Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Mayın 15-də Rövşən Cavadov dedi ki, Ayaz müəllim, mən o tərəfdəyəm…”- Ayaz Mütəllibov

“Mayın 15-də Rövşən Cavadov dedi ki, Ayaz müəllim, mən o tərəfdəyəm…”- Ayaz Mütəllibov

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az-a 25 il öncə bu günlər -1992-ci il mayın 14-15-də baş verən olaylar barədə növbəti diqqətəlayiq açıqlamalar verdi:
-Ayaz müəllim,  keçmiş müdafiə naziri Rəhim Qazıyev Moderator.az-a son açıqlamalarından birində  Şuşa və Laçının işğal edildiyi günlərdə  Moskva tərəfindən sizə dəstək üçün 14 zirehli texnika verildiyini iddia edərək deyir:
“14 may 1992-ci il ərəfəsində birbaşa Kremlin göstərişi ilə  Zaqafqaziya hərbi dairəsinin komandanı general Patrekeyev Azərbaycanda yerləşmiş dördüncü ordunun komandanı general N.Popova bilavasitə Mütəllibovun  sərəncamına 14 zirehli döyüş maşınının (6 ədəd “T-72” tank, 6 ədəd “BMP-2”, 2 ədəd “MTLB”-nin bazasında olan “ŞİLKA”)  təcili olaraq verilməsini əmr edir. Həmin gün sərəncamına verilən tam texniki cəhətdən saz, döyüşə hazır vəziyyətdə olan həmin döyüş maşınları Mütəllibovun  göstərişi ilə MN-dən xəbərsiz general Dadaş Rzayevin tabeçiliyinə verilir. Həmin döyüş maşınlarından 2 ədəd T-72 tankı Prezident Aparatının həyətində qalır, 12 döyüş maşını isə PA-nın binasını əhatəyə alır. Şuşa -Laçın uğrunda döyüşlərin getdiyi ən məsuliyyətli məqamda rusların verdiyi döyüş maşınları hakimiyyətə qayıtması üçün  Mütəllibova verilir…”  Sonra Rəhim Qazıyev müdafiə naziri kimi həmin 14 döyüş maşınından iki ədəd “ŞİLKA”nı nazirliyin həyətində saxlayıb 12-nin Laçın istiqamətinə göndərilməsi barədə əmr verdiyini də söyləyir…”
Belə çıxır ki, Rusiyanın verdiyi həmin texnika tabeliyinizdə qalsa idi, siz hakimiyyətinizi qoruyub saxlaya bilərdiniz? 
-Elə şey olmayıb. Özündən uydurur.  5-6 martda əlimizdə bir neçə texnika var idi. Amma onu dəqiq deyirəm ki,  mayın 14-15-də bizə verilən 14 texnika-filan söhbəti olmayıb.  Mayın 14-də  gördüm ki, artıq  bunlara bel bağlamaq olmaz… Siyasi vəziyyət elə idi ki, artıq müxalifətə yol açılmışdı, yaşıl işıq yandırılmışdı. Ona görə özlərindən cürbəcür şeylər uydurmasınlar…
“Mən dedim ki, Şuşanın müdafiəsini bərkitmək lazımdır…”
 
– Deməli, o zaman müdafiə nazirinin müavini olan general Dadaş Rzayevlə sizin sözügedən  hərbi texnikalarla bağlı əlaqəniz olmayıb?
-Xeyr. Belə şey olmayıb.  Mən  1992-ci ilin fevralında Rəhim Qazıyev Şuşaya gedəndə  ehtiyatda olan bütün hərbi texnikamızı ora göndərdim. Hətta hökumət adamları deyirdi ki, bəs Bakıda da texnika qalmalıdır. Mən deyirdim ki, yox, ora vacibdir. Şuşanın müdafiəsini bərkitmək lazımdır…
 
“Mənim heç bir halda dinc insanlara qarşı silah işlətmək fikrim yox idi…”
 
– Ayaz müəllim, ötən müsahibələrimizdən birində Rəhim Qazıyevin Daşkənddə Rusiya prezidenti B.Yeltsinlə məlum söhbətindən danışmısdıq. Həmin söhbətdən sonra Yeltsin Gəncədəki 104-cü Rusiya diviziyasının  komandiri general V.Şerbaka  1992-ci il mayın 14-də sizin hakimiyyətə gəlməyiniz əleyhinə mitinq edən AXC tərəfdarlarının üzərinə  desant qüvvələri tökmək əmrini geri götürtmüşdü. Belə çıxır ki, əgər general  Şerbaka verilən əmr qüvvədə qalsaydı və mitinq edən cəbhəçilər parlament ətrafından dağıdılsaydı, siz əlinizdəki  hərbi qüvvədən də yararlanaraq iqtidarda qalacaqdınız…
-İndi bu cür suallar vermək olar. Amma gerçəklik ondadır ki, tarix belə yazdı hadisələri. O zaman biz MDB-nin  daxilində idik. Bu mənada Rusiya ordusunun qanuni hakimiyyəti qorumaq üçün bizə köməyi ola bilərdi. Ancaq mənim təsəvvürümdə hökumət binaları qarşısına yığışmış dinc insanlara qarşı silah işlətmək fikri yox idi. Bunu da mən öz hərəkətimlə, verdiyim son qərarla sübut etdim. Yəni heç bir silahlı müqavimət göstərmədən  hakimiyyət kreslosunu qoyub ölkəni tərk etdim…
 
“Qarabağda döyüşmüş azərbaycanlı oğulların olduğu iki silahlı qrupu qarşı-qarşı qoya bilməzdim…”
 
-1992-ci il mayın 14-15-də bir prezident kimi sırf sizin sərəncamınızda olan neçə hərbu texnika və sizə sadiq neçə canlı qüvvə vardı?
-Dəqiq bulmirəm. Yəqin ki, bir neçə zirehli maşın olardı. Bir də yeni yaratmağa başladığımız prezident qvardiyasının təxminən 50-60 döyüşçüsü… Amma bütün hallarda mənim hər iki tərəfdə Qarabağda döyüşmüş azərbaycanlı oğulların olduğu iki silahlı qrupu biri-birinə qarşı qoymaq niyyətim ola bilməzdi. Yəni, prezident qvardiyasına qarşı tərəfdə olan “OMON” döyüşüçülərinə atəş açmaq əmri verə bilməzdim…
“Rövşən Cavadov  mənə baxmadan üzünü pəncərəyə tərəf tutub dedi ki…”
 
-Yəni həmin günlər “omon”çular da sizi müdafiə etmirdi?
-Bəli. Bununla bağlı əsas məqamlardan birini də demək istəyirəm. 15 mayda günün ikinci yarısında mənim kabunetimə “OMON” komandiri Rövşən Cavadov daxil oldu, salamlaşdıq. Yanımda köməkçimdən başqa heç kəs yox idi… O, mənə baxmadan üzünü pəncərəyə tutaraq söylədi ki, Ayaz müəllim,  sizə deməliyəm ki, mən o tərəfdəyəm… Yəni müxalifət tərəfdəyəm… Onu başdan-ayağa süzərək cavab verdim ki, o, sənin  şəxsi işindi. Vəssəlam… Artıq bundan sonra hər şey aydın oldu. Rövşən Cavadovun başçılığıyla “OMON” bir tərəfdə, mənim qvardiyam bu biri tərəfdə.. Nə baş verəcəkdi? Silahlı qırğın, vətəndaş müharibəsi…
-Rövşən Cavadov təkcə gəlmişdi kabinetinizə?
-Bəli, təkcə gəlmişdi.
“Rövşən Cavadov televiziya ilə xalqa müraciət edib desəydi ki…”
 
-Siz Şuşanın işğalından sonrakı günlərdə döyüş zonasında və ya Bakıda olan hansısa hərbi komandir və ya zabitlərlə əlaqə saxlayaraq onlara nəsə göstəriş-filan verməmisiniz ki?
-Xeyr… Bilirsiz, əgər Rövşən Cavadov televiziya ilə xalqa müraciət edib desəydi ki, biz qanuni prezidentin  tərəfindəyik. Heç nəyə ehtiyac olmayacaqdı. Heç silaha əl atmağa da ehtiyac qalmayacaqdı. Hamı öz yerində oturacaqdı. Bunu etmədilər. Halbuki, Rövşən Cavadovu vəzifəyə mən qoymuşam…
“Mən bu ölkəyə nə pislik etmişəm ki?..”
– Həmin günlər sizə müxalifətdə olan Elçibəy, İsa Qəmbər, yaxud Etibar Məmmədov və s.  ilə əlaqə yaratmamışdınız ki?
-Xeyr…İşə baxın ki, martın 5-6-da mənim hakimiyyətdən getməyimə əl çalan deputatlar,  mayın 14-də də qayıtmağıma əl çaldılar… Mən bu ölkəyə nə pislik etmişəm ki? Heç nə. Hamı ilə ehtiyatla davranmışam. Çünki bilirdim ki, Azərbaycandakı daxili çəkişmələrdən istifadə edən xarici qüvvələr ölkədə hər cür təxribat törədə bilərlər. 1993-cü ilin iyunundan oktyabrınadək 6 rayon işğal edilmişdi. O zaman düşmənlərimiz nədən istifadə etdilər? Azərbaycan daxilindəki qarşıdurmalardan…
“Mən  beynəlxalq  təşkilatlara, Qərbə müraciət edə bilərdim…” 
 
-Sizin  əleyhdarlarınız belə bir arqumenti də ortalığa qoyurlar ki, siz  Moskvanın adamı deyildinizsə, nəyə görə başqa bir dövlətin başçısı olanYeltsinlə əlaqə yaratmağa çalışırdınız.  Niyə onun tabeliyində olan general Şerbaka müraciət edirdiniz? 
– O mənim şəxsi işim idi… Bilirsiz, əslində mən 1995-ci ilədək silahlı yolla hakimiyyətdən kənarlaşdırılmış qanuni prezident olmuşam… Hüquqi-nöqteyi nəzərdən… Bununla bağlı beynəlxalq təşkilatlara da, müxtəlif Qərb ölkələrinə də  müraciət edə bilərdim. Ancaq etmədim…

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın