Ana səhifə / Sosial / “Maliyyə durumumuz çox ağırdır, iki il yarımdır ki, həbsdəyəm” – Eldar Mahmudovun keçmiş işçisi

“Maliyyə durumumuz çox ağırdır, iki il yarımdır ki, həbsdəyəm” – Eldar Mahmudovun keçmiş işçisi

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Azər Mehdiyevin vəkili Qubad Salayevin vəfat etməsi ilə əlaqədar hakim yeni vəkilin işə qatılması üçün Azər Mehdiyevə müraciət edib.

Azər Mehdiyev deyib ki, yeni vəkil tutması üçün ailə üzvləri danışıqlar aparır: “Bizim müəyyən çətinliklərimiz var. Maliyyə durumumuz çox ağırdır. İki il yarımdır ki, həbsdəyəm. Ailənin yeganə gəlir gətirəni mən olmuşam”.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin vəkil tuta bilməməsi maliyyə vəziyyəti ilə bağlıdırsa, ona dövlət tərəfindən vəkil təyin oluna bilər. Hakim qeyd edib ki, dövlət hesabına vəkil təyin olunması üçün 17 saylı hüquq məsləhətxanasına müraciət edilib.

Buna cavab almaq üçün prosesdə fasilə elan olunub.

Fasilədən sonra 17 saylı hüquq məsləhətxanasından Azər Mehdiyevi müdafiə etmək üçün məhkəməyə yeni vəkil göndərib.

Yeni təyin olunan vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses növbəti aprelin 19-dək təxirə salınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. Prosesdə təqsirləndirilən şəxslərin hərbi rütbəsinin geri alınması ilə bağlı ölkə başçısına müraciət olunmasına dair qərar qəbul olunub.

Məhkəmə DTX-nın təqsirləndirilən şəxslərə qarşı 7 milyon manata yaxın mülki iddiasını təmin edib. Onların əmlakları dövlətin xeyrinə müsadirə olunması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbələrinin alınması və əmlaklarının zərərçəkənin xeyrinə müsadirə edilməsini, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəyib.

Prokuror DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib.

Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …