Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Məktəblərdə istilik yoxdur – sovetdənqalma 15 noyabr qərarı niyə ləğv olunmur?

Məktəblərdə istilik yoxdur – sovetdənqalma 15 noyabr qərarı niyə ləğv olunmur?

Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma yaşayış binalarına, müxtəlif təyinatlı obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Qeyd edək ki, bu sistem sovet vaxtından qalıb. Bu sistemin ləğv olunması ilə bağlı, istilik sisteminin havadan asılı olaraq işə salınması ilə bağlı təkliflər yenidən gündəmdədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı danışarkən deyib ki, Bakıda bəzi məktəb və 125 uşaq bağçasının istilik sistemində problemlər aşkarlanıb. O, payız-qış mövsümünə hazırlığa və məktəblərin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini vurğulayıb. O.Kərimov aparılan monitorinqlər nəticəsində bir çox məktəblərdə müəyyən problemlərin aşkar olunduğunu, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparıldığını və digərlərində hazırda müvafiq tədbirlərin davam etdirildiyini nəzərə çatdırıb. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlərin aşkarlandığını bildirən müdir müavini problemlərin aradan qaldırılması üçün zəruri işlərin görüldüyünü deyib.

Azərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq. “Azəristiliktəchizat” ASC-nin şöbə rəisi Xəqani Süleymanlı qeyd edib ki, istilik mövsümü üçün bütün zəruri tədbirlər görülüb. “Azəristiliktəchizat”ın “Azəriqaz”la arasında illərdir çözülməyən borc probleminə gəlincə, bildirilib ki, hər iki qurum arasında razılaşma əldə olunub. Xəqani Süleymanlı “Azəristiliktəchizat”da sayğaclaşma prosesinin icrasına yaxın vaxtlarda başlanacağını bildirib: “Bu əvvəlcə pilot layihə kimi yalnız obyektləri əhatə edəcək. Hələlik mənzillərin sayğaclaşdırılması nəzərdə tutulmur. Layihənin icrasından sonra kart sistemi ilə ödənişə başlanacaq”.

Lakin görünən odur ki,  verilən vədlərə baxmayaraq, istilik sistemində yenə problemlər yaşanacaq.

Нет описания фото.

Elvin Basqallı

 “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Müsavat”a bildirdi ki, istiliyin hava şəraitindən asılı olaraq verilməsi ilə bağlı mexanizmin hazırlanması gündəmdədir: “1 noyabr tarixlərində dağlıq ərazilər olan Şuşada 7, əlavə olaraq, 1 istilik məntəqəsi, Şabranda 6, Xaçmazda 8, Qubada 3, Qusarda 1,  Lerikdə 1 olmaqla, cəmi 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub. Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə salınacaq və istehlakçılar istilik enerjisi ilə təmin olunacaq”.

E.Basqallı həmçinin qeyd etdi ki, payız-qış mövsümü və  digər sosial təyinatlı obyektlərə istilik verilməsi qanunvericiliklə tənzimlənir: “Qanunvericilik isə bütün sosial təyinatlı obyektlərə, digər obyektlər və yaşayış binaları ilə yeni vaxtda istilik verilməsini nəzərdə tutur. Yəni Bakı şəhərində və dağətəyi olmayan ərazilərdə 15 noyabrda, dağlıq rayonlarda isə yaşayış və qeyri-yaşayış obyektlərinə istilik 1 noyabrdan veriləcək. Əlbəttə ki, istilik mövsümünün başlanması ilə bağlı mütərəqqi mexanizmlərin işlənməsi gündəmdədir. Ola bilər ki, xarici hava temperaturuna müvafiq olaraq müəyyən bir mexanizm hazırlana bilər ki, istilik mövsümü həmin mexanizmə əsasən müəyyənləşdirilə bilər, amma bu bir az uzunmüddətli bir layihədir. Mətbuatda və ictimaiyyət arasında istilik mövsümünün başlanma tarixi ilə bağlı bir neçə gündür müzakirələr gedir. Qeyd etmək istərdik ki, bütün dövlət qurumlarında, “Azəristiliktəchizat” ASC də daxil olmaqla, payız-qış mövsümü 15 noyabr tarixindən etibarən başlayır və bu qayda bütün dövlət qurumları üçün qanunvericiliklə istisnasız olaraq tətbiq edilir. Balansında qazanxanalar olan digər dövlət qurumları da mövsümə məhz 15 noyabr tarixindən başlayır. Onu da nəzərinizə çatdıraq ki, ölkədəki məktəblərin 6, bağçaların isə 8 faizi “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilir”.

Nüsrət Qasımov: “Gəncədəki partlayış təxribat ola bilməz”

 Nüsrət Qasımov 

Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov problemin ilk növbədə qanunvericiliklə bağlı olduğunu bildirdi: “Qanunvericiliyə görə, istilik noyabrın 15-dən verilməlidir. İstilik mövsümü başlamadan qar yağan ərazilər var. O ərazilərdə yaşayan abonentlər nə etməlidirlər?  İstilik şəbəkəsi dövlətin inhisarındadır. Lakin xətlər çox köhnədir, istismar müddəti bitib. Qazanxanalar suyu qızdırır, 8-10 kilometr məsafədə ötürürlər, o da məntəqələrə lazımi qaydada çatmır.  Başqa ölkələrdə havanın temperaturu ard-arda bir neçə gün aşağı düşürsə, istilik sistemi işə düşür. Evlərdə tənzimləyicilər var ki, abonentlər özləri istədiyi vaxt istiliyi açırlar. Amma bizdə hətta istilik mövsümü başladıqdan sonra da istiliyin verilməməsi ilə bağlı şikayətlər olur. Soyuq havada istilik təchizatı təmin olunmayan abonentlər  xidmət haqqını verməkdən haqlı olaraq imtina edir”.

Ekspert qeyd etdi ki, zamanla mərkəzləşmiş istilik sistemi tarixə qovuşacaq: “Boruların istismar müddəti 30-33  ildir, artıq çürüyüblər.  İntensiv nəqliyyat  faktorunu nəzərə alsaq, sistemi tamamilə yeniləmək qeyri-mümkündür. Fikir vermisinizsə, qış aylarında kanalizasiya “lyuk”larından buxar çıxır. Bu da o deməkdir ki, sistemdə sızmalar var. Qazanxanaları dəyişmək mümkün deyil. Mərkəzləşdirilmiş istilik sistemi tarixə qovuşacaq. Çətinliklərlə qarşılaşmamaq üçün ən uyğun yol kombi sistemidir ki, həm isti su, həm də istilik almaq olar, abonentlər də sərfiyyata uyğun xidmət haqqını ödəyirlər”.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …