Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Mehman Əliyev: “İnsanlar buna vərdiş ediblər”

Mehman Əliyev: “İnsanlar buna vərdiş ediblər”

Qonşu ölkələrdə baş verən proseslər, yaşanan faciələr bəzi hallarda ölkəmizdə olan problemləri belə cəmiyyətə unutdurur. İnsanlar öz yaşadıqlarından daha çox qonşu dövlətdə baş verən hadisəni müzakirə edir.

Son iki ildə bu özünü açıq şəkildə büruzə verdi. Azərbaycanda iqtisadi böhran yaşandı, bunun təsiri ilə problemlər artdı və insanların yaşayış durumları daha da çətinləşdi. Amma bununla belə, yaşananları unutduracaq qonşu ölkələrdə faciələr də baş verdi.

Ekspertlər hesab edirlər ki, mövcud situasiya hakimiyyətin işinə daha çox yarayır. Çünki hazırda iqtisadi böhranla əlaqədar xalqın yaşayış durumu olduqca ağırdır. Getdikcə də vəziyyət ağırlaşır. Qonşu ölkələrdəki hadisələrin gündəmimizi zəbt etməsi insanları bir müddət problemlərdən uzaqlaşdırır ki, bu da istənilən ölkə iqtidarına sərf edir. Çünki gündəmi dəyişmək istəyən bir hakimiyyət üçün belə hadisələrin gündəm olması bir şansdır. Xalqımızın öz problemləri ilə yanaşı, digər ölkələrdəki hadisələrə bu qədər maraq göstərmələri, hətta bu hadisələrin insanlara öz çətinliklərini unutdurması ilə bağlı fikirlər də müxtəlifdir.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, hər bir informasiya müəyyən vaxt diqqət mərkəzində olur, ictimaiyyəti maraqlandıra bilir: “Bir informasiya gündəmə gəlir, sonra gündəmdən düşür, yenisi meydana çıxır. İnsan daim psixoloji olaraq yenilik axtarır. İnsanlar istəmədikləri mövzunu belə psixoloji olaraq müzakirə etməyə meylli olurlar, bu bir tələbatdır. İnsan informasiya axtarışındadır. Bu normal bir şeydir. Azərbaycanda daxili vəziyyət iki ildir pisləşir. Sanki insanlar artıq buna vərdiş ediblər. Növbəti dalğa, devalvasiya və digər hadisə baş verməlidir ki, yenə də problem gündəmə gəlsin, daha ciddi şəkildə müzakirə olunsun. Məsələn, Tarif Şurasının qiymətləri artırması, İlham Əliyevin bununla bağlı güzəştlərdən danışması müəyyən qədər aktivlik yaradır, müzakirələr qızışır. Sonradan isə ikinci, üçüncü dərəcəli məsələlərə çevrilir”.

Qonşu ölkələrdə baş verənlərin Azərbaycan hakimiyyətinin işinə yaradığı barədə fikirlərə “Turan” rəhbəri belə cavab verdi: “Faktiki vəziyyət günü-gündən pisləşir. Məsələ prinsipcə gündəmdədir, insanlar danışır. Getdikcə problemlərin artması, hakimiyyətin bunları hələ də həll etməməsi gələcəkdə nəinki müzakirələrə, hətta müəyyən aktiv etirazlara da səbəb olacaq. Yəni Rusiya, Türkiyə, İranla maraqlanıb, öz problemlərini unutmaq mümkün deyil. Bunun özü də belə deyil. Türkiyə və Rusiya ilə kifayət qədər yaxınıq. Bu dövlətlərdə gedən proseslər birbaşa Azərbaycanla bağlıdır.

Bizim orada, onların burada maraqları var. Bu baxımdan oradakı sabitlik və ya qeyri-sabitlik bizim üçün böyük əhəmiyyət kəsb edir. Real vəziyyət faktiki budur. Nigeriya və ya bu kimi ölkələrdə hadisələr baş verir, bu bizi o qədər də maraqlandırmır. O ölkələrdəki maraqlar var, oradakı hadisələrə də diqqət güclü olur. Türkiyə elə bir dövlətdir ki, real olaraq orada ciddi maraqlarımız var, dövlət və cəmiyyət olaraq. Ona görə də ölkəmizə təsirləri yüksəkdir. Türkiyədə kənd təsərrüfatı mallarının alınmasına Rusiya tərəfdən qadağa qoyulması Azərbaycanda müəyyən canlanmaya səbəb olmuşdu. Rusiya ilə hansısa dövlətin münasibətləri pisləşən kimi Azərbaycan düşüncələr arasında qalır, hansı tərəfdə olmaqla bağlı. Ona görə də bu tipli ölkələrə göstərilən maraq normaldır”. (Musavat.com)

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın