Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Mikayıl Cabbarov qələbə ərəfəsində-Məleykə Abbaszadə gedir…

Mikayıl Cabbarov qələbə ərəfəsində-Məleykə Abbaszadə gedir…

Bir-biri ilə savaşan iki qurum birləşdirilir; Məlumatlara görə, yaxın günlərdə Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdiriləcək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq; təhsil naziri bu layihənin həyata keçməsinə təkid edir; 2013-cü il prezident seçkilərindən sonra Məleykə Abbaszadənin komissiya sədri kimi təsdiqi niyə yubanmışdı?

Son vaxtlar təhsil naziri Mikayıl Cabbarovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında yenidən başlamış “soyuq savaş”ın səbəbi ortaya çıxıb. Məlumatlara görə, yaxın günlərdə Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdiriləcək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq. 
İddia olunur ki, hakimiyyət daxilində bu layihənin əleyhinə olanlar da var. Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar hesab edir ki, bu birləşmə təhsil sahəsində korrupsiyanın miqyasını artıra bilər. Digər tərəfdən, bu qurumlar bir-birinə demək olar ki, nəzarət funksiyası yerinə yetirirdi. Yəni qurumlar arasındakı rəqabət onların bir-birilərinin fəaliyyətini diqqətlə izləməyi şərtləndirir. Bu qurumlar birləşdiriləndən sonra isə ortadakı rəqabət və bundan doğan nəzarət funksiyası təbii olaraq aradan qalxacaq ki, bu da təhsil sahəsinə ciddi mənfi təsir göstərə bilər. Lakin bütün bunlara rəğmən Təhsil Nazirliyi ilə TQDK-nın bir qurumda birləşdirilməsinin tərəfdarı olanlar da var. Onların başında isə təhsil naziri Mikayıl Cabbarov dayanır. Xüsusilə o, bu layihənin həyata keçməsinə təkid edir.
Hökumət 2016-cı il büdcəsində neftin qiymətinin 25 dollardan hesablanması üzərində işləyir və gözlənilir ki, iqtidar digər sahələrdə olduğu kimi, təhsil sahəsində də vahid qurum yaradılmasına qərar verəcək.
Yeni quruma kimin rəhbərlik edə biləcəyi barədə hələ ki yalnız ehtimallar var. Amma iki qurumun rəhbərindən biri üzərində seçim edilərsə, təbii ki, M.Cabbarovun şansları daha yüksək qiymətləndirilir. Maraqlıdır ki, son günlər məktəblərdə müəllim-şagird, müəllim-valideyn davaları haqda informasiyalar artıb, hakimiyyətə yaxın televiziyalarda Təhsil  Nazirliyinə yönəlik qınaqların artdığı müşahidə edilir.
Buna paralel olaraq TQDK sədrinin kolleclərə və ali məktəblərin bəzi ixtisaslarına tələbə qəbulunun buraxılış imtahanlarının nəticələri əsasında aparılması təklifi  iqtidara yaxın KİV-lərdə ciddi tənqid olunmaqdadır.  Yada salaq ki, 2013-cü il prezident seçkilərindən sonra hökumətin tərkibini müəyyən edərkən M. Abbaszadənin yenidən komissiya sədri kimi təsdiqi bir qədər yubandı. Həmin vaxt bəzi mənbələr bunu TQDK sədrinin dəyişdiriləcəyi ilə əlaqələndirirdilər. Lakin bir müddət sonra komissiya sədri vəzifəsini qorumağı bacardı.
Keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında nazirliklə TQDK sədri  arasında tez-tez qarşılıqlı ittihamlar səsləndirilidi. Amma iki ildən artıqdır ki, Təhsil Nazirliyinin rəhbərliyi dəyişsə də, tərəflər arasında “möhkəm sülh” yoxdur, zaman-zaman müəyyən məsələlərdə qarşılıqlı ittihamlar eşidilməkdədir.  Məsələn, komissiya sədri ötən il keçirilmiş buraxılış imtahanlarından aşağı qiymət alanlarla bağlı danışaraq təhsil nazirini çətin vəziyyətdə qoymuşdu. Mikayıl Cabbarov isə “Azərbaycan” qəzetinə müsahibəsində “bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 nəfər məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub” deyərək, TQDK-da rüşvət mexanizminin hələ də işlədiyinə açıq işarə vurmuşdu.
Təhsil Nazirliyi və TQDK arasında münasibətlərin yoluna qoyulmamasının  kökündə isə iddialara görə, hakimiyyətdaxili ziddiyyətlər dayanır. Məlumdur ki, yeni təhsil naziri də Misir Mərdanov kimi  hakimiyyətdəki ikinci soyada yaxın kadrdır. Yəni Misir Mərdanovdan sonra da təhsil sahəsini nəzarətlərində saxlayıblar. TQDK sədri isə daha çox Prezident Administrasiyasına yaxın kadr sayılır.
“Yeni Müsavat”ın hakimiyyətə yaxın mənbələrinin xəbərinə görə, iqtidar bu birləşmə məsələsinə razılıq vermək ərəfəsindədir. Çünki prezident İlham Əliyev də yaxın aylarda hökumətdə çevik idarəetmə strukturunun yaradılacağını, bir-birinə yaxın səlahiyyətli komitələrin birləşdiriləcəyini deyib. TQDK və Təhsil Nazirliyi təhsil sistemində bir-birinə nə qədər rəqabətdə olsa da, “bir alma” hesab olunur.  Mənbə deyib ki, islahat dalğasının qurbanı isə çox böyük ehtimalla TQDK sədri olacaq. 
 
Qeyd edək ki, bugünlərdə  5 ildir TQDK-nın mətbuat xidmətinin rəhbəri işləyən Elnur Nağızadə gözlənilmədən öz ərizəsi ilə vəzifəsindən gedib. Ehtimal ki, bu, qurumun yaxın vaxtlarda ləğvi ilə bağlı məlumatlarla əlaqədardır. 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın