Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Mən heç vaxt ermənilərdən üzr istəməmişəm” – Araz Əlizadə

“Mən heç vaxt ermənilərdən üzr istəməmişəm” – Araz Əlizadə

Sosialist İnternasionalının (“Sosintern”) 25-ci yubiley qurultayında “Daşnaksütun” partiyasının sədri Mario Nalbandyan Azərbaycanın Sosial Demokrat Partiyasının quruma üzv olmasına qarşı olduğunu bəyan edib. M.Nalbandyan mövqeyini Azərbaycanın sosial demokratlarının onu “təhqir” etməsi ilə əlaqələndirib:

“Bu partiyanın nümayəndələrinin “Sosintern”in Cenevrədə keçirilən Məsləhət Şurasının iclasında bizi Xocalı Soyqırımını törətməkdə ittiham etdiyini nəzərə alsaq, mən Azərbaycan Sosial Demokrat Partiyasına quruma tamhüquqlu üzv statusunun verilməsinə qarşıyam”.

Ermənilərin Rusiyada dərc olunan qəzeti “Yekramas”ın xəbərində iddia edilib ki, Azərbaycan Sosial Demokrat Partiyasının iclasda iştirak edən nümayəndə heyətinin M.Nalbandyandan üzr istəməsindən sonra partiya quruma tamhüquqlu üzv kimi qəbul edilib.

İclasda iştirak edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə AzVision.az-a açıqlamasında bu xəbəri təkzib edib.Partiya sədri bildirib ki, o, heç vaxt ermənilərdən üzr istəməyib.

A.Əlizadə baş verənləri belə izah edib: ““Sosintern”nin Cenevrədə keçirilən toplantısında partiyamızın beynəlxalq katibi Səməd Əlizadə çıxış edərək sübut etdi ki, Ermənistan dövləti Azərbaycan torpaqlarında yaranıb. O zaman Mario Nalbandyan çıxışında dedi ki, bunu təsdiq edə biləcək heç bir sənəd yoxdur. Səməd Əlizadə isə sənədlərin surətini ona təqdim etdi. Ancaq, o, bundan imtina etdi. Bu halda Səməd Əlizadə sənədləri onun masasının üzərinə qoydu. Dedi ki, siz əla bilirsiniz ki, belə bir sənəd var. Bunu sizin keçmiş rəhbərləriniz imzalayıb. Əlavə etdi ki, Ermənistan dövləti ilk dəfə 1918-ci ildə İrəvan quberniyasında yaranıb.

Bu hadisədən sonra bir neçə dəfə toplantılarımız olub. Ancaq, ermənilər susurdu. Yalnız, 25-ci konqresdə birdən-birə Mario Nalbandyan təklif etdi ki, Azərbaycanın təşkilatdakı statusu azaldılsın. Səbəb kimi isə bizim onları “təhqir” etməyimizi göstərdi. Onun təklifini heç kim dəstəkləmədi. Biz belə bir bəyanat verdik ki, Mario Nalbandyan Batumi sazişinin olub-olmadığını şübhə altına aldığından həmin sazişin surətini ona təqdim etmişik. Yəni, heç kim heç kimi təhqir etməyib, stolunun üstünə sənədlər atmayıb”.

A.Əlizadə qeyd edib ki, hamı kimi ermənilərin də qurumda yalnız bir səsi olduğundan onların Azərbaycanın bu quruma tamhüquqlu üzv olmasına maneə olma imkanı yoxdur: “Martın 2-də keçirilən iclasdakı hadisədən sonra ermənilər belə bir ideya ortaya atdılar ki, guya biz Mario Nalbandyandan üzr istədikdən sonra quruma tamhüquqlu üzv olmuşuq. İclasda ermənilər təklif etdilər ki, bizim statusumuz artmasın. Belə bir şey mümkün deyil. Bizim statusumuz çoxdan artıb. Biz 1 ildən artıqdır ki, “Sosintern”in tamhüquqlu üzvüyük. Ermənilər bizə heç bir halda təsir edə bilməzlər. Ümumiyyətlə, belə bir şey yoxdur ki, kimsə kiminsə qarşısını alsın. Amma biz bir neçə dəfə onların fəaliyyətini məhdudlaşdırmışıq və öz nizamnamələrində dəyişiklik ediblər. Ermənilər öz fiaskolarının hesabını bizə yazmağa cəhd edərək guya onlardan üzr istədiyimizi deyirlər. Nəyə görə üzr istəməli idik axı? Ümumiyyətlə, etmədiyim bir hərəkətə görə ölsəm də heç kəsdən üzr istəmərəm. Xüsusən də ermənilərdən. Nə Araz Əlizadə, nə də Səməd Əlizadə heç vaxt ermənilərdən üzr istəməyib. Sadəcə, Səməd Əlizadə narazılıq yaranmasın deyə Mario Nalbandyanla bir-birlərinin əlini sıxıblar.

Bununla belə qeyd edim ki, həmin konqresdə Mario Nalbandyan Türkiyəyə qarşı kəskin çıxış etdi. Türkiyəni kürd məsələsinin, Azərbaycanı isə Qarabağ məsələsinin həllində “qeyri-konstruktiv” mövqe tutmaqda ittiham etdi. Bu, əslində 25-ci yubiley toplantısı idi. Səməd Əlizadə ona cavab verdi. Bu çıxışdan sonra qərara gəldik ki, ona cavabı mən verim. Çıxışımda başa saldım ki, xalqların öz müqəddəratını təyin etmək hüququ burada heç bir rol oynamır. Ərazi bütövlüyü birinci yerdədir. Ermənilər öz müqəddəratlarını həll ediblər və onların Azərbaycan torpaqlarında Ermənistan respublikası var. Məsələ burasındadır ki, 120 min erməni öz müqəddəratını həll edəndə 1 milyon azərbaycanlı qaçqın düşüb. Heç bir zaman beynəlxalq hüquqda belə hala ola bilməz”.

Partiya sədri bu hadisədən sonra “Sosintern”nin baş katibi Luis Ayalaya məktub yazdığı əlavə edib: “Məktubda qeyd etmişik ki, “Cenevrədə Sosialist İnternasionalının Məsləhət Şurasında Səməd Əlizadə ilk dəfə səndələrlə sübut etdi ki, Ermənistan Azərbaycan torpaqlarında yaranıb. Nalbandyan bunu şübhə altına aldı. Sübut kimi Səməd Əlizadə həmin sənədləri onun masasının üzərinə qoydu. Əgər Nalbandyan bunu təhqir kimi başa düşübsə, biz öz məyusluğumuzu bildiririk”. Bunu ermənilər üzr istəmək kimi başa düşürlərsə, öz işləridir. Amma biz ermənilərdən üzr istəməmişik”.

A.Əlizadə hesab edir ki, ermənilərin “üzr istəmə” məsələsini qabartması apreldə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədardır: “Aprelin əvvəlində Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkidə onlar ucuz şöhrət qazanmaq naminə belə bir xəbər yayıblar ki, guya Azərbaycan sosial demokratları onlardan üzr istəyib. Qeyd etdiyim kimi bu məsələ Konqresədək ortaya çıxmamışdı. Halbuki, bundan sonra Kişinyovda Məsləhət Şurasının iclası keçirilmişdi. Bu, birmənalı şəkildə seçki ilə əlaqədardır. Ermənilər siyasi xal qazanmaq üçün bu məsələni ortaya atıblar”.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın