışlar etdilər, təkliflər səsləndirdilər.
Deputat Vahid Əhmədov ilk olaraq vəziyyətlə bağlı narahatlığını bölüşdü: “Təklif edirəm ki, əhalinin 10 min dollar olan kreditləri köhnə məzənnə ilə ödənilsin. Mən Azərbaycan hökumətindən xahiş edirəm ki, əhaliyə kömək etsin. Bundan əlavə, əhalinin sığortalanan əmanətlərinin həcminin 30 min AZN-dən 500 min manata qaldırılmasını təklif edirəm. Azərbaycanda 43 bankın olması çoxdur. Bu bankların bəziləri məmurlara, ayrı-ayrı adamlara xidmət etdiyi üçün onların sayının azaldılmasına, iri bankların yaradılmasına ehtiyac var. Azərbaycan hökuməti gecə-gündüz, çox çevik işləməlidir ki, daha ağır problemlərlə üzləşməyək. Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb, uğurla çıxmışıq. İnanıram ki, müvafiq tədbirlər görülsə, bu vəziyyətdən də çıxacağıq. Mən Azərbaycan əhalisini də təmkinli olmağa çağırıram”.
“Cənab prezident tərəfindən hökumətə ciddi tapşırıqlar verilib. Qarşıdakı aylarda əhali bu tədbirlərin təsirini hiss edəcək” deyə, spiker Oqtay Əsədov deputata reaksiyasında bildirdi.
 
Deputat Fazil Mustafa dedi ki, dünyada gedən proseslər təbii olaraq Azərbaycana da təsir göstərir. Ancaq on il ərzində gələn gəlirlərin xərclənməsində israfçılıq olduğu üçün belə vəziyyətlə üzləşmişik: “Hökumətin iqtisadi komandasının nə qədər zəif və hazırlıqsız olmasını devalvasiya bir daha üzə çıxartdı. 21 fevral devalvasiyasında da əhaliyə heç bir normal izahat verilmədi. Xatırlayıram, Milli Məclisdə Zahid Oruc sinəsini qabağa verib bunun haqlı qərar olduğunu sübut etməyə çalışdı. Bu gün yoxsul-varlı təbəqənin olmasından asılı olmayaraq, hamı 50 faiz yoxsullaşdı. Bu gün konkret demir ki, inhisarçılıq ləğv olunacaqmı? ”Naxçıvanbankı”nda 1 milyon dollar kredit köhnə kursla hesablanır. Ancaq Mərkəzi Bank ölkə üzrə bunu tətbiq etməyi mümkün saymır. Bu gün sahibkarları günahkar çıxartmaq olmaz. “Sədərək”də, “Binə”də çarəsiz qalan vətəndaşların taleyini düşünərək addımlar atılmalıdır. Müəyyən islahatlar həyata keçirilməlidir, qənaət birinci dövlətdən, yuxarı eşelondan başlamalıdır ki, aşağılar da bu rejimə öyrəşə bilsin”.
Spiker bir daha dedi ki, bu istiqamətdə bütün tədbirlər görülməyə başlanılıb: “Yaxın günlərdə bunun təsirini görəcəksiniz”.
Deputat Zahid Oruc da manat və neft mövzusundan danışdı: “Biz başa düşməliyik, bahalı neft dövrü arxada qaldı. Bəli, biz neft pullarından maksimum istifadə etməyə çalışdıq. Ancaq Azərbaycan neftsiz yaşaya bilər. Neftsiz eraya hazırlıqlar həyata keçirilməlidir. Çoxları deyirdi ki, bu millət musiqi həvəskarıdır, şeir sevir və rüşvətə meyllidir. Ancaq ”ASAN xidmət” bunun belə olmadığını sübut etdi. Lazımsız nazirlik və komitələrdən xilas olmaq lazımdır”. “Üzən məzənnə” barədə danışan deputat “imkan verməliyik ki, manat Xəzər dənizində buruqlar arasından üzüb, quruya çıxsın” söylədi.
 
Deputat Əli Məsimli hökuməti təcili tədbirlər görməyə, xüsusən bayram günləri ehtiyatlı olmağa çağırdı, dedi ki, əks halda, “qara bazar” formalaşacaq: “50 faiz devalvasiya olubsa, bu ağırlığı tam olaraq əhalinin üzərinə atmaq düzgün deyil. Ya əhaliyə möhlət verilməsi, ya faizlərin aşağı salınması, ya köhnə qiymətlərin tətbiqi həyata keçirilməlidir. Xüsusən aşağı və orta təbəqənin əmək haqları və təqaüdləri müvafiq olaraq qaldırılmalıdır. Neftin 25-30 dollar olmasına da hazır olmalıyıq, hökumət qabaqlayıcı tədbirlər görməlidir. İnhisarçılıq, məmur özbaşınalığı və korrupsiyanı aradan qaldırmaq şərtilə sahibkarlığın inkişafına geniş meydan versək, bir müddət sonra ölkə yenə sabit yolu ilə həyatına davam edəcək”.
Deputat Tahir Rzayev ödənişli təhsil alan gənclərin problemlərindən danışdı. Dedi ki, təhsil haqqı ildən-ilə artır, xüsusilə 1-ci kursda oxuyanlar təhsil haqqını birdəfəlik ödəyə bilmirlər. Onlar istəyirlər ki, heç olmasa təhsil haqqını hissə-hissə ödəsinlər, bəzi rektorlar bununla razılaşmır. Deputat spikeri bu məsələyə müdaxilə etməyə çağırdı.
 
Deputat Qüdrət Həsənquliyev dedi ki, T.Rzayevi narahat edən məsələ onun özünü də narahat edir: “2015-ci il Ermənistanın işğalçı ordusunun Azərbaycanda ən çox itki verdiyi ildir. Ona görə də erməni lobbisi narahatdır və Azərbaycana qarşı ABŞ-ın təzyiq göstərməsi üçün hərəkətə keçib. Amma sözün doğrusu, mən parlamentin bununla bağlı qanun qəbul etməsini düzgün hesab etmirəm”.
Q.Həsənquliyev iqtisadi vəziyyətlə bağlı da fikirlərini bölüşdü: “Dünyanın heç yerində Azərbaycandakı qədər yüksək bank faizləri yoxdur. 42 bankın hərəsi ”Naxçıvanbank” kimi 370 vətəndaşa güzəşt etsə, vəziyyət dəyişər”.
Q.Həsənquliyev ardınca sensasion fikir söylədi: “AXC-nin uğursuz bir kadrı kimi, çox təəssüf ki, indiki iqtidar Elman Rüstəmovu uzun illər bu postda saxladı”.
Spiker isə etiraz etdi və şəxsiyyət haqqında danışarkən ehtiyatlı olmağa çağırdı: “Xalq Cəbhəsindən gələnlər çoxdur, nə olsun, deputat da olmaq olmaz?”
Eyni zamanda o, bankların vətəndaşlara güzəşt etməsinə də etiraz etdi.
Siyavuş Novruzov isə Azərbaycanın neft pullarından ən gözəl formada istifadə etdiyini dedi və israfçılığın olmadığını bildirdi: “Biz də Liviya kimi Neft Fonduna yığsaydıq, başqa-başqa ölkələr yığıb aparardılar”.
O da dedi ki, Mərkəzi Bank vətəndaşların kreditləri ilə bağlı sıfırdan başlamalıdır: “Kifayət qədər gəlirlər götürüblər, gətirib ortaya qoysunlar, birdəfəlik bu məsələ qurtarsın. Hər ay 2 milyard manat xərclənib. Qoy, Mərkəzi Bank 2 milyardı xərcləsin, bu problem birdəfəlik həll olunsun”.
 
S.Novruzov gözlənilmədən R.Rzayevin qanun layihəsinə də etiraz etdi. Dedi ki, Milli Məclis adından belə qərar qəbul edərkən düşünməliyik: “Bu, Amerika dövlətinin yox, bir ermənipərəst konqresmenin mövqeyidir. Mətbuatda bir çoxları Amerika dövlətinə, Konqresinə qarşı mübarizəyə keçib. Biz dostluq qrupunu işə salmalıyıq”.
O.Əsədov dedi ki, R.Rzayev nə Azərbaycan hökumətidir, nə də parlamentidir, bir parlament üzvüdür, qərar layihəsi hazırlayıb: “Komitədə baxsınlar, götür-qoy etsinlər. Bu, çox böyük təxribatdır, biz də bilirik ki, bu, Amerika dövlətinin mövqeyi deyil. Ancaq lazım olsa, məsələyə baxacağıq. İstəmirəm ki, bu məsələni gərginləşdirsinlər”.
İclasda yeni İnzibati Xətalar Məcəlləsi də qəbul edildi. 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə idi) ibarət yeni Məcəllədə bir sıra sahələrdə cərimələrin sərtləşdirilməsi və digər yeniliklər nəzərdə tutulur. Lakin Məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Ümumiyyətlə, son iclas bir sıra deputatların kəskin tənqidi çıxışları ilə yadda qaldı. Məsələn, deputat Aytən Mustafayeva Xarici İşlər Nazirliyinin özünü “toxunulmaz qurum” elan etdiyini, geri çağırılan diplomatların Azərbaycanda işsiz qaldığını, onlara texniki işlərin təklif olunduğunu deyib nazirliyi tənqid etdi. Daha sonra xanım deputat ölkədə kifayət qədər idman kompleksləri olduğu halda onların pullu xidmət göstərdiyi üçün qapılarının bağlı qaldığını, gənclərin idmanla məşğul ola bilmədiyini söylədi. Deputatın tənqidləri spikeri də əsəbiləşdirdi və ona irad bildirdi.
Deputat Zahid Oruc isə rayonlarda səhiyyə obyektlərinin olmamasını ciddi problem kimi önə çəkdi. “Lisenziyalar və icazələr haqqında” Qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini yanacaqdoldurma məntəqələri üzərində məhz lisenziyalaşdırma ilə bağlı rüşvət pramidası yaratmaqda günahlandırdı. Onun çıxışına replika verən deputat Yevda Abramova isə Z.Oruc “Yaxşı ki, yəhudilər sədarətdə əyləşmir” deyə, ironiyalı reaksiya verdi.
Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında” Qanunda da dəyişiklik etdi. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, layihə “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər edilməsini nəzərdə tutur. Qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, “Televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulan hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.
Lakin bəzi deputatlar təklif olunan dəyişikliyə etiraz etdi. Deputat Qüdrət Həsənquliyev dedi ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi Milli Televiziya və Radio Yayımı Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmlinin ANS-i bağlamasına səbəb olacaq: “Çünki onların qarşılıqlı əməkdaşlığı yoxdur”. Deputat bildirdi ki, mətbuatda hər gün MTRŞ-nin ANS-i cərimələməsi ilə bağlı xəbərlər yayılır: “Qanuna edilən dəyişiklik onların ANS-i bağlamasına səbəb olacaq. Heç olmazsa, müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibəti görürük”.
Deputat Fazil Mustafa isə dedi ki, qanun layihəsi qəbul olunarsa, o zaman məhkəmənin işinə ehtiyac olmayacaq: “Belə olanda məhkəmə hakimiyyəti icra orqanı ilə bölüşdürülür. Buna diqqət edilməlidir. Heç olmazsa, hansısa qurumun qərarı ilə televiziyanın fəaliyyəti üç gün dayandırıla bilər və sonra məhkəmədə nəyə görə bağlanması barədə əsaslandırılmalıdır. Bu olmasa, müəyyən icra qurumu məhkəmə funksiyasını mənimsəyir və bu, problemdən çıxış yolu deyil. Bunun yolu məhkəmədən keçir. Belə olarsa, dəyişiklik konstitusiyaya uyğun olar”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə cavabında qeyd etdi ki, “Televiziya və radio yayımı haqqında” Qanun MTRŞ-nin hər hansı televiziyanı bağlamasına icazə verir: “Televiziya strateji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar etsin. Ancaq bunun üçün müvafiq məhkəmələr var və onların qərarı olmalıdır. Hesab edirəm ki, bu qanunla bağlı oxşar təcrübə bir çox dövlətlərdə var. Mən qanuna edilən dəyişikliklərə səs verəcəyəm”.
 
Müzakirələrdən sonra layihə səsverməyə qoyuldu və cəmi 2 nəfər əleyhinə olmaqla qəbul edildi.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın