Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Mən çamadanam ki, hara gəldi göndərsinlər?!” – Mütəllibovdan Rəsul Quliyevə sərt cavab

“Mən çamadanam ki, hara gəldi göndərsinlər?!” – Mütəllibovdan Rəsul Quliyevə sərt cavab

Milli Məclisin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev 1995-ci ilin mart qiyamı, onun başlanma səbəbləri barədə danışıb. O, jurnalist Sevinc Osmanqızına müsahibəsində mart hadisəsinin 1994-cü ilin oktyabrındakı dövlət çevrilişinə cəhdin davamı olduğuna eyham vurub.

“1994-cü ilin oktyabrında da qiyam olmuşdu. Bu qiyamı həyata keçirən Surət Hüseynov oldu və onu təşkil edən ruslar idi. Ruslar yenidən Surət Hüseynov – Mütəllibov kartını ortalığa atmışdılar. Onları hakimiyyətə gətirmək yolu ilə kontraktın nəticələrinə (“Əsrin müqaviləsi”ni nəzərdə tutur-red.) yenidən baxmağa cəhd göstərmək istəyirdilər”-deyə Rəsul Quliyev bildirib.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.

“Mənim belə bir şeydən xəbərim olmayıb. Qətiyyən belə bir şey olmayıb. Rəsul Quliyevin dedikləri uydurma sözlərdir”-deyə eks-prezident söyləyib.

Ayaz Mütəllibov Rəsul Quliyevin mətbuatda tez-tez ona qarşı danışmasına da münasibətini açıqlayıb. Eks-prezidentin sözlərinə görə, Rəsul Quliyevin bu qərəzinin haradan qaynaqlandığını bilmir.

“Rəsul Quliyev müəyyən çıxışlarla öz-özünü həvəsləndirir. Amma mən onun səviyyəsinə enmək istəmirəm”.

Sabiq prezident daha sonra əlavə edib:

“Ümumiyyətlə, mənim adımı çəkmək dəb halını alıb. Hər dəfə mən özüm də mətbuatdan uzaqlaşıram. Kimsə nəyisə dilinə gətirirsə, bunun nəticəsini məndən soruşurlar. Belə də, süni şəkildə dialoq yaranır. Amma ortada da bir şey yoxdur. Rəsul Quliyev haradan bilib ki, mən o zaman Azərbaycana gəlməli idim?! Və ya Rusiya məni bura göndərəcək?! Mən çamadanam ki, hara gəldi göndərsinlər?! Ağıldankəm adamlar ağızlarına gələni danışırlar”.

Ayaz Mütəllibov onu da vurğulayıb ki, Rəsul Quliyevlə heç zaman görüşməyib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın