Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Sosial / Marşrut avtobuslarında sərnişinlərdən məsafədən olmayaraq 40 qəpik niyə tələb edilir?

Marşrut avtobuslarında sərnişinlərdən məsafədən olmayaraq 40 qəpik niyə tələb edilir?

Vətəndaşlar son dövrlər xüsusilə şəhərətrafı ərazilərdə sərnişindaşıma xidməti göstərən avtobuslardan şikayət edirlər. Ödənişin kart sistemi ilə olunduğu bir sıra marşrut xətlərində sərnişinlər getdiyi məsafədən asılı olmayaraq 40 və yaxud da 50 qəpik ödəmək məcburiyətində qalırlar. Nağd ödənişli avtobuslarda isə ödənişlə bağlı sürücü və sərnişinlər arasında narazılıq yaşanır.

Mövzu ilə bağlı Pravda.az-ın sorğusunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev cavablandırıb.

M.Ağayev kart sistemi ilə işləyən marşrut xətləri barədə qeyd edib ki, qəsəbə daxilində sərnişindaşımanın təkmilləşdirmək, eyni zamanda sərnişinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün alternativ marşrut xətləri bərpa edilir: “Misal üçün 160 nömrəli marşrut xəttinin kart sisteminə keçməsi ilə 190 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib və gediş haqqı Tarif şurasının müvafiq qərarına əsasən, 30 qəpik müəyyən olunub. Sərnişinlər qəsəbədaxili səfərlərini 160 nömrəli deyil, 190 nömrəli marşrut xətti ilə həyata keçirə bilərlər”.

Qurum rəsmisi 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücülərinin sərnişinlərdən məsafədən asılı olmayaraq 40 qəpik tələb etməsinə də münasibət bildirib: “Sürücü ilə sərnişinlər arasında ən çox problem yaşanan marşrut xətlərindən biri 214 nömrəli marşrut xəttidir. Bu istiqamətdə bir sıra problemlərin olduğu məlumdur. Vətəndaşlar tərəfindən daha çox şikayət olunan marşrut xətləri siyahısında 214 nömrəli müntəzəm marşrut xəttinin də adı keçir. Bu marşrut xətt “Ayşən” LTD-nin müvəqqəti istismarındadır. Həmin marşrut xətti üzrə daşıyıcıya qısa vaxt ərzində çatışmazlıqların aradan qaldırılması ilə tapşırıqlar verilib. Çatışmazlıqlar isə əsasən sürücü davranışları, avtobusların vəziyyəti, sərnişindaşıma tələblərinin mütəmadi pozulması, ümumilikdə isə xidmət səviyyəsinin aşağı olması ilə bağlıdır. Bu məsələnin həllini tapması üçün daşıyıcıya nöqsanları aradan qaldırmaq tapşırılıb. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, həmin marşrut xəttinin istismarının digər daşıyıcıya həvalə olunması üçün 214 nömrəli marşrut xəti müsabiqəyə çıxarılacaq”.

Qeyd: İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərə əsasən, şəhərətrafı və qəsəbələrarası marşrut xətləri üzrə gediş haqqı məsafə 15 km-dək olduqda 30, 15 km-dən 30 km-dək olduqda 40, 30 km-dən 40 km-dək olduqda isə 50 qəpik müəyyən edilib.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …