Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Sosial / Maddi çətinlik ucbatından ali təhsildən məhrum olan tələbələr: Təhsil kreditləri niyə verilmir?

Maddi çətinlik ucbatından ali təhsildən məhrum olan tələbələr: Təhsil kreditləri niyə verilmir?

Maddi çətinliyi ucbatından magistr təhsilindən imtina edən tələbələrin problemi növbəti dəfə gündəmə gətirilib. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı sosial şəbəkə hesabında 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün qəbul olunduğu magistr dərəcəsindən imtina etdiyini paylaşıb: “İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib, nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün… İçim yanır!”

Daha  sonra “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bunun ciddi problem olduğuna diqqət çəkib: “Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir. Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. Universitetlər də belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər. Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxslər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd, etinasız olmuşuq?!”

Qarşıdan Qurban bayramının yaxınlaşdığını qeyd edən baş redaktor imkanlı, inanclı şəxslərə müraciət edib:“Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O, “qoyunları sıraya düzüb, cənnətə yol axtarınca” bu tələbələri sevindirib, savab qazanın! Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır! Buyurun zənginlərimiz!  Qurbanlarınız mübarək!”

Qeyd edək ki, bu problemdən çıxış yolu kimi təhsil kreditlərinin verilməsi göstərilir. 

Təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında bildirdi ki, dünyanın əksər ölkələrində təhsil kreditləşməsini tətbiq edirlər: “İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır. Onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır”. 

Ekspert vurğuladı ki, bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır: “Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur: 1-2 faiz… Ümumiyyətlə tələbə kreditləri konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir. Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxslər potensial problem kreditora çevrilir”. 

K.Əsədovun sözlərinə görə, Azərbaycanda hal hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil: “YeganəMaarifçi krediti”dir. O da özəldir və büdcəsi yoxdur. Hazırda dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni, Milli qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I, II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir ki, bu da kredit deyil”. 

Ekspert vurğuladı ki, özəl banklar tərəfindən istehlak krediti formatında tələbələrə verilən kreditlər sadəcə olaraq, reklam və cəlbedicilik üçündür: “Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Hətta qardaş Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibdirlər. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə “Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlərə ictimai nəqliyyatda və sair yerlərdə endirimlər daxildir. Təəssüf ki, həyata keçirilən belə tədbirlər regionlarda yerləşən ali məktəb, peşə-ixtisas təhsili məktəblərinə şamil edilmir. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Amma Bakıda universitet tələbələrinə şamil ediləcək  belə layihələr azdır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım olar. Çünki tələbələr maddi baxımdan elə də təminatlı deyillər”.

Həmçinin oxuyun

Məktəblərdə koronavirusla bağlı bu günə olan vəziyyət: 10 şagird yoluxdu

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb. Məlumata görə, sentyabrın 22-də 36 şagirddə …